Modern.az

Sabir Rüstəmxanlının başına gələn iki ƏHVALAT  

Sabir Rüstəmxanlının başına gələn iki ƏHVALAT   

13 İyul 2017, 13:36

Alman, yapon ağlı və azərbaycanlının qızıl əlləri


... Xalqa yuxarıdan baxmaq, ona layiq olduğu qiyməti verməmək dəbə çevrilib; bu, bəzən də qəsdən edilir və sərsəmləmə səviyyəsinə enir: “biz millət deyilik”, “bizdən adam olmaz!”, “ordumuz belə”, “gənclərimiz elə” və s. Amma anlamırlar ki, yalnız özləri millətə layiq olmayanlar, adamlıqdan kənarlar belə düşünə bilər. Hər şey şəraitə bağlıdır: sən gərəkən ortamı yarat, onda görəcəksən nə müəlliminə tay müəllim var, nə əsgərinə bərabər əsgər...
Nə isə, səhər erkəndən qanqaraldan işlərdən danışmaq istəmirəm. Tam tərsinə.

Birinci olay


Nazir olanda bir o qədər də təzə olmayan “Mercedes” markalı vardı. Bir gün Gəncəyə getmişdim. Görüşlərimi tamamlayıb Bakıya qayıtmaq istəyəndə maşın işə düşmədi; daha doğrusu öz açarını tanımadı və qəbul etmədi. Mexanizmdən başı çıxanlar bunun nə demək olduğunu bilirlər. Yeni texnologiya sayılırdı, lakin başqa maşınlarda o tipli açar görməmişəm. Acar yuvasına salınan kimi mühərrik avtomatik çalışmalı idi. Ancaq Gəncədə bu rabitə itmişdi. Yola düşmək əvəzinə usta axtarası olduq. Dostlar yığışdılar. Şəhərin ən yaxşı elektrikləri gəldilər, getdilər. Gəncə boyda şəhərdə o vaxt xarici maşınların firma xidməti yox idi. Saatlar keçdi, maşına əlac olmadı. Alman ağlı elə texnika icad edib ki, dərdi olanda dərmanını da ondan istəyəsən. Bakıdan elevator çağırıb maşını servisə göndərməkdən başqa yol qalmamışdı. Sağ olsun dostlər, hərə bir tərəfdən öz maşınını təklif edirdi ki, sən get, maşını biz göndərərik. Ancaq düzü, Gəncəyə “atlı gedib, piyada qayıtmaq” mənə ağır gəlirdi. Axırda bir cavan usta tapıb gətirdilər. Əsl qarabalaydı. İlk baxışda düşünərdin ki, dəmirçi şəyirdliyindən başqa bir iş bacarmaz. Əvvəlki ustalar kimi maşının ora-burasına baxdı. Başını bulaya-bulaya qayıdıb getmək istəyəndə məni gördü, qaşqabağı açıldı və üzünə qonan uşaq gülümsəməsiylə: “Sabir bəy, qanınızı qaraltmayın, mən sizi Bakıya öz maşınınızla yola salacağam”- dedi. İnanılmaz görünsə də, gözləməkdən başqa çarə yox idi.

Maşını qoşqu ilə yaxınlıqdakı təmir yerinə apardı və açarla bağlı olan, mühərriki işə salan hər şeyi, mikrosxem lövhələri qarışıq, açıb tökdü yerə. “Bu cavan oğlan işimizi bir az da çətinə saldı”- deyə düşünsəm də, səbrlə dözürdüm. Alman ağlıyla gəncəli qarabalanın ağlı üz-üzəydi... Cavan usta “nə olubsa bu mikrosxemə olub”,- deyərək, çəkici, kəlbətini, antikvar lehimləyicisini yığdı ətrfına. Ən müasir texnologiyanın məhsulu olan mikrosxemdə ən primitiv alətlərlə nəyə baxır, nəyi kəsir, nəyi birləşdirir, nəyi lehimləyir? Heç kim deyə bilməzdi. Başını aşağı salıb, kəlmə kəsmədən bu alman maşınının xarab olmuş beynini qurdalamaqda, tük kimi nazik sxem naqillərini öz kobud və tozlu lehimləyicisi ilə alt-üst eləməkdəydi. Təxminən bir saat sonra oturduğu yerdən qalxdı, alnında tər puçurlanmışdı, açdığı hissələri yerinə bağladı, açarı yuvasına salan kimi saatlarla gözlədiyim çıqqıltı səsi gəldi, maşını işə salıb yenə əvvəlki sakit, utancaq təbəssümlə mənə “buyurun, arxayın gedə bilərsiniz!” dedi. Ətrafdakılar təəccüblə bir-birinə baxırdı...

İkinci olay


Bu yaxında, daha doğrusu, Bakıda dözülməz istilərin başlandıqı gün, sanki qəsdən, maşınımın kondensioneri xırıldayıb dayandı. Sürücünün baş vurmadığı təmir yeri qalmadı. Kim baxdısa “dəyişilməlidir” dedi. Yeni kondensioner ucuz bir şey deyil... Bakının ən yaxşı maşın ustalarından olan, köhnə dostumuz Romanı axtardım, rayonda olsa da, öz yoldaşlarından Zaura zəng vurdu, o da kondensioneri açıb xarab olmuş detalları göstərərək: “ bunları tapıb dəyişmək mümkün deyil, yeni kondensioner almalısınız” demişdi. 

Qardaşım Mədət Bakının, Şirvanın iri mexanika zavödlarında işləyib, başqa vəzifə vədlərinə baxmayaraq, bu günə qədər öz sənətindən ayrılmayıb, Bakı mexaniki- tökmə zavodunun baş mühəndisidir. Vaxtilə şəhərimizin ən böyük sənaye müəssisələrindən biri olsa da, zavod artıq dağılıb, ərazisinə alınıb, sexlər ləgv edilib, fəhlələr məcburiyyət qarşısında doğma yurdlarını tərk edib gediblər. Ancaq qardaşım bu günə qədər dağılmış zavodunun keşiyini çəkməkdə və orda beş-üç nəfərlə öz peşəsini davam etdirməkdədir. Nə isə, axşam Mədət kondiensionerin sökülüb bir torbaya yığılmış hissələrini gözdən keçirib, qoy bunlar sabah günortayadək bizdə qalsın, dedi və bacım oğlu, tokarlığın zərgəri olan Aqilə öz “mexanik dillərində” nə isə tapşırıqlar verdi. Təəccüblənmədim. Bilirdim ki, belə hadisələr çox olub, bu elə Mədətin xobbisi və ya sevdiyi bir işdir: müxtəlif avadanlıqların, xarici qurğuların güya unikal və düzəlməz hissələrini burda yenidən poladdan, başqa metallardan töksün. yonsun, yığsın, bir sözlə mümkünsüz görünən işləri həll etsin...
Ertəsi gün Aqil Toyota markalı yapon maşınının servislərdə kimsənin düzəldə bilmədiyi kondisioner m ühərrikini bizə qaytardı. Bu zərif qurğuda nəyi düzəltmişdi, hansı yeyilmiş və sınmış hissələri yenidən yonub yerinə qoymuşdu?- deyə bilmərəm. Futliyar, diyircəkli val, hansısa ox və s. məndən uzaq anlayışlardır.. Zaur mühərriki beş-altı dəqiqədə yerinə qoymuşdi.

 
İki hadisə... Dünyanın iki ağıllı xalqının əllərindən çıxmış mikrosxem və bilgisayar dəqiqliyi ilə işləyən kondensioner mühərriki, bir də iki azərbaycanlı gəncin- gəncəli ustayla mənim bacım oğlunun qızıl əlləri! Əli qızıl olanın başı da yaponun və almanın başından pis işləmir. Əksinə, təbii imkanları onlarınkından da artıqdır. Yetər ki, şərait olsun, onlar yetişdirilsin və öz Allah verən istedadlarını sərf etməyə yer tapsınlar.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?