Modern.az

Vikipediya-da ermənilərə niyə uduzuruq? - “Azərbaycanlı istifadəçilər tənbəllik edir”

Vikipediya-da ermənilərə niyə uduzuruq? - “Azərbaycanlı istifadəçilər tənbəllik edir”

11 İyul 2017, 12:35

Vikipediya və bir sıra digər əlaqəli viki-layihələr ABŞ-da yerləşən Vikimedia Fondu tərəfindən idarə edilir.

 

Bu fondun dünyanın 40-dan artıq ölkəsində yerli nümayəndəliyi (Chapter adlandırılır), 70-dən artıq ölkəsində isə istifadəçi qrupu (User Group) fəaliyyət göstərir. Yerdə qalan ölkələrdə isə fərdi şəkildə məqalə yazan ayrı-ayrı istifadəçilər var. Azərbaycanda isə "Azərbaycan vikimediaçıları istifadəçi qrupu" fəaliyyət göstərir.

 

Amma bu sadaladığımız nümayəndəlik və istifadəçi qrupları yalnız Vikipediya-nın cəmiyyətdə təbliği üçün çalışırlar. Məqalə yazmaq könüllü işdir və hər kəs öz evində, iş yerində və ya boş vaxtlarında məqalə yazır.

Resursun açıq olması, eyni zamanda bir sıra problemlər də yaradır. Məsələn, Qarabağ mövzusu ətrafında həm azərbaycanlılar, həm də ermənilər fakt və fikirlərini bölüşə bilərlər. Bu halda kimin haqlı, kimin haqsız olduğunu yalnız diskussiyalar və arbitrlara müraciət (Requests for Arbitration) müəyyən edə bilər.

 

Təəssüf ki, bu sahədə erməni istifadəçilərinin fəallığı müşahidə edilir. Eyni zamanda, düşmən tərəf istənilən saxta məlumatı öz dilində Vikipediya-ya yerləşdirərək, ictimaiyyəti aldada bilir.

Bu cür  problemləri aradan qaldırmaq üçün hansı tədbirlər görülməlidir?

 

Dövlət qurumları Vikipediya-da aktivliyi artırmaq üçün müsabiqələr elan etməlidir”

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Modern.az-a açıqlamasında bildirib ki, hazırda Azərbaycanın Vikipediya istifadəçiləri tənbəllik edir:

 “Vikipedia hamının kitabxanasıdır və açıq şəbəkədir. Gərək hamı ona töhfə versin. Bunun üçün də aktivlik olmalıdır. Zamanında bizdə internet istifadəçilərinin az, internetin baha olduğu vaxtlar var idi. O zaman arqumentlər bəlli idi. Amma indi sosial mediadan 2 milyondan çox insan istifadə edirsə, deməli xeyli aktiv istifadəçilərimiz var. Buna görə də düşünürəm ki, aktiv istifadəçilərin özü bu məsələyə diqqət etməlidir. Bu sadəcə bir məsuliyyət və vətənpərvərlik hissidir. Bu dəqiqə bizdə ayrı-ayrı fəallar var ki, müxtəlif kampaniyalar təşkil edirlər. Məsələn, xaricdə təhsil alan gənc fəalımız Adil Əliyev buna nümunədir. O, “Vikipediya-nın zənginləşdirilməsi” kimi yeni kampaniyaya başlayıb. Müxtəlif adamlara, tanınmış şəxslərə, aktivlərə müraciət edərək Vikipediya-da maraqlı materialların yayılmasını təmin etmək istəyir.

Artıq müasir dövrdə  faydalı, elmi əsaslamdırılmış, ictimai əhəmiyyətli yazılara ehtiyac varsa, bu da müəyyən qurumlardan aktivlik tələb edir. Elmi, tədqiqat, ictimai qurumlar Vikipediya-nı faydalı informasiyalar ilə təmin etməli və bu sahəyə diqqət artırmalıdırlar. Düşünürəm ki, dövlət qurumları da Vikipediya-da aktivliyi artırmaq üçün müsabiqələr elan edə bilər. Konkret bir mövzu seçilməli və nə qədər adamın töhfə verəcəyi müəyyənləşdirilməlidir. Bu cür təşəbbüslər Vikipediya-nın Azərbaycan seqmentini zənginləşdirə və ermənilərdən bir addım öndə olmağımızı təmin edə bilər”.

 

“Ermənilər istədiyi saxta məlumatları Vikipediya-ya yerləşdirə bilər”

O.Gündüz  qeyd edib ki, erməni saxtakarlığının qarşısını alma mexanizmi yoxdur:

“Bunun qarşısını almaq mexanizmi yoxdur. Yalnız istifadəçilər həmin saxta məlumatlara qarşılıq yeni yazılar əlavə etməlidir. Biz özümüz diskussiyaya qoşulub,  addımlar atmalıyıq. Müasir dünya elədir ki, istənilən sahədə nəyinsə qarşısının alınması məsələsi yoxdur. Biz nə yaratmışıq? Nələr edirik?.. İstiqamətimizi bu cür qurmalıyıq. Yalnız o zaman uğurlu addım atmış olarıq. İstifadəçilər, o cümlədən ermənilər istədiyi saxta məlumatları Vikipediya-ya yerləşdirə bilər. Vikipediya-da bu cür imkanlar var. Digər tərəfdən Azərbaycanda İnformasiya texnologiyaları inistitunda bununla bağlı qrup var və bu istiqamətdə xeyli işlər görülür”.

 

Günay RƏSULQIZI

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?