Modern.az

Yay dəbi – məşhur modelyerin MƏSLƏHƏTLƏRİ

Yay dəbi – məşhur modelyerin MƏSLƏHƏTLƏRİ

15 İyul 2017, 16:21

Artıq yay fəslinin bir ayını geridə qoyduq. Məlumdur ki, bu fəsillə əlaqədar olaraq havalar da isinib. Nəticə olaraq bu, birbaşa geyimimizə öz təsirini göstərir.

Bir çox xanımlar və bəylər yayda nə geyəcəklərini, çatışmayan hansı libaslar alacaqlarını fikirləşirlər. Bunun üçün də ilk növbədə həmin vaxt dəbdə nələrin olacağı ilə maraqlanırlar. Əbəs yerə deməyiblər ki, gözəllik ondur, doqquzu dondur.

 

Modern.az xanımlara və bəylərə bu işdə kömək etmək üçün 2017-ci ilin yay dəb rənglərinin hansılar olacağı və bu fəsillərdə hansı tip modellərə üstünlük veriləcəyini öyrənməyə çalışıb. Bu işdə bizə tanınmış modelyer Gülnarə Xəlilova kömək edib.

G.Xəlilova bildirib ki, 2017-ci ilin yay fəslində əsasən pastel tonları dəbdə olacaq:

 

“Son illərdə bir çox rənglər qalıcı təsirini göstərir. Bu ilki mövsümdə də bir sıra rənglər aktualdır. Bunlara pastel tonları daxildir. Məsələn,  çəhrayı, mavi rəngin tozlanmış, açıq qəhvəyi tonları  hazırda aktualdır. Daha sonra çəhrayı və krem rənginin qarışığı çox maraqlı rəngdir və dəbdədir. Yaşıl rəng təbiətin oyanışını ifadə edir və bu səbəbdən hər zaman öz aktuallığını qoruyub saxlayır. Qızılı, gümüşü  tonlar, sarı rəngin bütün tonları bu gün gündəmdədir. Həmçinin qeyd etmək lazımdır ki, qara, ağ və qırmızı rənglərdən nəinki, yayda digər fəsillərdə də hər zaman istifadə olunur”.

 

Modelyer yay dəbinin geyim formalarından və aksesuarlardan da söz açıb:

 

“Aksesuarlar demək olar ki, həm xanımların, həm də bəylərin vazkeçilməzidir. Bura eynəklər, şlypalar, qolbaqlar, sırğalar, şərflər, çantalar, ayaqqabılar, kəmərlər daxildir. Bu aksesuarları biz qış-yay istifadə edirik.

 

Düzdür, adətən gün eynəklərinə yay fəslində müraciət edirdilər. Lakin son zamanlar eynəklərin həm də qış fəslində istifadə edildiyini müşahidə edirik. Yəni bu aksesuar artıq həyatımızın bir hissəsinə çevrilib.

Bununla yanaşı, iri  və incə həcmli aksesuarlar dəbdədir. Məsələn, istifadə etdiyimiz bijuteriyalar, zinət əşyaları geyimə görə dəyişir. Çox sadə geyimlərdə iri həcmli, gözəgəlimli aksesuarlardan istifadə etmək olar, amma geyim daha al-əlvan olarsa, bu zaman aksesuar seçiminə diqqət etmək lazımdır.

Geyim formalarına gəldikdə isə bu, zövqə görə dəyişir. Dizin üstündə və ya altında, həmçinin yerə qədər olan uzunluqlu geyim formaları mövcuddur.  

Üslublar dəyişdikcə, zövqə görə  geyimlərdə qalınlıq, uzunluq, genişlik fərqli ola bilər. Artıq dizaynerlər də dəbdə olan üslubları elə formada təqdim edirlər ki, alıcılıq qabiliyyəti güclü olsun.

 

Çünki bütün dünyada iqtisadi problemlər öz sözünü deyir. Əlbəttə ki, bu gün onlar istehsal etdikləri aksesuarların, geyimlərin daha çox  satılmasını istəyirlər. Bu baxımdan mağazalarda hər bir zövqə uyğun çanta, ayaqqabı, aksesuar, yəni hər üslubda geyimlər mövcuddur. İstehlakçılara rahat seçim haqqı verilib”.

 

Günay RƏSULQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub