20 avqust 2017, Bazar
Ana Səhifə - MƏDƏNİYYƏT - Bakının məşhur qonaqları - “Rəsulzadənin oğlu Xəzəri görən kimi pal-paltarlı dənizə atıldı”   
Bakının məşhur qonaqları - “Rəsulzadənin oğlu Xəzəri görən kimi pal-paltarlı dənizə atıldı”    +
13.07.2017, 17:02

Azərbaycan özünün qonaqpərvərliyi ilə məşhurdur. Ölkəmizə gələn əcnəbilər xalqımızın qonaqpərvərliyindən ürəkdolusu danışır, süfrəmizin zənginliyindən söz açır, Azərbaycan təbiətinin gəzməli-görməli yerlərinə valeh olduqlarını gizlətmirlər. 


Ötən illər ərzində çox məşhurlar Bakıda qonaq olublar. Həmin məşhurların belə qısa və ya uzunmüddətlik səfərləri Bakının və insanlarımızın keçmişində silinməz izlər qoyub. 

Modern.az saytı məşhurların Bakı səfərləri haqqında silsilə məqalələrini davam etdirir.


“Bakının məşhur qonaqları” layihəsində müxtəlif illərdə paytaxtımızda olmuş dünya şöhrətli simaların səfərindən, onların təəssüratlarından söz açılır, o səfərlərin şahidilərinin xatirələri təqdim edilir. Bakıya kimlər gəlməyib?!

Bu dəfə haqqında danışacağımız şəxs  Azərbaycan Xalq Cümhuriyyətinin banisi böyük Məhəmməd Əmin Rəsulzadənin sonbeşik oğlu Azər Rəsulzadədir.

 

O Azər ki, Məhəmməd Əminin uzun ömür yaşayan yeganə övladı oldu. Əgər buna yaşamaq demək olarsa… Azər iki aylıq ikən Məhəmməd Əmin evə gələrək öz körpəsini öpür, adının nə olduğunu soruşur. Ümbülbanu xanım isə uşağın adını Əliheydər qoyduqlarını deyir.

Məhəmməd Əmin oğlunu bağrına basıb narazılıq dolu coşğunluqla deyir:

- Yox, bu, Əliheydər olmayacaq. Bu azəri oğludur: Azər olacaq.

Məhəmməd Əmin oğlu Azərlə belə görüşüb, ayrılır. Və onlar bir daha görüşmürlər. Gözünün qabağında bütün ailəsi pərən-pərən olan Azər sonradan Qazaxıstan sürgünündən Bakıya bir dəfə gəlsə də, yenidən geri dönür. Onu həmin illərdə Rəsulzadənin övladı kimi yox, sıravi bir şəxs kimi çox soyuq qarşılayırlar.

Bir ömürlük sürgün-yaxud, bir sürgünlük ömür…

Azər bəyin Bakıya gəlişi barəsində az sonra danışacağıq. Əvvəlcə onun  Bakıdan gedişinin tarixçəsindən danışaq. Layihəmizin başqa qəhrəmanlarından fərqli olaraq, Azər bəy ömrünün 17 ilini bu şəhərdə, Novxanı qumsallıqlarında, Xəzər xəzrisinin əhatəsində keçirmişdi.  

Məhəmməd Əmin irsinin araşdırmaçısı Nəsiman Yaqublu Azər bəylə Karaqandadakı (Qazaxıstan) söhbətindən maraqlı bir detala toxunur. Azərbaycanda Məhəmməd Əminə artıq tamam başqa gözlə baxdıqlarını, bir qəhrəman kimi qəbul etdiklərini və Azər Bakıya gələrsə, onun üçün də yaxşı olacağını bildirəndə, oğul bu sualı verib: "Görəsən, ora gəlsəm, mənə ev verərlərmi?".

Bu sualın cavabı indi o qədər də əhəmiyyət kəsb etmir. İndi heç Azər bəy də yoxdur. Amma onun sürgün yaşantılarını əks etdirən xatirələr bu gün də qalmaqdadır:

"Axşamüstü anam getmişdi xalamgilə, maşınla bizi aparmağa gəldilər. Əvvəl anamın harada olduğunu soruşdular. Sonra məni də maşına mindirib apardılar xalamgilə. Anamı götürüb gəldilər. Evdəki şeylərdən heç nəyi götürməyə qoymadılar. Evimizdə bir tar var idi. Anam tarı o vaxtın pulu ilə 130 manata almışdı. Tarı götürmək istədim. İkisi etiraz etmədi, lakin üçüncüsü tarı əlimdən alıb bir qırağa atdı. (Anasının aldığı o yadigar tarı Azər müəllim sonradan soraqlayıb tapır və geri alır). Sonra bizi maşına mindirib apardılar həbsxanaya. Yadımdadır ki, həmin gün güclü yağış yağırdı. "Azneft" meydanını su basmışdı. Bizi aparan maşın çətinliklə gölməcələri yarıb keçirdi. Əvvəl istədilər ki, hamımızı çoxlu kişilər olan kameraya doldursunlar, lakin bacım Xalidə etiraz etdi, qışqırıb hay-küy qopartdı...

Ailəmizi həbs edəndən sonra bizi Gəncəyə apardılar. Düz bir ay Gəncə həbsxanasında qaldıq. Sürgünə göndərilənlər çox olduğundan biz növbə gözləyirdik. Nəhayət, gəlib sabah yola düşəcəyimizi dedilər. Vəziyyətimiz yaxşı deyildi. Özümüzlə, demək olar ki, heç nə götürməmişdik. Başqa ailələrə pal-paltar, yorğan-döşək götürməyə imkan vermişdilər. Bizim ailəyə isə hər şey qadağan olunmuşdu. Düz 28 gün qatarda yol getdik. Şəraitimiz dəhşətli dərəcədə dözülməz idi. Hər vaqonda beş-altı ailə gedirdi. Qoca nənəm dindar adam idi. Özgə kişilərin yanında bayıra çıxmamaq ucun düz 28 gün heç nə yemədi, elə hərdən qəndi suya batırıb sümürürdü, aclığa tab gətirsin. Min bir əzablı, əziyyətli yol səfərindən sonra gəlib Qazaxıstana, Taldı-Kurqana çatdıq. Əvvəlcə bizi oradakı bir orta məktəbin siniflərinə doldurdular. Qazaxıstanın 40-50 dərəcə soyuğunda hamımız donurduq. Yerli qazax uşaqları gəlib maraqla bizə baxırdılar. Bəzən gətirib çörək də verirdilər. Həmin vaxt ikinci bir ağır zərbə aldıq. 28 gün çörək yeməyən nənəm uzun müddətin aclığından və bizə verilən xörəyi yeyəndən sonra dünyaya göz yumdu...”.

“Ey, şanlı Vətən”

Yuxarıdakı qeydlər Nəsiman Yaqublunun “Məhəmməd Əmin Rəsulzadə” adlı monoqrafiyasından götürülüb. Lakin Azər bəyin Bakıya səfərlərini və təəssüratlarını öyrənmək üçün bu ailənin yaxın dostu olan araşdırmaçı ilə əlaqə saxladıq. Nəsiman müəllim Modern.az saytına açıqlamasında həm Bakıdakı, həm də Karaqandadakı Azər Rəsulzadəni çox gözəl xarakterizə etdi:

 

“Azər Rəsuladə bir neçə dəfə Bakıda olub. Sovet dövründə gizli şəkildə bura gələr, bir-iki gün qalandan sonra yenidən Qazaxıstana yollanardı. Çünki onun burada olmasına icazə verilmirdi. Ancaq SSRİ dağılandan sonra sərbəst Bakıya gəlmək imkanı oldu. 1991-ci ilin fevralında Bakıya gəldi. Onu qarşılaya bilmədim, Türkiyədə idim. Qayıdan kimi  Azər Rəsulzadəyə baş çəkdim. O zaman oğlu Rəis Rəsulzadə “Əhmədli” tərəfdə yaşayırdı. Azər Rəsulzadə də oğlunun yanında qalırdı. Onda mən Rəsulzadənin indi hamıya məlum olan məşhur səsyazısını ilk dəfə özümlə Bakıya gətirmişdim. (Rəsulzadənin “Amerikanın səsi” radiaosu ilə müraciətini nəzərdə tutur. E.N). Səsin yazıldığı kaseti maqnitafona qoydum, istədim ki, Azər Rəsulzadə atasının səsini ilk dəfə eşidə bilsin. Siz bilirsiz, o hələ beşikdə ikən Məhəmməd Əmin ölkəni tərk etməyə məcbur olmuşdu. Ona görə də Azər onun səsini heç vaxt eşitməmişdi. Şəxsən mənim özümə də maraqlı idi; gözləyirdim, görüm ilk dəfə atasını eşidəndə necə reaksiya verəcək. Dinlədi. Simasında çox qəribə əhval-ruhiyyə yarandı. Bəlkə, də həmin anı tam olaraq dərk edə bilmirdi. Ancaq “maraqlıdır”, “çox maraqlıdır” deyə söyləyə bildi. Amma onun əsl reaksiyası dediklərində yox, üz-gözündəki hiss-həyəcanında idi. Bunu isə gözlə görmək lazım idi. Həmin gün Rəis Rəsulzadənin evində xeyli söhbətləşdik, dedik-güldük. Çox gülərüz, mehriban insan idi. Təssüflər olsun ki, buradan qayıdan kimi Karaqandadakı evində xəstələndi. Səhv etmirəmsə, 1992-ci ildə bir dəfə də Bakıya gəldi. Amma qısa müddətli… Artıq o zaman xəstə idi və Qazaxıstana qayıdandan sonra da yatağa düşdü. Ölümündən bir neçə gün əvvəl zəng edib onunla danışdım. Güclə danışırdı. Vəziyyətinin ağır olduğunu, ayaqlarının işləmədiyini dedi. Çox təəssüf ki, həmin telefon danışığından bir neçə ay sonra dünyasını dəyişdi.

Karaqandada həyət evində yaşayırdı. Orada bir neçə dəfə olmuşam. Həyətdə hər şey əkirdi. Torpağa çox bağlı idi. Bir də, həmin evindən bir az irəlidəki gölə tez-tez gedər, demək olar ki, hər gün orada çimərdi. Deyərdi ki, “mənim uşaqlığım Xəzərin kənarında, Novxanıda keçib. Mən susuz, Xəzərsiz yaşaya bilmərəm”.
Elə bununla bağlı sizə bir maraqlı hadisə də danışım. Həm də layihənin adına da uyğundu: sürgün olunandan haradasa, 8-9 il sonra gizli şəkildə Bakıya gəlmək istəyir. Birbaşa icazə olmadığı üçün Türkmənistan vasitəsilə gəmi ilə bura keçməli olur. Azər hələ Xəzərin Türkmənistana aid hissəsini görən kimi  özünü saxlaya bilmir. Elə pal-paltarlı özünü dənizə atır. Ətrafdakılar da başa düşmür ki, bu nə edir, nə üçün özünü pal-paltarlı dənizə atır? Amma anlamırdılar ki, o dəniz Azərin uşaqlığının acılı-şirinli xatirəsidir. Azər bəy ömrünün axırına qədər  həmin xatirələrlə yaşadı. İstər bura gələndə, istərsə də biz ora gedəndə hər zaman ən birinci Xəzəri soruşardı.

Həyat yoldaşı da çox gözəl insan idi; rus qızı Mariya. Mariya onun ikinci evliliyi idi, birinci evli olduğu qadın azərbaycanlı olub. Dünyasını tez dəyişmişdi. Amma Mariya da çox gözəl qadın idi və Rəsulzadələrin kimliyini, Azər bəyin hansı ailədən olduğunu gözəl bilirdi. Hər zaman da bu soyada hörmətlə yanaşırdı”.

Xatirələr arası toqquşmalar


Nəsiman Yaqublu Azər bəyin Bakı təəssüratları haqqında bir neçə maraqlı detal da vurğulayır. Burada həm xatirələr, həm də hisslərin toqquşması var:

“Onun Bakı haqqında təəssüratları nisbətən fərqli idi. Həyat elə gətirmişdi ki, o, uzun illər yaşadığı Karaqandaya alışmışdı. Bakıda isə ancaq Novxanıda və dənizkənarı yerlərdə olmaq istəyirdi. Şəhərin mərkəzində qərar tuta bilmirdi. Bu səbəbdən də çox zaman kənar yerlərə gedirdi. Amma ümumiyyətlə, nəinki onun, bütün Rəsulzadələrin Bakıya, onun dənizinə sevgisi çox böyük olub. Azər bəy həm də yaxşı tar çalardı. İçərişəhərli Kor Həsənəli ona tar ifasını öyrətmişdi. Həm də çox gözəl rəssam idi. Əfsanəvi qəhrəman Mehdi Hüseynzadə ilə dostluq edərdilər. Bərabər rəsmlər çəkib satar, beləcə pul qazanardılar. Amma 1938-ci ildə Azər ailəsi ilə birlikdə Qazaxıstana sürgünə getdikdən sonra onların ortaq işinə son qoyuldu. Maraqlı bir faktı deyim: bir dəfə onlar rəsm çəkib satırlar. Lakin rəsmin pulunu almadan Azər bəy ailəsi ilə birlikdə sürgünə gedir. Mehdi Hüseynzadə sonradan rəsmin pulunu alıb ona göndərmişdi. Bu da Mehdinin güclü xarakterindən, düzgünlüyündən irəli gəlirdi.

Bayaq Azər bəyin yaxşı tar ifa etdiyini dedim. Karaqandadakı evində olanda tarda çox yaxşı “Bayatı-Şiraz” çalardı. Onun ifası həddindən artıq təsirli idi. Əvvəlcə, xatirələrə dalar, Bakıdan, ailəsindən danışar, daha sonra isə tara keçərdi. Bir dəfə nə təhər möhkəm kövrəldisə, indi də o anı unuda bilmirəm. Rəsulzadə ailəsi çox faciələrlə üz-üzə qalıb. Ailə pərən-pərən düşüb, kimisi donvurmadan ölüb, kimisi acından, kimisi də qəm-qüssədən…
Bu ailənin ilk qurbanı Rəsulzadənin böyük oğlu Rəsul olub. Azər bəy qardaşından danışanda 70 yaşı olmasına baxmayaraq, çox kövrəlirdi. Bir dəfə də dedi ki, “bağda qardaşımla uzanmışdıq. Birdən əsgərlər gəlib zorla qardaşımı bizdən ayırıb apardılar. Bütün ailə ah-nalə edir, fəryad qoparırdı. Amma onlara kimsə fikir vermirdi. Rəsul çox gözəl bilirdi ki, onu güllələməyə aparırlar”.
Mən sonradan istintaq materialları ilə tanış oldum. Rəsul sorğu-sual zamanı cəmi bircə dəfə deyir ki, “mümkünsə, məni güllələməyin. Gəncliyimə, cavanlığıma baxıb bunu etməyin”. O, yalvar-yaxar etmir, sadəcə, yüksək təmkinlə bircə dəfə bunu deyir. Amma buna əməl edilmir, Rəsul güllələnir.  Azər Rəsulzadə bu əhvalatı mənə danışanda çox möhkəm kövrəlirdi”.

 

Son olaraq…Yaxud, bir arzunun tarixçəsi


Son olaraq Azər bəyin oğlu Rəis Rəsulzadənin atasının Bakı səfəri haqqında qeydlərini təqdim edirik:

“1988-ci ildə də gəlmişdi bura. Meydanda toplantıları, tonqalları görürdü. Bu, onu təəccübləndirirdi. Bir yandan da çox sevinirdi. Azərbaycanın o vaxtkı prezidenti Əbülfəz Elçibəylə də yazışırdı. Onların bir-birlərinə məktubları var. Atam 1991-ci ildə yenə Bakıya gəlmişdi. Xəstələndi. Bir müddət Mərkəzi Klinik Xəstəxanada yatdı. Qayıtmazdan qabaq Novxanıya getdi. Ulu babamızın məzarını ziyarət elədi. Gördüm əliylə göstərir ki, məni burda dəfn edərsiniz. Orda da yer az idi. Mən də dedim, nə danışırsan, o yan-bu yan… Getdi dəniz qırağına. Uşaqlıqda gəzdiyi yerlərə baxdı, xatirələrə daldı. Sonra Qazaxıstana getdi. İki ildən sonra ağır xəstələndi. Serroz oldu. Getdim, iki ay başının üstündə oturdum. Mənə deyirdi ki, gedirəm Bakıya. Məni Bakıya apar. Yığışdıq ki, gılık, fikrini dəyişdi. Dedi, yox, mən getmirəm, amma orda dəfn eləyərsiniz məni. Dedim niyə getmək istəmirsən? Dedi, “orda məni istəyənlər də var, istəməyənlər də. Qoy məni zəif görməsinlər”. Amma hərdən deyərdi ki, “nə xoşbəxtlikdir Vətəndə ölmək!.. Böyük xoşbəxtlikdir…”.(kövrəlir). 1993-cü il iyulun 8-də rəhmətə getdi. Gətirib bir gün sonra Novxanıda torpağa tapşırdıq…”.

 

Elmin Nuri


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Bakıda avtobus sürücüsünə tapança çəkənin adı məlum oldu - VİDEO
20.08.2017, 00:56

Bakıda avtobus sürücüsünə tapança çəkənin adı məlum oldu - VİDEO

Dahilər qadınlar haqqında:  “Onlara bunu söyləyin ki, qapılar üzünüzə açılsın”
20.08.2017, 00:44

Dahilər qadınlar haqqında:  “Onlara bunu söyləyin ki, qapılar üzünüzə açılsın”

Mingəçevirdə sərnişin mikroavtobusu qəzaya uğrayıb
20.08.2017, 00:28

Mingəçevirdə sərnişin mikroavtobusu qəzaya uğrayıb

Barselonada terrorçuluğa qarşı aksiya başlayıb
20.08.2017, 00:15

Barselonada terrorçuluğa qarşı aksiya başlayıb

Türkiyədə 2 İŞİD üzvü saxlanılıb
19.08.2017, 23:58

Türkiyədə 2 İŞİD üzvü saxlanılıb

Sabahdan metronun “Sahil” stansiyası işləməyəcək
19.08.2017, 23:42

Sabahdan metronun “Sahil” stansiyası işləməyəcək

Bəzi ərzaqlar ucuzlaşıb
19.08.2017, 23:17

Bəzi ərzaqlar ucuzlaşıb

19.08.2017, 22:59

"Mülki insanların hədəfə çevrilməsindən ən çox əziyyət çəkən dövlətlərdən biriyik" - Hikmət Hacıyev

IV Qara dəniz-Xəzər Beynəlxalq Nəqliyyat Forumu Batumidə keçiriləcək
19.08.2017, 22:44

IV Qara dəniz-Xəzər Beynəlxalq Nəqliyyat Forumu Batumidə keçiriləcək

Rusiya paytaxtının dəyişdirilməsi təklif olunur
19.08.2017, 22:28

Rusiya paytaxtının dəyişdirilməsi təklif olunur

"Qarabağ" yaşıl meydanı qələbə ilə tərk edib
19.08.2017, 22:10

"Qarabağ" yaşıl meydanı qələbə ilə tərk edib

"Kənd təsərrüfatı məhsullarının ixracı 40 faiz artıb" - İlham Əliyev
19.08.2017, 21:56

"Kənd təsərrüfatı məhsullarının ixracı 40 faiz artıb" - İlham Əliyev

Bakıda qadının aldığı ev başqasına satılıb - VİDEO
19.08.2017, 21:29

Bakıda qadının aldığı ev başqasına satılıb - VİDEO

ABŞ-ın ən böyük enerji şirkəti satılıb
19.08.2017, 21:11

ABŞ-ın ən böyük enerji şirkəti satılıb

Bu təbii vasitədən sonra POTENSİA ZƏİFLİYİNDƏN ŞİKAYƏTLƏNMƏYƏCƏKSİNİZ
19.08.2017, 20:56

Bu təbii vasitədən sonra POTENSİA ZƏİFLİYİNDƏN ŞİKAYƏTLƏNMƏYƏCƏKSİNİZ

Türk əsilli Almaniya vətəndaşı olan yazıçı həbs edilib
19.08.2017, 20:36

Türk əsilli Almaniya vətəndaşı olan yazıçı həbs edilib

Balakəndə çayda boğulan gəncin meyiti tapılıb
19.08.2017, 20:16

Balakəndə çayda boğulan gəncin meyiti tapılıb

Hindistanda qatar relsdən çıxdı: 10 ölü, 150 yaralı
19.08.2017, 20:02

Hindistanda qatar relsdən çıxdı: 10 ölü, 150 yaralı

Avstraliyada avtomobili kütlənin üzərinə sürüblər: 7 yaralı
19.08.2017, 19:50

Avstraliyada avtomobili kütlənin üzərinə sürüblər: 7 yaralı

Surtqutdakı silahlı hücumu İŞİD edib
19.08.2017, 17:51

Surtqutdakı silahlı hücumu İŞİD edib

Yaponiyada 9 nəfəri ildırım vurub
19.08.2017, 17:43

Yaponiyada 9 nəfəri ildırım vurub

İlham Əliyev Samuxa getdi
19.08.2017, 17:33

İlham Əliyev Samuxa getdi

Ermənistanda ağır qəza – 2 ölü, 7 yaralı
19.08.2017, 17:29

Ermənistanda ağır qəza – 2 ölü, 7 yaralı

Prezident respublika Süni Mayalanma Mərkəzinin açılışında - YENİLƏNİB
19.08.2017, 17:02

Prezident respublika Süni Mayalanma Mərkəzinin açılışında - YENİLƏNİB

Cümhuriyyətə intellektuallıq gətirən ilk “avropalı” ziyalılarımız- “AXC-100”
19.08.2017, 16:39

Cümhuriyyətə intellektuallıq gətirən ilk “avropalı” ziyalılarımız- “AXC-100”

İqtidar-müxalifət görüşü olmayacaq - AÇIQLAMA
19.08.2017, 16:35

İqtidar-müxalifət görüşü olmayacaq - AÇIQLAMA

Çaylarda vəziyyət necədir?
19.08.2017, 16:30

Çaylarda vəziyyət necədir?

Qubada 4 otaqlı ev yandı
19.08.2017, 16:19

Qubada 4 otaqlı ev yandı

Suriyada daha bir terror - ölənlər var
19.08.2017, 16:08

Suriyada daha bir terror - ölənlər var

“Atamın büstü sovet dövründə qoyulub, qızıl suyuna da salınmayıb” - Deputatdan AÇIQLAMA
19.08.2017, 15:45

“Atamın büstü sovet dövründə qoyulub, qızıl suyuna da salınmayıb” - Deputatdan AÇIQLAMA

İsveç 106 yaşlı miqrantı ölkədən çıxarır
19.08.2017, 15:30

İsveç 106 yaşlı miqrantı ölkədən çıxarır

Göygöldə “Çiçəkli” Su Elektrik Stansiyası istismara verilib
19.08.2017, 15:25

Göygöldə “Çiçəkli” Su Elektrik Stansiyası istismara verilib

İlham Əliyev Göygöldə uşaq bağçasının açılışında - YENİLƏNİB
19.08.2017, 15:20

İlham Əliyev Göygöldə uşaq bağçasının açılışında - YENİLƏNİB

“Bağçalar Təhsil Nazirliyinə qaytarılmalı, ayrıca bir komitə yaradılmalıdır” - Özəl bağçaları kim yoxlayır? 
19.08.2017, 14:45

“Bağçalar Təhsil Nazirliyinə qaytarılmalı, ayrıca bir komitə yaradılmalıdır” - Özəl bağçaları kim yoxlayır? 

Prezident Salyan üçün 11.8 milyon manat pul ayırdı
19.08.2017, 14:36

Prezident Salyan üçün 11.8 milyon manat pul ayırdı

ARXİV
SORĞU
Benzini hansı yanacaqdoldurma məntəqəsindən alırsınız?
Azpetrol-dan(48.9%)
SOCAR-dan(6.12%)
Lukoil-dan(17.3%)
Bunların heç birindən - başqasından(27.5%)