Modern.az

Generalın “vurulması” övladları ərköyünlük edən digər məmurlara dərs olmalıdır!

Generalın “vurulması” övladları ərköyünlük edən digər məmurlara dərs olmalıdır!

İqtisadiyyat

12 İyul 2017, 13:08

Prezident İlham Əliyevin sərəncamı ilə ötən gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini vəzifəsindən azad edilən general Novruzəli Orucovun xuliqanlıq edən oğlu  Rüstəm Orucov həbs edilib.

General məhz oğlunun ucbatından vəzifəndən uzaqlaşdırılıb.

Milli Məclisin deputatı Zahid Oruc bu qərarı dürüst məmur obrazının formalaşdırılması üçün prezidentin uzun illər həyata keçirdiyi xəttin növbəti həlqəsi adlandırıb.

 

Deputat Modern.az-a açıqlamasında deyib ki, ötən on illər ərzində ölkənin birinci şəxsi komanda üzvlərinə qarşı təvazökarlıq, xalq qarşısında hesabatlılıq, hər bir hərəkətlərinin ölçülü-biçili səviyyədə aparılması kimi keyfiyyətləri təlqin edib:

 

“...vəzifəni badə qaldırmaqla qeyd etmirlər”

 

“Düşünürəm ki, belə qanunsuzluqlara, səhvlərə yol verən hər hansı şəxsin özü,  yaxud ailə üzvünün davranışına göstərilən reaksiya, həm cəmiyyətin rəyini, həm də komanda üzvlərinin hər birinin yaxın çevrəsinə nümunəvi təsir göstərən, onları hüququn çərçivəsinə alan tədbirlərdir.

Biz başa düşməliyik ki, vəzifə məsuliyyət deməkdir. Əgər siz Finlandiyada olsanız görərsiniz ki, insanlar kiminsə vəzifədə yüksəlməsini badə qaldırmaqla qeyd etmirlər. Finlandlar bunu insanlar qarşısında artan məsuliyyət və peşəkarlığın yüksəldilməsi kimi qiymətləndirirlər”.

 

Prezident üçün hamı eynidir

 

Parlament üzvü hesab edir ki, biz vəzifəni prestij, yaxud özünü başqalarından fərqləndirmək, onun üzərində dominantlıq təşkil etmək, imkanlarının qabarıq nümayişinə çevirməməliyik:

 

“Ona görə də Azərbaycan dövlət başçısı bir daha sübut etdi ki, o, hər kəsə bu kriteriyadan yanaşır. Azərbaycan Qarabağ savaşının içərisindədir. Biz cəmi bir neçə gün öncə növbəti şəhidlərimizi verdik. Biz siyasi-informatik savaş apararkən ölkə içərisində baş verən özbaşınalıqlara biganə qala bilmərik. Ona görə də, hesab edirəm ki, prezidentin son qərarı hər birimizin ürəyindən xəbər verir”.

 


Bu, hamımız üçün bir siqnaldır...


Z.Orucun sözlərinə görə, dünyada yaşayış minimumu haqqında qanun olsa da, yaşayış maksimumu haqqında yuxarı hədd yoxdur:

 

“Onun limitini müəyyənləşdirmək qeyri-mümkündür. Cənab prezidentin də dediyi kimi, biznes adamı bilməlidir ki, hər hansı kobudluğa, qanunsuzluğa yol verirsə, özünü təmsil edir. Amma dövlət adamının fəaliyyəti cəmiyyətdə reaksiyalar doğurarkən mütləq “filan qurumun rəhbərliyi hara baxır” kimi fikirlər səsləndirilir.

Belə hesab edirəm ki, prezidentin bundan sonrakı dönəmdə komanda üzvlərinin hər biri üçün “nəticə çıxarın, bu, sizin üçün bir siqnaldır, etimaddan sui-istifadə etmək olmaz” kimi anlayışdadır. Bu bizim hər birimiz üçün qanunluq, mənəviyyat, həyat dərsidir”.

 

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı