Modern.az

AzTV-nin “Ovqat” proqramından doğan təəssürat

AzTV-nin “Ovqat” proqramından doğan təəssürat

11 İyul 2017, 11:32

Cahangir Məmmədli


Azərbaycan teleməkanın səhər proqramları içərisində AzTV-nin «Ovqat»ı tamaşaçı diqqətini xüsusi cəlb edən bir formatdır. Tamaşaçının bu formata marağını şərtləndirən bir sıra faktor var. Bu faktorlar sırasında əlbəttə, ilk sırada proqramın ssenari planı, aparıcı peşəkarlığı, dəvət olunan qonaqların ictimai maraq kəsb etməsi kimi məsələlər dayanır. «Ovqat» yarandığı ilk çağlardan bu günə qədər qeyd etdiyimiz bu peşəkarlıq məqamlarını qorumaqdadır. Televiziyanın bu proqramı ətrafında  mənim bir tamaşaçı və televiziyanın mətbəxinə az-çox bələd olan bir adam kimi həmişə düşüncələrim olub. Amma mən bu yazımda «Ovqat»ın iyulun 9-da efirə gedən buraxılışı üzərində dayanmaq isərdim. Çünki, proqramın həmin buraxılışı bütövlükdə «Ovqat»ın pəşəkarlıq keyfiyyətinin bir sıra faktlarının tipik göstəriciləri kimi maraqlı oldu.


Əlbəttə, mən ilk növbədə proqramın aparıcısı və dəvət olunmuş qonağın dialoqu üzərində dayanmaq istrədim. Bu yerdə mənim bu söhbəti «dialoq» kimi qiymətləndirməyim təəccüb doğura bilər. Ona görə də mən əvvəlcədən indiki kontekstdə bu sözün xeyli dərəcədə obrazlı olduğunu bildirmək istərdim. Proqrama dəvət olunan xalq artisti Nurəddin Mehdixanlı ilə proqramın aparıcısı Nəcibə xanım Əlixanovanın söhbəti şəxsən mənə dialoq təsiri bağışladı. Çünki Nəcibə xanımın adi görünə biləcək bütün suallarında qoyulan problemə öz münasibəti də hiss olunmaqda idi. Jurnalistikada format nəzəriyyəsini az-çox bilənlər belə bir cəhətə irad tuta bilərlər: belə proqram formatlarında aparıcı ancaq suallarla işləməlidir! Amma «Ovqat»ın mahiyyəti «ancaq suallarla işləməyi» qəbul etmir. Aparıcı Nəcibə Əlixanova bütün məqamlarda tamaşaçıya işləyir və həmin o məqamların hamısında müxtəlif şəkillərdə - birbaşa suallardan tutmuş qonağın cavabları anlarında- yəni onu dinləyərkən meydana qoyduğu jestlərə, mimikalara, diqqət kəsilmək məqamlarına, təəccüb və qiymətləndirmə anlarına qədər hər məqamda həm də tamaşaçı fikrini, tamaşaçı qiymətləndirməsini ifadə etməkdədir.


Amma bu tip proqramların uğrunu təmin edən faktlar sırasında dəvət olunmuş qonağın ictimai rəydə yeri, bütövlükdə bir şəxsiyyət kimi ictimai maraq kəsb etməsi, ictimai və şəxsi həyatının məntiqi uyğunluğu, özəl həyatının ibrətamiz hekayəti kimi məsələlər olmalıdır. Azərbaycanın xalq artisti Nurəddin Mehdixanlı sadaladığımız bu keyfiyyətlərə və üstəgəl yaradıcılıq yolunun daha neçə-neçə nümunə olacaq faktına sahib maraqlı bir şəxsiyyətdir. Bunu hamı bilirmi? Yəqin bu suala birmənalı cavab vermək çətindir. Nurəddin Mehdixanlını teatr tamaşaçıları bir aktyor kimi tanıyır. Amma etiraf edək ki, teatrın ən dəbdə olan vaxtlarında belə onun tamaşalarının sayını televiziya tamaşaçılarının sayı ilə müqayisəyə cəhdin özü belə absurd olardı. Azərbaycan televiziyasının «Ovqat» proqramı bu faktdan çıxış edərək dəvət etdiyi qonağın cəmiyyətə o qədər də tanış olmayan, amma hər kəsin bilməsinə ehtiyacı olan məqamlarını üzə çıxarmaq, ləyaqətli ictimai və sənət adamlarının ömür yoluna onun öz baxışı ilə nəzər salmaq və bütün bunların fonunda maarifçilik funksiyasına xidmət etmək missiyası daşımaqdadır.


Teletamaşaçı «Ovqat»ın bu proqramında Nurəddin Mehdixanlını xeyli dərindən tanıya bildi. Aydın oldu ki, Nurəddin Mehdixanlı təkcə oynadığı obrazlarda deyil, ümumiyyətlə emosional bir adamdır. Onun öz söhbətlərindəki bütün anlarda emosionallığı bu dəfə tamaşaçını dediklərinə daha çox inandırmaq istəyinə xidmət edən təbii bir vasitə oldu.    


Sənətə, teatra, aktyor dünyasına az-çox bələd olan hər kəs Nurəddin Mehdixanlını çox maraqlı bir sənət nəzəriyyəçisi kimi yenidən tanıdı. Aktyorun obrazlar aləminə yaradıcı münasibəti, sənətin bir çox sahələri üzrə müqayisələri çox inandırıcı və yeni göründü. Həm də onun bu nəzəri söhbətləri quru nəzəriyyə deyildi. Proqramın hər suala cavab anında bu nəzəri fikirləri doğruldan və aktyorun öz yaradıcılıq faktlarından efirə çıxardığı illüstrativ səhnələr sənətkarın hər sözünə haqq qazandırırdı.


Tamaşaçı bu proqramda Nurəddin Mehdixanlını çox səmimi bir insan kimi kəşf etdi. Şərəfli bir ömür yolu küçən, Azərbaycan teatr mühitində özünün ləyaqətli yerini çoxdan tutmuş bu sənətkar hər kəlməsində “bircə ondan razıyam ki, özümdən narazıyam” (B.Vahabzadə) prinsipindən çıxış edirdi. Aparıcının bu gün özünüzü hansı mərhələdə hiss edirsiniz? kimi bir sualına aktyorun cavabı özündən müştəbeh hər kəsə bir örnək ola bilər. Bu məqamda Azərbaycanın görkəmli aktyorunun fikirləri dünyaca görkəmli rus aktyoru M.Ulyanovun bir fikri ilə üst-üstə düşdü: Xeyli illər bundan əvvəl ORT-də aparıcının “bu qədər məşhur olmağınıza necə qiymət verərdiniz?” sualına cavabında: “Bu yaxınlarda iki yaşlı qadının məhəllədə söhbətlərinə qulaq asdım. Onlar məşhur və klassik rus aktyorlarından danışırdılar və təxminən əlli il bundan əvvəl yaşamış o aktyorların hər dəfə adını çəkəndə “yadındamı?” sualı ilə başlayırdılar. Bax, əlli ildən sonra kimsə bizi də xatırlayıb adımızı “yadındamı?” sualı ilə çəksələr, onda deyərəm ki, həə, mən də haçansa sənətkar olmuşam”.


Nurəddin Mehdixanlı söhbətinin bütün məqamlarında klassik aktyorları xatırladır, onlardan dərs aldığını deyirdi. Və bütün məqamlarda Xalq artisti, böyük sənətkar Adil İskəndərovun sənət dünyasını, müəllim böyüklüyünü, insanlıq keyfiyyətini ortaya qoyurdu. Mən xeyli dərəcədə yaxından tanıdığım ünlü rejissorumuz Xamis Muradovdan Adil İskəndərov haqqında zəngin və unudulmaz bilgilər almışam. Nurəddin Mehdixanlı bu bilgilərimi zənginləşdirməklə onun simasında müəllimin insan həyatındakı yerini çox maraqlı faktlarla tamaşaçıya çatdırdı.


Belə bir cəhəti qeyd etmək istərdim ki, “Ovqat” proqramı həmişə ciddi peşəkarlıqla hazırlanır. Bu proqramın hər birində aparıcının yeni əlavələri “Ovqat”ın daha maraqlı çıxmasına xidmət edir. Bu dəfəki “əlavə” musiqiçilərlə bağlı oldu. Biz, adətən, çox vaxt Gülyanaq və Gülyaz bacılarını hər hansı bir proqramda bir yerdə görməyə adət etmişik və qeyd edim ki, bu sənətkar bacıları Azərbaycanın sənətsevərləri yüksək qiymətləndirir. Bu dəfəki proqrama əvvəlcə Gülyanaq xanım öz sənət dostları ilə birgə çıxmışdı. Nə gizlədim, bir tamaşaçı kimi mən də bacıların bir yerdə olmadığından təəssüf hissi keçirirdim. Və ... birdən aparıcı Gülyaz xanımın da proqrama qonaq gəldiyini elan etdi və bu müğənni xanım Nurəddin Mehdixanlı haqqında çox qiymətli bir monoloqdan sonra mahnıya keçid aldı. Bu andan azca əvvəl Nurəddin Mehdixanlı ömür hekayətini danışır, insan ömrünün mənalılıq  prinsipləri barədə ibrətamiz fikirlər deyirdi. Studiyaya təzəcə qədəm qoymuş Gülyaz xanım aktyorun bir az kövrək, bir az nikbin bu fikirlərini tamamlayan çox lirik bir mahnı ifa etdi. Proqramın ümumi ovqatına yaraşan bu mahnı tamaşaçını duyğulandırdı və mən elə bu sətirlərlə ünlü müğənnilərimizə - Gülyanaq və Gülyaz bacılarına hər şeyə görə - aldıqları ciddi tərbiyə məktəbinə görə, sənətkarlıq səviyyələrinə görə öz təşəkkürümü bildirirəm.


Nəcibə xanımın suallarından doğan cavablarında Nurəddin müəllimin Vətən, millət, bayraq sevgisi bizi də təsirləndirdi və onun bu andakı söhbətləri Azərbaycan televiziyasının dövlətçilik, azərbaycançılıq, maarifçilik vəzifələrini tamamlayan bir akt kimi, gənclərimizin də bu ruhda tərbiyəsinə dəstək qiyməti kimi dəyərləndirilə bilər.


Sonda mən “Ovqat”ın bütün yaradıcı kollektivinə və ayrıca olaraq haçansa Jurnalistika fakültəsinin tələbəsi olmuş Nəcibə xanım Əlixanovaya peşəkarlıq səviyyəsinə görə bir tamaşaçı və bir müəllim təşəkkürümü bildirirəm.           

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir