Modern.az

Bakıda siçan və siçovullar artıb - “JEK”lərsə problemə baş qoşmaq istəmir - RƏSMİ  

Bakıda siçan və siçovullar artıb - “JEK”lərsə problemə baş qoşmaq istəmir - RƏSMİ   

Hadisə

11 İyul 2017, 11:21

Bakının müxtəlif rayonlarında sakinlər mənzillərə yol tapan siçan və siçovulların artmasından şikayətçidirlər. Qeyd olunur ki, köhnə binaların zirzəmilərində, zibilliklərdə və antisanitariyanın hökm sürdüyü digər yerlərdə məskunlaşan gəmiricilər mənzillərə soxulmağa başlayıblar.

Ümumiyyətlə, müşahidələr əsasında şəhərdə siçan və siçovulların artdığı bildirilir. Maraqlıdır, Bakıda gəmiricilərlə mübarizə üçün hər hansı tədbir görülürmü?

Modern.az saytı məsələni aydınlaşdırmaq üçün Respublika Dezinfeksiya Mərkəzi ilə əlaqə yaradıb. Mərkəz əməkdaşının sözlərinə görə, hazırda gəmiricilərə qarşı deratizasiya tədbirləri aparılır. Lakin yalnız müqavilə olduğu halda bu mümkündür:

“Səhiyyə və təhsil müəssisələri məcburi şəkildə bizim MMC-lərlə müqavilə bağlayır. Bu müqavilədə göstərilən müddət əsasında ayda iki və ya üç dəfə həmin ərazilərdə deratizasiya tədbirləri aparılır. Bundan başqa hansısa müəssisə və ya təşkilat istəyərsə, eynilə bizimlə müqavilə bağlanılır və tədbirlər görülür.

Təqribən üç-dörd il bundan qabaq “JEK”lər də bizim MMC-lərlə müqavilə bağlayırdı. Tutaq ki, Nizami rayonunun “JEK”i həmin ərazidə yerləşən dezinfeksiya şöbəmizlə müqavilə imzalayırdı. Nəticə olaraq Nizami rayonunda yerləşən bütün binalarda, yaşayış yerlərində deratizasiya və dezinfeksiya tədbirləri görürdük. “JEK”lər də buna görə müəyyən məbləğ ödəməli olurdu. Hazırda biz dövlət müəssisəsi olsaq da, “JEK”lər bizimlə müqavilə bağlamır. Dəfələrlə məktubla müraciət etsək də, müsbət cavab ala bilməmişik. Yəqin ki, hansısa maraqlar səbəbindən özəl müəssisələrlə işləməyə üstünlük verirlər. Bu da effekt vermir”.
 

Respublika Dezinfeksiya Mərkəzinin əməkdaşı qeyd edib ki, siçan və siçovuların artmasından narazı olan sakinlər tez-tez mərkəzə müraciət edirlər:

“Sakinlərdən bizə şikayətlər daxil olsa da, təsərrüfat birlikləri ilə müqavilə olmadan hər hansı tədbir görə bilmərik. Bu səbəbdən bunu sakinlərə izah edib rayon üzrə təsərrüfat şöbəsinin nömrəsini verərək, onlara yönləndiririk. Hansısa bina sakini fərdi olaraq “JEK”lərlə müqavilə bağlaya bilir. Bu zaman “JEK” işçiləri siçan və siçovullarla mübarizə üçün ərazini dərmanlayırlar”.


Mərkəz əməkdaşı həmçinin siçan və siçovulların artma səbəbi kimi antisanitar şəraitlə yanaşı, isti havaların da buna səbəb olduğunu vurğulayıb.


Günay RƏSULQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!