Modern.az

Zərdabi indiki jurnalistikamızı görsə sevinərdi, yoxsa ağlayardı... - RƏYLƏR

Zərdabi indiki jurnalistikamızı görsə sevinərdi, yoxsa ağlayardı... - RƏYLƏR

Media

13 İyul 2017, 16:10

Azərbaycan mətbuatında əbədi iz buraxmış şəxsiyyətlər sırasında Həsən bəy Zərdabinin adı qızıl xətlə keçir. Milli mətbuata cığır açan bu insan sayəsində Azərbaycan cəmiyyətini  informasiyalarla təmin edən jurnalistikamız formalaşıb. Bu gün ölkəmizdə yüzlərlə mətbu orqan  fəaliyyət göstərir.

Maraqlıdır, bugünki jurnalistikamız Həsən bəy Zərdabinin təməlini qoyduğu jurnalistikaya layiqdirmi?

Modern.az  bununla bağlı  bir neçə tanınmış jurnalistin fikrini öyrənib.

“Zərdabi  indiki jurnalistikanı görsəydi, dizinə döyərdi”

"Ayna-Zerkalo" qəzetinin baş redaktoru  Elçin Şıxlı düşünür ki, bugünkü Azərbaycan mətbuatı Həsən Bəy Zərdabinin təməlini qoyduğu mətbuata layiq deyil:

“Zərdabinin yaratdığı jurnalistika ilə hazırkı jurnalistikamızı müqayisə etmək düzgün deyil. Çünki “Əkinçi” XIX əsrdə yaransa da,  indi XXI əsri yaşayırıq. Hələ məlum deyil, Zərdabi hazırkı jurnalistikamızı görüb sevinəcəkdi, yoxsa ağlayacaqdı.

Hər halda Zərdabinin fikrində tutduğu, arzuladığı jurnalistika belə olmamalıdır. Yəqin ki, o, indiki jurnalistkanı görsəydi, dizinə döyərdi. Təbii ki, bu sahədəki texnoloji inkişafı nəzərdə tutmuram. Zənnimcə, bugünkü jurnalistika ağlanmalı vəziyyətdədir. Əlbəttə, jurnalistlər arasında çox gözəl qələm sahibləri, bu peşənin nə olduğunu bilən insanlar var. Lakin bununla yanaşı, qeyd etdiklərimin tam əksi olan bir kütlə əmələ gəlib. Bu baxımdan jurnalistikamız hazırda “dizə döyülməli”  vəziyyətdədir”.


“O vaxt tamamilə başqa situasiya mövcud idi”

APA Holding-in rəhbəri Vüsalə Mahirqızı bildirib ki, Zərdabinin “Əkinçi”ni yaratma məqsədi indiki jurnalistika ilə üst-üstə düşmür:

“Zərdabinin dövründə medianın yaranma səbəbi, funksiyaları və “Əkinçi”nin əsasının qoyulma səbəbi tamamilə başqa idi.  Bugünkü mediamızın qarşısında dayanan məsələlər tam fərqlidir. Zərdabi “Əkinçi”ni ölkə ziyalılarını təbliğ etmək, ölkə içərisində maarifçiliyi yaymaq, oxu-yazı mədəniyyətini formalaşdırmaq üçün təsis etmişdi. Yəni həmin dövrdə Zərdabi və silahdaşları hətta qəzetin çıxarılmağı və digər maarifçilik təbliğatı üçün burjuaziyadan pul toplayırdı. Yəni o vaxt tamamilə başqa situasiya mövcud idi”.

“Mediamız qarşısına qoyduğu vəzifənin öhdəsindən gələ bilir”

V.Mahirqızı bugünkü Azərbaycan mediasını Qafqazın ən güclü mətbuatı hesab edir:

“Bu gün Azərbaycan jurnalistikası tamamilə fərqli istiqamətdə irəliləyir. Jurnalistikamız hazırda fərqli prinsiplər, fəlsəfə üzərində qurulub. Biz informasiya müharibəsi aparan, beynəlxalq  arenaya çıxışı olan  mediayıq. Virtual məkanda fəaliyyət göstərən böyük media korpusumuz var. Bütün tənqidlərə baxmayaraq, Azərbaycan mətbuatını yerləşdiyi regionun, yəni Qafqazın ən güclü medialarından biri hesab edirəm. Bu fikrim müzakirəyə açıqdır və istənilən şəxslə də mübahisə edib, əsaslandıra bilərəm.

 Azərbaycan mediası  kifayət qədər yaxşı inkişaf yolu keçib. Bu gün bizim internet media qurumlarımız beynəlxalq standartlara uyğun xəbərlər yazır. Digər tərəfdən, beynəlxalq standartlara cavab verən dünya mətbaut orqanları bizim xəbərlərimizə istinad edirlər. Belə olduğu halda bu işin öhdəsindən gələ bildiyimizi deyə bilərik. Hesab edirəm ki, mediamız  öz missiyasını yerinə yetirməyə çalışır. Deyə bilmərəm ki, tamamilə həyata keçirir. Çünki media cəmiyyətin hər zaman müzakirəsində olan sahədir. Media nümayənlərini bəyənəndən çox, bəyənməyənləri var. Jurnalistika hər zaman təftişə açıqdır. Bu bizim böyük uğurumuzdur”.

“Jurnalistika cəmiyyətin həkimidir”

Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı  indiki jurnalistikamızın Zərdabiyə layiq olduğunu qeyd edib:

“Azərbaycan mətbuatından çox razıyam. O dövrü tədqiq edən biri kimi deyə bilərəm ki, həmin vaxt mətbuat orqanlarımız çox çətinliklə meydana gəlib. Buna səbəb olan böyük şəxsiyyətlər fəaliyyət göstərib. Həsən bəy Zərdabi, Məmməd Ağa Şahtaxtlı, Ünsüzadə qardaşları, Əlimərdan bəy Topçubaşov, Məmməd Əmin Rəsulzadə, Üzeyir bəy Hacıbəyli kimi dahi insanların böyük yaradıcılıq yolu var və bu yolu da Aəzrbaycan jurnalistləri öz imkanları çərçivəsində uğurla davam etdirir.

Zərdabi  “Əkinçi”nin əsasını qoymaqla Azərbaycanda jurnalistika sistemini yaratdı. Lakin bununla yanaşı, müəyyən problemlər də ortaya çıxdı. Məsələn, ədəbi dilin formalaşma mərhələsi buna nümunədir. “Əkinçi” doğma dilimizə hörmət etməyin, xüsusi qayğının önəmli olduğunu vurğulayır və tövsiyə edirdi.

“Əkinçi” yaranmaqla jurnalistika  sistemində bu gün də davam edən sözlərin düzgün yazılış qaydaları problemi müzakirə obyekti oldu. Artıq 142 ildir ki, həmin problemlər davam edir. Formasını dəyişmiş yeni media orqanlarında, sosial şəbəkələrdə, saytlarda bu cür problemləri hiss etmək mümkündür.  Həsən bəy Zərdabi deyirdi ki, “Hər bir qəzet gərək o vilayətin aynası olsun”. Biz də ayna olmağa çalışırıq. 

Jurnalistika cəmiyyətin həkimidir və bu çox çətin məsələdir.  Cəmiyyətin ağrayan yerinə diaqnoz qoymaq bu gün jurnalistikanın əsas vəzifəsidir. O dönəmlərdə Həsəb bəy Zərdabi bu diaqnozu qoydu və çıxış yolunu maarifçilikdə gördü. İndi də belədir. Bunu da təbii ki, mətbuat təbliğ etməlidir”.

 

Günay RƏSULQIZI

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır