Modern.az

Bişkekdə kəsilən atəş: Azərbaycan hansı protokolu imzalayıb?

Bişkekdə kəsilən atəş: Azərbaycan hansı protokolu imzalayıb?

12 May 2011, 16:34

Keçmiş dövlət müşaviri: “Biz tamam başqa sənədə imza atmışıq”

Bu gün Ermənistanla Azərbaycan arasında atəşkəslə bağlı imzalanmış Bişkek protokolunun 17 –ci ildönümüdür. Bu sənəd hazırda erməni tərəfinin əlində siyasi alver predmetiinə çevrilib. Erməni siyasətçiləri və politoloqları bir ağızadan bu protokola istinad edərək guya Azərbaycanın qondarma “Dağlıq Qarabağ Respublikası”nı danışıqlarda bərabərhüquqlu tərəf kimi tanıdıqlarını iddia edirlər. Bəs əsl həqiqət necə olub?
Modern.az 1993-1995-ci illərdə Azərbaycan Prezidenti Heydər Əliyevin beynəlxalq məsələlər üzrə müşaviri olmuş Qabil Hüseynlidən Bişkek Protokolu ilə bağlı bəzi məqamları aydınlaşdırmağı xahiş edib. Dövlət müşaviri olan Q.Hüseynli həmin vaxt proseslərin içində olub.

Q. Hüseynlinin sözlərinə görə, Bişkek sazişi atəşkəs rejiminin yaradılması üçün imzalanmış hüquqi –siyasi sənəd idi və Azərbaycan bu sənədə imza atmaq istəyirdi.

“Çünki Azərbaycan arıq Rusiyanın ciddi dəstəyi ilə hərbi əməliyyatalar aparan ermənilərə qarşə dayana bilmirdi. Ermənilərin maksimum məqsədi Daqğlıq Qarabağ ətrafında təhlükəsiz bufer zonası yaratmaq idi. Bundan əlavə, ermənilərin daha ciddi niyyətlərindən biri Yevlaxı ələ keşirmək, Murovdan enərək Gəncəyə girmək və bu hissəni Bakıdan ayırmaq idi. Çox təhlükəli vəziyyət yaranmışdı və Azərbaycan Rusiyanın təklif etdiyi atəşkəsə razılıq verdi”-deyə politoloq vurğulayıb.  
Q.Hüseynlinin sözlərinə görə, sülh sazişinin vacibliyini Moskva da gözəl başa düşürdü.
“Ruslar görürdülər ki, vəziyyət ənadəzədən çıxır. Çünki ermənilərin daha bir neçə rayonu tutmasını dünya qəbul etməyəcəkdi və Ermənistanı işğalçı elan edəcəkdilər. Bundan sonra Rusiya guya, vasitəçilik təklifini irəli sürdü. Və atəşkəs sənədinin Bişkekdə imzalanmasını təklif etdi”.

Mərhum prezident Heydər Əliyev atəşkəslə bağlı sənədi imzalamaq üçün Bişkekə Ali Sovetin sədrinin birinci müavini mərhum Afiyəddin Cəlilovu göndərir. Qırğızıstanın paytaxıtna gələn A.Cəlilov burada gözlənilməz vəziyyətlə qarşılaşır. Onu burada ruslarla yanaşı, Dağlıq Qarabağ erməniləri qarşılayır. Bişkekdə A.Cəlilova deyirlər ki, atəşkəs protokoluna “Dağlıq Qarabağ Respublikası” adından da imza atılmalıdır. Dərhal Bakıya zəng vuran vitse-spiker vəziyyət barədə Heydər Əliyevə xəbər verir. Prezident onu Bişkeki tərk edərək Bakıya qayıtmağa çağırır.  

“A.Cəlilov Bakıya zəng edərək bildirdi ki, atəşkəs haqqında sənədi imzalamaq üçün qondarma “DQR” nümayəndələri də Bişkekə gəlib. Heydər Əliyev məsləhətləşmələrdən sonra A.Cəlilova Bakıya qayıtmağı tapşırdı”-deyə Q.Hüseynli bildirib.

Cəlilov Bişkeki tərk edəndən sonra Rusiyanın Minsk Qrupundakı həmsədri Kazimirov Bakıya gəlir.
“Bakıda görüş zamanı  Heydər Əliyev ona dedi ki, atəşkəs haqqında sənəddən “DQR” ifadəsi  çıxarılmalı və ora erməni və Azərbaycan icmasının nümayəndələrinin adı salınmalıdır. Kazimirov dərhal razılaşdı. Qərara alındı ki 3 nüsxədə-erməni rus və Azərbaycan dilində hazıralanan sənəddə Azərbaycan Prezidentinin təkidli tələbi ilə qondarma “DQR” sözü çıxarılsın və sənədə “erməni və azərbaycanlı icmaları” ifadəsi salınsın. Bundan sonra ekspertlərin iştirakı ilə protoklun üç nüsxədə tərtib edildi. Xatırlayıram ki, Heydər Əliyevin təkidli tələbindən sonra Kazimirov Azərbaycan tərəfinin düzəliş etdiyi sənədin hüquqi qüvvəsinin olduğuna dair imza da atdı. Bundan sonra Milli Məclisin sədri Rəsul Quliyev Bişkekə gedərək sənədi imzaladı. Onunla yanaşı, bu sənədi Azərbaycan icması adından Şuşa şəhər İcra Hakimiyyətinin başçıss Nizami Bəhmənov imzalayıb”-deyə Q.Hüseynli vurğulayıb.

Keçmiş dövlət müşavirinin sözlərinə görə, indi ermənilərin bizim tərəfdən guya “DQR”in tanınması ilə bağlı iddiaları yersizdir.
“Yəqin ki, onlar protokolun ilk varianıtına əsaslanıb belə mənasız iddia irəli sürürlər. Halbuki, rəsmi Bakı protokolun ilkin variantını imzalamaqdan imtina edib. Orada Azərbaycan tərəfinin imzası yoxdur. Biz yalnız “erməni və azərbaycan icmasının nümayəndələri” olan sənədləri imzalamışıq”-deyə politoloq vurğulayıb.

Q. Hüseynli qeyd edib ki, Rusiyalı həmsədr Vladimir Kazimirov Bakıda olarkən sənədlərin hər üç variantını Bakıya göndərəcəyini vəd etsə də, 1995-ci ilə qədər bu sənədlər Bakıya göndərilməyib.
“Mənim ondan sonra bu sənədlərin bizə göndərilib-göndərilmədiyindən məlumatım yoxdur” –deyə Q.Hüseynli vurğulayıb.

Qarabağ müharibəsi vaxtı cəbhə bölgəsində atəşkəsi nəzərdə tutan sənəd olan Bişkek protokolu 1994-cü ilin mayında imzalanıb. Sənədə Ermənistan və Azərbaycanın parlament sədrləri, həmçinin Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının rəhbərləri imza atıb.

Azərbaycan tərəfi sənədə iki əlavə ilə imza atmışdı. Bişkek protokolunun 5-ci abzasında "tutulmuş ərazilər" sözü "işğal olunmuş ərazilər"lə əvəzlənmiş və atəşkəsdən sonra cəbhə xəttində yerləşdiriləcək müşahidəçilərin isə "beynəlxalq müşahidəçilər missiyası" olması qeyd olunmuşdu.

Xaqani Səfəroğlu

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?