Modern.az

Sözünə, qələminə, amalına sədaqətli insan - Onun yazılarında Mirzə Cəlil ruhu var

Sözünə, qələminə, amalına sədaqətli insan - Onun yazılarında Mirzə Cəlil ruhu var

13 İyul 2017, 11:00

Onu oxuculara əvvəlcə "Mirzə Cəlil ruhu duyulan” hekayələr müəllifi kimi təqdim etmək istədim. Sonra düşündüm ki, yanılıram. Axı Akif Cabbarlı həm də Azərbaycan radiosunun və televiziyasının inkişafı yolunda fədakarcasına çalışan bir televiziya jurnalistidir. 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsini bitirərkən onun səlis nitq bacarığını, biliyini və ən başlıcası, zəhmətkeşliyini (təəssüflər ki, bu gün çoxları telejurnalistikanı zəhmətsiz, tez məşhurlaşmaq üçün bir vasitə hesab edirlər) nəzərə alaraq təyinatla Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsinə işə göndərdilər. O gündən 44 ilə yaxın bir zaman ötür. O, bu zaman ərzində milli mətbuatımızda və televiziyamızda özünəməxsus yazı üslubu, səlis dili, mövzu seçimi, sərrast deyim tərzi, ifadə vasitələri olan bir qələm əhli kimi tanındı, sevildi, seçildi. Oxucusu, tamaşaçısı onu söz dərgahının hüzurunda həmişə başıuca dayanan, ürəyinin diktəsini qələmə alan birisi kimi tanıdı. 


 
Birini əməli, digərini amalı ilə...


 
Beləliklə qəzet, jurnal səhifələrində, efirdə və ekranlarda Akif Cabbarlı imzalı, sözlü bir yazarımız yetişdi. Fəaliiyəyə kiçik redaktorluqdan başlayan Akif müəllim, sonralar baş redaktor, yaradıcılıq birliyinin rəhbəri kimi vəzifələrdə də ona bəslənən ümidləri doğrultdu, mətbuatımızın əsasını qoyan böyük kişilərin amalına layiq olmağa çalışdı və buna nail də oldu. 2011-ci ilin mayından Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində İdarə Heyətinin katibi vəzifəsinə təyin edilən Akif müəllim, 2013-cü ilin avqustundan İctimai Televiziya və Radio Yayımları şirkətinin əməkdaşı, "Media və zaman” televiziya proqramının redaktorudur.
 
A.Cabbarlı televiziya ilə yanaşı müxtəlif illərdə "Kommunist” (1987-1992) və "Azərbaycan” (2007-2011) qəzetlərin də çalışıb. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü olan A.Cabbarlının istər hekayələrində, publisistik məqalələrində, istərsə də ssenari müəllifi olduğu radio və televiziya süjetlərində, reportajlarında qələm əhlindən əvvəl, bir vətəndaş yanğısı, sevgisi, sabaha inamı duyulub. Bu inam onu daima bir işığa, uğura yönəldib. Əməkdar jurnalist Flora Xəlilzadə deyir: "Millət, vətən sevgisinin birləşdiyi məqamlarda yaranan əsərlər janrından, həcmindən asılı olmayaraq, ədəbi uğurdur”. "İmanımız vətəndir” deyən Akif müəllim bu vətəni qorumaq və yaşatmaq üçün hər kəsi onun uğrunda mübarizəyə çağırır. Birini əməli, digərini amalı ilə... A.Cabbarlı istər qəzetdə, istər televiziyada eyni həvəs, eyni məsuliyyətlə, sözünə, qələminə, amalına sədaqətlə çalışır. Bu sədaqətdə vətəninə, dövlətinə, dövlətçiliyinə məhəbbət hər an özünü büruzə verir.  
 
 
Söz demək səlahiyyəti


 
Yenicə "Şuşa” nəşriyyatında işıq üzü görən "Səngər uvertürası” adlı kitabında qəlbi vətən sevgisi, torpaq qeyrətilə döyünən oğullarımızı səngərdən-səngərə havalanan "Zəfər uvertürasına” səsləyir. Müəllif əsərini "Azərbaycan əsgərinin "Aprel dərsləri” adlı publisistik yazısı ilə başlayır və şücaətlə düşmənə dərs verən igidlərimizi alqışlayır, qürurla yad edir. Azərbaycan igidini quduz düşmənin üstünə ölməyə yox, öldürməyə, yurdumuzdan süpürüb atmağa haraylayır. Vətən məhəbbəti, insanlıq duyğusu ilə yazılan bu əsərdə A.Cabbarlının müxtəlif vaxtlarda dövri mətbuatda çap olunan bədi-publisistik məqalələrinin bir qismi də yer alıb. Bu məqalələr arasında eləsi var ki, müəllif orada cəmiyyəti narahat edən problemlərdən də bəhs edir. Məsələn, "Televiziyalarda aparıcı(lıq) problemi... həmişə problem olub” və "Söz demək səlahiyyəti” sərlövhəli məqalələrində bu sahədəki naşıların populyar olmaq, məşhurlaşmaq eşqinə düşməsindən ürək ağrısı ilə bəhs edərək yazır: "...bəzi teleaparıclar indi toy tamadalarından o qədər də fərqlənmir. Studiyaya çağırılan qonaqlarla açıq-saçıq söhbətlər, yerli-yersiz replikalar, özlərini tərifləmək cəhətləri, çoxbilmiş və hər şeydən xəbərdar obrazı yaratmaq istəyi təbii ki, ayıq tamaşaçıda ikrah hissi doğurur”. Uzun illər radio və televiziya jurnalisti olan bir mütəxəssis kimi Akif müəllim belə "teleaparıcılar”dan məsləhətlərini də əsirgəmir: "Teleaparıcılar və jurnalistlər öz üzərlərində ciddi işləməli, dünyagörüşlərini və savadlarını artırmalı tamaşaçı, dinləyici ilə ünsiyyətdə aydın zəkalılıq, kreativ düşüncəlik nümunəsi göstərməlidirlər. Bir sözlə, tamaşaçıya söz deyənin öz sözü və özgürlüyü gərək olsun”. Əgər onlar dinləmək və öyrənmək mədəniyyətinə malikdirlərsə. Təəssüf, çox təəssüf ki, bəzən belə "teleaparıcılar” unudurlar ki, onların nə şəxsiyyətləri, nə də ədəb-ərkanları buna yol vermir ki, tamaşaçıya əxlaq dərsi keçsinlər


 
 Bu hekayələr sizi güldürə-güldürə düşündürəcək
 
 
A.Cabbarlını yaşadığımız cəmiyyətin digər sosial, ictimai, iqtisadi, mədəni problemləri də narahat edir. Məqalələrində bu mövzulara da yer verən müəllif, hər birimizi sabahlı gələcək uğrunda düşünməyə vadar edir. "Oturduğu budağı mişarlayanlar” adlı məqaləsində ekoloji tarazlığın pozulmasından narahat olan publisist, yaşıllığı qorumağı, onlara qayğı ilə yanaşmağı nəyinki tövsiyə edir, az qala onlara qənim kəsilənlərin ürəyinə rəhm salmaq arzusu ilə deyir: "Qızmar yay günlərində kölgəsini, payızda meyvəsini, qışda istisini əsirgəməyən varlıq, sirdaşımız, qəlbimizin pıçıltısını yaxından duyan əvəzedilməz dostumuzdu ağaclar”.
Akif müəllimin məqalələrində klassika ilə müasirlik vəhdət təşkil edir. "Bakı səmasında muğam sədası” məqaləsində milli-mənəvi dəyərimiz olan muğamdan, onun dünyada tanıdılması üçün dövlət səviyyəsində görülən xeyirxah işlərdən və Avropa Oyunlarının ölkəmiz üçün son dərəcə böyük bir əhəmiyyət kəsb etməsindən də eyni şövqlə danışır. 
  Kitabda son bölmə "Həyat etüdləri” adlanır. Mənə elə gəlir ki, oxucunu da daha çox düşündürən bu bölmə olacaq. Çünki həyatımızın bir parçasını əks etdirən bu etüdləri oxuduqca, Flora xanım demişkən, görəcəksiniz ki, siz o tipləri az qala tanıyırsınız. Onlar bizim ətrafımızda, iş yerlərimizdə elə çoxdurlar ki... Bu hekayələr sizi güldürə-güldürə düşündürəcək. "Pişik süfrə başında”, "Bir işin ki, içindən zibil çıxdı”, Boş qalmış kreslo”, "Vicdanın necə, ağrımadı ki? ", "Toy tərifi”, "Öz it həyatını yaşayan itlər”, "Qonşu payı”, "Brejnev SSRİ-nin direktoru idi, yoxsa”, "Ezamiyyət adı ilə sürgün”, "Nisyə dəftəri”, "Ağayar kişi bu fikirdədir ki, itin də adamı olmalıdır” və s. hekayələri oxucunu güldürməklə yanaş, həm də düşündürür. Cəmiyyətdə baş verən naqisliklər müəllif tərəfindən mükəmməlliklə açıqlanır. Bəzən bir-iki səhifə, hətta üç-beş cümlədən ibarət olan bu hekayələrdə Mirzə Cəlil ruhu var. Az sözlə böyük məna kəsb etmək, oxucunu güldürə-güldürə düşündürmək, yanlışlıqlardan çəkindirmək, düz yola istiqamətləndirmək. "Ağayar kişi bu fikirdədir ki, itin də adamı olmalıdır” hekayəsinin qəhrəmanı olan Ağayar kişinin bahalı villalarda, maşınlarda yaşayan itlərə həsəd aparması oxucunu düşündürməklə yanaşı, qəlbini ağrıdır. Görünür, hələ də bəzi zənginlərimizin mənəvi zənginliyə böyük ehtiyacı var.
 
  
Ehtiraslıdır, canlıdır, səmimidir
 
 
Bu hekayələrdə həm də fikir aydınlığı, dilin, üslubun sadəliyi və eyni zamanda, mövzunun kəskinliyi diqqəti cəlb edir. Müəllif ən xırda detalları, nüansları belə nəzərdən qaçırmır, daş qəlbli insanları sözü ilə xeyirxahlığa səsləyir. Sözə çox böyük ehtiramla yanaşan müəllif buna nail olacağına da inanır. Bəlkə elə ona görə də,  düşüncələri, təklifləri (hətta tənqidi fikirləri də) ehtiraslıdır, canlıdır, səmimidir. Yəqin ki, bu, Akif müəllimin xasiyyətindən də irəli gəlir. Bütün varlığı ilə milli dəyərlərimizə bağlı olan, daxili abır-həyası üz-gözündən süzülən Akif Cabbarlı həyatında, yaşam tərzində necədirsə, yaradıcılığında da elədir (Unutmayaq ki, əsərlərində ləyaqətdən, ədalətdən yazan, həyatda isə bunlardan uzaq olan şairimiz də, yazıçımız da, publisistimiz də var). Odur ki, Akif müəllimə milli mətbuat günü ərəfəsində o kiçik qəlbindəki, böyük arzuları həyata keçirmək (yazıb-yaratmaq) üçün gözəl, geniş bir şərait arzulayıram. Arzunun çin olacağı ümidilə, hələlik deyirəm, qələm yoldaşım!


 
 Qərənfil Dünyaminqızı 
 
 Əməkdar jurnalist

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir