Modern.az

Azərbaycan insanı hansı məqsədlə yaşadığını bilirmi? - Sosioloq və Psixoloqun PROBLEMƏ BAXIŞI  

Azərbaycan insanı hansı məqsədlə yaşadığını bilirmi? - Sosioloq və Psixoloqun PROBLEMƏ BAXIŞI   

12 İyul 2017, 16:06

“Məqsədi olmayan insanlar cəmiyyət üçün təhlükəlidir”


Bu gün dünyanın bir çox ölkələrində, xüsusən də Avropa və ABŞ-da insanlara düzgün məqsədlərin, dəqiq hədəflərin müəyyənləşməsi üçün xüsusi kurslar keçirilir. Nəhəng şirkət rəhbərləri tanınmış motivator,  psixoloq, “yaşam koç”larını dəvət etməklə öz işçilərində məqsəd aydınlığını yaratmağa çalışırlar.

Sivil cəmiyyətlərdə insanlar daha məqsədli yaşayır. Bəziləri, karyera, bəziləri sağlamlıq, bəziləri isə gündəlik yaşamlarında bəlirlədiyi məqsədlər uğrunda çarpışırlar. “Məqsədsiz cəmiyyət” anlayışı sosial psixologiyada əsas problemlərdən birinə çevrilib.

Maraqlıdır ki, bu nəzəriyyənin hökm sürdüyü əsas quruluş SSRİ olub. “Xalqlar həbsxanası”nın iflasından sonra yaranan 15 müstəqil respublikada da bu tendensiya təkrarlanır. Özü də daha yüksək şəkildə…

Onlardan biri olan Azərbaycan cəmiyyətində əksər insanların nə dərəcədə məqsədli olmaları, hansı məqsəd, hədəf uğrunda yaşadıqları bəlkə də, heç özlərinə də məlum deyil. Gündəlik yaşam qayğıları, günü başa vurmaq, gündüzü axşam etmək çabaları fərdin əlindən aylarını, bəlkə də illərini alır. Amma 30, 40 il əvvəl bu insanları fərqində belə, olmadıqları gizli məqsəd birləşdirirdi. Hamısı eyni kolxoz və fabrikdə çalışmaqla özünü vahid  bir əlin vacib barmağı kimi hiss edirdi. Onların əsas hədəfi bəlkə də elə bu idi. Lakin artıq  30 ilə yaxındır ki, həmin rejim dağılıb. İnsanların düşüncələrində parçalanma, hədəflərində qeyri-müəyyənlik aradan qalxa bilmir.

Sosioloq alim Əhməd Qəşəmoğlu Modern.az saytına açıqlamasında bu problemin hələ sovet dönəmində başladığını, indi isə daha da artdığını qeyd edib:

 

 “Çox aktual mövzudu. Arzu edərdim ki, mediamız belə məsələlərə diqqət yetirsin. Sosioloji nəzəriyyələrdə, sosial psixologiyada, idarəetmə elmində də var ki, hər hansı bir cəmiyyətdə konkret məqsəd aydınlığının olmaması həmin cəmiyyət üçün çox təhlükəlidir. Mən aspiranturanın birinci kursunda oxuyanda şöbə müdirim, elmi rəhbərim,  dünyanın ən güclü sosioloqlarından olan professor Şatalin deyirdi ki, SSRİ dağılacaq. O zaman hələ 1970-ci illərin əvvəlləri idi. Amma o fikrini bununla əsaslandırırdı ki, SSRİ-nin qarşısında dayanan məqsəd aydın deyil. SSRİ əhalisi də qarşısına hər hansı konkret məqsəd qoymayıb. Hələ o zaman insanlardakı məqsəd aydınlığı indiyə baxanda çox yaxşı idi. İndi isə çox xoşagəlməz vəziyyət yaranıb. İnsanların çoxu nə edəcəklərini, nədən yana yaşadıqlarını aydın təsəvvür edə bilmir. Bir daha təkrar edirəm: elmdə də bu çoxdan təsdiq olunub ki, hər hansı sosial sistemi hərəkətə gətirən məqam öncə düzgün ideyanın olmasıdır. Elə İslamda deyilir ki, ən vacibi hər şeydən əvvəl niyyətin olmasıdı. Niyyətin həyata keçməsi üçün də məqsədin olması zəruridir. Bax, bizdə bu istiqamətdə axsaqlıq var. Mən gəncliyimdə hər zaman müqayisə aparardım: yəhudi gənclərinin başqalarından nə üçün fərqləndiyini düşünürdüm. Onlarda başqalarından fərqli olaraq, çox güclü məqsəd aydınlığı var.

Yəhudi millətinin bir çox sahələrdə qazandığı uğurların çoxu məqsəd aydınlığı ilə bağlıdır. Amma bir şeyə də diqqət etmək lazımdır. İndiki cəmiyyət 30-40 il bundan əvvəlki deyil. Get-gedə hər şey dəyişir və mürəkkəbləşir. Cəmiyyətimizdə müəyyən sahələrdə ciddi pərakəndəlik var. Sovet vaxtında tarixi şərait  qurulmuşdu ki, insanların məqsədləri bir- birinə yaxın idi.

Amma indi bu məsələlərə bir az fərqli yanaşmaq lazımdır. Artıq insanlar əvvəlkilər kimi vahid məqsəd ətrafında birləşə bilmirlər. Müxtəlif istiqamətlər, yönlər və hər sosial zümrələrin öz məqsədi var. Amma yaxşı olardı ki, bu fərqli məqsədlərin hamısı ümumi dövlətçiliyimizə xidmət eləsin. Kim hansı sahədə nə məqsədlə fəaliyyət göstərirsə, bu sonunda dövlətçiliyimizin möhkəmlənməsinə yardım etsin. Amma çox təəssüflər olsun ki, bu sahədə işlər getmir. Humanitar siyasət dəyişməlidir. Ciddi elmi əsaslarla müxtəlif proqramlar hazırlanmalıdır. Biz bəzən, səhv edərək deyirik ki,  onsuz da dünya da bu gündədir. Biz bu gün dünyada baş verən prosesləri analiz etsək və özümüzün daha yaxşı səviyyədə olma imkanımızı bilsək, “bunu niyə etməyək ki” sualı ilə rastlaşa bilərik. Hər hansı işi etmək mümkündürsə, etməliyik. Ölkəmiz elə də böyük deyil. Bütün bunları həyata keçirmək o qədər də çətin deyil”.

Psixoloq Elnur Rüstəmovun isə məsələyə münasibəti fərqlidir. Onun fikrincə, məqsədli insan kimi formalaşmağın özü də əlavə bir məqsəddir:


Bu gün insanların hədəf və məqsədləri tez-tez dəyişir. İnsanlar daha çox bu günlə yaşayırlar. 5, 10, 15 illik planlama, hədəf təyini insanlar arasında az-az olur. Belə olmasaydı, hər bir insan çalışdığı sahədə özünü təkmilləşdirib, daha çox uğur qazanacaqdı. Bu gün iş yerlərini tez-tez dəyişilməsi, bir sahədən başqasına keçməsinin əsas səbəbi onların məqsədlərinin aydınlığının zəif olması və hədəf təyinində müəyyən problemlər  yaşamasıdır. İnsanlarda konkret məqsədlərə getmə istiqamətində müəyyən problemlər var. Şərq fəlsəfəsində belə bir sistem var: Kazin sistemi - öz-özünü təkmilləşdirmə. Sistemin fəaliyyəti bundan ibarətdir ki, bir insan hər hansı bir sahədə 10 il çalışırsa, özünü təkmilləşdirirsə, o, artıq özünü mütəxəssis kimi yetişdirir. Bu zaman onun həyat şəraiti digərlərinə nisbətdə daha yaxşı olur. Düşünürəm ki, insanlar bu istiqamətdə daha çox hərəkət etməli, konkret sahə üzrə, konkret məqsədlər haqqında düşünməlidirlər. Belə bir deyim var: böyük insanların ideyaları, kiçik insanların isə arzuları olur.

İdeyalar bir-iki günə reallaşmır. Onun üçün  vaxt, zəhmət tələb olunur. İnsan öz məqsədinə çatmaq üçün vaxtını düzgün qiymətləndirməli, zəhmətdən qaçmamalıdır. Məqsədli insanlar məqsədli cəmiyyəti də formalaşdıracaq”.

Elmin Nuri

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı