Modern.az

Üzük  

Üzük   

17 İyul 2017, 09:00

(hekayə)

          

Dan yeri ağarırdı.

Ağ örpəyə bürünmüş yollar uzaqdan qeyri-adi mənzərə yaradırdı. Eldəniz...Eldənizsə bu mənzərəni, bu gözəlliyi görəcək, onun dərinliklərini duyacaq ovqatda deyildi. Bütün gecəni onu çox narahat edən məsələ barədə düşünmüşdü. Səhər yuxudan ayılar-ayılmaz bu fikirlər yenə onu xəyallara dalmağa və daha çox narahat etməyə başladı: “Mən...mən ha bir qıza salam verəm, o isə mənim salamımı almaya, telefon nömrəsini istəyəm, rədd cavabı alam?! Dünyanın sonudur, nədir?..”

Belə gözəl bir qız olasan... Üstəlik də bu ağılın yiyəsi... Gördüklərinə inana bilmirdi Eldəniz.

Üç ay olardı ki, birgə getdikləri kursda tanış olmuşdu qızla. Tanış olmuşdu deyəndə ki, belə də uzaqdan-uzağa... Öz aləmində ona çox adlar qoymuşdu: Lalə, Nərgiz, bəlkə Xumardı deyə düşünmüşdü. Axır ki, böyük çətinliklər bahasına qızın rəfiqələrindən öyrənmişdi adını. Sən demə qızın adı Sevər imiş. Amma qız çox xoşuna gəlmişdi. Ətrafında çox dolanmışdı. Bir nəticə verməmişdi çalışmaları. Qızın haqqında yalnız bunları öyrənə bilmişdi: Dindar və ağıllı bir qızdır! Vəssalam.

...Südabə xala çoxdan oyanmışdı. Toyuqları dənləmiş, heyvanlara ot atmışdı. Şənbə günü olduğundan bu gün işə getməyəcəkdi. Məhərrəm ayı idi. Qonşular bir-birinin ardınca ehsanlar verir, nəzir-niyaz paylayırdılar. Dünənki ehsanı bişirmək onu möhkəm yormuşdu. Amma bu halı ona xoş gəlirdi. Təki balalarının və yoldaşının canı sağ olsun. Bunu düşünə-düşünə yenə də ürəyində dualar etdi: “Allah Əbülhəsəni mənə yenidən qaytarıb, onu balalarıma çox görməsin, onu qorusun” .

Əbülhəsənə on il bundan qabaq böyrək köçürmüşdülər. Həkimlər bu əməliyyata transplantasiya deyirdilər. Əməliyyat İranın paytaxtı Tehran şəhərində baş tutmuşdu. Bu zaman Südabə nələr çəkmişdi, onu bir Allah bilirdi! O vaxtdan ərinin qulluğunda əsirdi. Böyük övladları Xalid uzaq Rusiyada idi. Qızı Gülnarsa Sumqayıtda ailəsi, iki uşağıyla yaşayırdı. Bircə Eldəniz subaydı. O da Bakıda yaşayırdı. Amma bir ayağı kənddəydi. Tez-tez kəndə gələr, ata-anasını yoluxardı.

...Südabə xala Eldənizi çağırdı: “ay tənbəl, dur ayağa, gün-günorta oldu” məzəmmət edə-edə onun başını da tumarladı. Eldəniz anasının üstünə atıldı. Lap uşaqlıqdakı kimi üz-gözünü marça-murçla öpdü, xeyli uşaq şıltaqlığı edəndən sonra sakitləşib dedi:

-         Ana, hazırsanmı, nəyin var?

Südabə xala təəccübləndi:

-         Təki sən yemək istə, bala. Allahın verdiyindən hər şeyimiz var. Şükür Allaha, süd, yumurta, bal, pendir, yağ, nə istəyirsən hazırlayım sənə.

Eldəniz gülüb anasını qucaqladı:

-         Yemək demirəm, ay ana. Deyirəm, hazırsanmı elçi getməyə, nəyin var, nəyin yox.

-         Yoxsa qız tapmısan, ay qırışmal?

-         Ay ana, sənə bir qız tapmışam, amma nə dinmir, nə danışmır, nə gülmür, nə ağlamır, elə bil başqa planetdən gəlib ay ana, başqa planetdən.

Südabə xala təəccübləndi. İlk dəfə idi ki, onu belə qətiyyətli, həm də sevincli görürdü. Oğlunu qızlar haqqında razı salmaq müşkül olardı həmişə. Anasının bəyəndiyi bütün qızlarda mütləq bir nöqsan tapardı. Amma indi...

Südabə xala sevinc içində öz otağına keçib tez də qayıtdı. Əlində bir qutu vardı, gözlərinin içinədək yayılmış təbəssüm içində əli ilə qutunun qapağını qaldırdı. Üzük idi. Təkqaşlı brilyant üzük.

-         Bax, görüm bəyənirsənmi?

Eldəniz üzüyü görüncə qıpqırmızı pörtdü. Anasını qucaqlayıb hər iki üzündən öpdü.

-         Çox gözəldir, ay ana. Amma çətin bir məsələ də var axı... Mən bu qızla bir kəlmə də danışa bilmirəm, qız heç mənim üzümə də dönüb baxmır.

Südabə xala məəttəl qaldı:

-         Necə yəni üzümə baxmır? Bəs məni ələ salmısan, ay vələdüzüna?

-         Hə ana, mən onun dilini tapa bilməmişəmsə, deməli o çox ağıllı qızdır, onunla evlənmək olar. Amma birdən qız məni həqiqətən bəyənməsə, onda necə?..

Eldənizin ürəyini narahatlıq aldı.

Beləcə ana-balanın söhbəti yemək süfrəsinə qədər davam elədi. Eldəniz elə bil qanad açıb uçurdu – anasıyla da üstüörtülü şəkildə zarafatlaşdı. Tələsik mədəsinə bir-iki tikə yemək atmışdı ki, elə yeməkləri tam həzm etməmiş yavaşca anasına tərəf döndü:

-         Anacan, maşının açarları haradadır? Onları ver bir az gəzib gəlirəm.

Südabə  xala gözləmədiyi bu sualdan narahatlıq keçirdi:

-         Ay bala, qurban olum, axı sən bilirsən ki, sən maşın sürəndə atan bərk həyəcan keçirir. Axı sən maşını yaxşı sürə bilmirsən. Sən maşınla bir yerə gedib gələnə qədər bizim ürəyimiz qalmır.

-         Ay anam, narahat olma, Allah yazan ömrü heç kim poza bilməz, ya maşın sürüm, ya piyada gedim, nə fərqi.

Çox tərədddüddən sonra axır ki, yenə də həmişəki kimi Eldəniz deyən oldu. Anası “ay bala, yenə atana məni danladacaqsan” desə də açarları verdi.

Eldəniz açarları anasının əlindən alanda ona sanki dünyanı vermişdilər:

-         Ana, mən qızı razı salmalıyam, bu iş belə qala bilməz. Dünən qohum-əqrəbanın hamısına dəymişəm, hamıdan xeyir-dua almışam, atamı da sən başa sal!

Südabə xala süfrəni yığışdırmaq istəyirdi, amma nədənsə əlini saxlayıb eyvana çıxdı. Eldəniz tələsik qarajın qapısını açdı, dönüb eyvanda narahatlıqla onu müşayiət edən anasına həsrətli baxışlarla baxdı, əllərini sevinclə yelləyib maşına əyləşdi və sürüb həyətdən çıxdı.

Motorun səsini eşidən Əbülhəsən kişi əlindəki qəzeti yerə qoyub tez bayıra – eyvana gəldi:

-         Ay Südabə, yenə öz bildiyinizi elədiniz?! Axı mən sənə demişəm ki, açarı ona vermə, bilmirsən o maşını dəli kimi sürür?!..

Südabə “əşşi, nə edim çox sevincli idi, qəlbini sındıra bilmədim”  söyləyərək qılıqcıllıqla ərinin qoluna girərək onu sakitləşdirib evə saldı. Evdə fürsəti fövtə verməyib kişisinə oğlu ilə aralarında olan söhbəti çatdırdı.

Əbülhəsən kişi bir az duruxaraq ana-bala arasında olan söhbətə bir rəng də qatdı:

-         Heç olmasa, öyrənib ki, qız kimlərdəndi?

-         Vallah onu dəqiq bilmirəm, bircə bildiyim budu ki, qonşı kəndimizdəndi.  Amma Əbülhəsən, bu qız ürəyinə necə yatıbsa, vallah mən indiyə qədər Eldənizimizi bu qədər şad, qərarlı və xoşbəxt görməmişdim.

Beləcə, ər-arvad xeyli söhbətləşdilər. Onların müzakirələrindən heç yarım saat keçməmişdi. Südabə xala paltaryuyan maşını işə salmaq istəyirdi ki, birdən ərinin telefonuna zəng gəldi. Fikir vermədi. İşinə davam elədi. Birdən gözü ərinə sataşdı. Gördü Əbülhəsən telefon əlində səs çıxarmadan lal-mat durub. İçəri girdi:

-         Ay kişi, nə oldu, kim idi zəng eləyən?

Əbülhəsən güc-bəla ancaq bunu deyə bildi:

-         Eldəniz maşını əzib, tez ol gedək!

Südabə çaş-baş qaldı:

-         Necə yəni maşını əzib, özü necədi?!

Daha nə fikirləşməyə, nə də danışmağa macal yox idi. Ev paltarlarının üstündən palto atıb evdən çıxdılar.

Xəstəxanaya nə vaxt çatdıqlarını özləri də bilmədilər. Qonşu elə bil küçədə onları gözləyirmiş. Onun maşınına əyləşib özlərini xəstəxanaya çatdırdılar. Həkimlərin də çoxu qohum, tanış-biliş idi. Onlar Əbülhəsən kişinin xəstə olduğunu bilirdilər. Onu da bilirdilər ki, Əbülhəsən ikinci həyatını yuxarıda Allahın, aşağıda Südabənin hesabına yaşayır. Ona görə də bu müdhiş xəbəri zavallı ata-anaya ehmalca, yavaş-yavaş çatdırdılar. Sən demə, hadisə baş verən andaca Eldəniz dünyasını dəyişibmiş...

Bu ağır olaydan üç ay keçmişdi. Hələ də heç biri Eldənizin yoxluğına alışa bilmirdi. Südabə xala narkozdan ayılan xəstə kimi gözü daim o yan-bu yanı axtarırdı. Ona elə gəlirdi ki, oğlu indicə hardansa çıxıb gəlib onun boynunu qucaqlayacaq. Ya son dəfə olduğu kimi, ya da sadəcə bir uşaq şitliyi-şıltaqlığı ilə. Təəssüf ki, bu xəyallar nə doğrulur, nə də sona çatıb onu tərk edirdi.

...Südabə xalaya xəbər vermişdilər ki, hansısa bir qız gəlib Eldənizin məzarı üstündə yasin oxuyur, dualar edir. Bu isə cümə günləri baş verir. Maraqlandı. İzə düşdü, nəhayət öyrəndi ki, bu qız qonşu kənddə uzaq qohumlarından birinin qızıdır.  Ananı fikir götürdü. “Axı qohumdursa, bəs niyə qız uşağı tək gəlir, qoy valideyni gəlsin...”

Bir neçə gün də keçdi. Südabə xala Eldənizin sonuncu baxışlarını gördüyü eyvanda oturmuşdu. Bu baxışları o, heç unuda bilmirdi. Zaman keçdikcə o həsrətli baxışları daha çox dərk edirdi. Məgər o hiss edibmiş bu onun həyətdən son gedişidi. Bu fikir ananı heç rahat buraxmırdı. Birdən darvaza açıldı. Südabə yerindəcə donub qaldı. Sanki bir anlıq heç nə olmayıbmış kimi, ümidlə darvazaya baxdı. “Kaş yuxu olaydı, elə indi ayılaydım, Eldənizi qapıdan girən görəydim” – düşündü. Bu fikri indiyədək nə qədər xəyalında canlandırıb ağlından keçirmişdi, ilahi!

Gələnlər gənc bir qızla orta yaşlı qadın idi. “Yəqin kimsə uzaqda qalan imiş, xəbəri indi eşidib gəlib” düşünərək tez durub pilləkənlərlə aşağı düşdü. Görüşüb-öpüşdülər. Ana dil-ağız edirdi. Südabə xalanın fikri qızda qalmışdı: “Nə gözəl qızdı, ay Allah! Yaradan sahibinə bağışlasın!”- fikrindən keçirib köks ötürdü.

Qəfil qonaqlar yuxarı çıxıb əyləşdilər. Heç kim bir-birini tanımırdı. Söhbəti necə açmağın, hardan başlamağın yolunu tapa bilmirdilər.

Südabə xala çay gətirdi. Əlinə gələn nemətlərdən masanın üstünə qoydu. Amma hələ də gələnlərin kim olduğunu aydınlaşdıra bilmirdi. Xeyli düşündükdən sonra sükutu gələn qadın pozdu:

-         Vallah, bilmirəm heç necə deyim, sizin yaranızın qaysağını qoparmaq istəməzdim, amma məni Sevərin inadkarlığı, təkidləri vadar elədi ki, sizinlə görüşək.

Sevər?!.. Sevər sözünü eşidən kimi Südabənin bənizi ağardı, ürəyi əsim-əsim əsməyə başladı, bədəninə soyuq tər gəldi. Hər tərəf qaranlığa büründü. Gələn qadın özünü itirdi, bir anlıq nə edəcəyini bilmədi. Qız tez qaçıb mətbəxdə suyu tapdı və bir stəkan doldurub Südabə xalaya gətirdi. Südabə suyu içəndən sonra özünə gələr-gəlməz qızın gözlərinin içinə baxdı, baxdı... Ana sanki qızın gözlərinin içində Eldənizi görmək istəyirdi. “Mənim Eldənizim ancaq belə bir qızı sevə bilərdi” – xəyalından keçirdi. Ananın bu halını görən qızda qorxu hissi yarandı. Onun baxışlarının içində sevgi, mərhəmət qarışıq bir vahimə də yaranmışdı. Qız düşündü ki, “bəlkə də nahaq gəlib ananın dərdini bir az da artırıb”.

Südabə xala Sevəri qucaqlayıb bağrına basdı, bərk-bərk özünə sıxdı, ürəyinin döyüntüsünü hiss etdi. Sonra əlini onun saçlarında, üzündə gəzdirdi, hönkürtüylə, ürəyi boşalana qədər ağladı.

Xeyli söhbət etdilər. Sən demə, onlar Əbülhəsən kişiyə uzaq qohum imişlər. Bu faciə haqda gec xəbər tutublar. Təxminən iki ay sonra. Qonşu qızlar Sevərə deyəndə, o, inanmayıb, düşünüb yəqin Eldəniz bu sözü çıxarmaqla onu özü ilə danışdırmaq istəyib. Sonra təsadüfən qəbristanlığın yaxınlığından keçəndə baş daşının üzərində Eldənizin şəklini görüb. Bu zaman dəhşətə gəlib, yerindəcə donub qalıb. Bundan sonra hər cümə günü gəlib Eldənizin qəbri üstündə yasin oxumağa başlayıb...

...Südabə xala Sevərlə bir neçə dəfə görüşdü. Münasibətləri getdikcə dərinləşirdi. Birdən Südabə xala bu münasibətlərə görə narahat olmağa başladı. Axı Sevərin öz həyatı var idi. O da öz həyatını yaşamalıydı. Elə Sevərin anası da belə düşünüb qızının gələcəyinə görə narahatlıq keçirməyə başlamışdı. Beləcə, bir qədər məsafə saxlamalı oldular.

...İki il keçdi. Bir gün onları toya dəvət etdilər. Sevərin toyuna. Südabə xala çox etiraz etdi. “Ay bala, sən ailə qurursan, birdən evinizə söz-söhbət salarıq, bizə onsuz da olan olub”. Amma Sevəri razı salmaq mümkün olmadı. Öz dediyindən dönmədi ki dönmədi: “Siz orda olmalısız, vəssalam!”.

Toy həyəti çox gözəl idi. Çal-çağır, deyib-gülmək, hər şey yerli-yerində. Bircə Əbülhəsən kişi ilə Südabə xala büruzə vermək istəməsələr də, çox ağır anlar yaşayırdılar. Oğlan evi də onlarla bərabər həyətə girmişdi. Südabə xala ayaq üstdə güclə dayanırdı. Əlindəki hədiyyəsini bərk-bərk tutmuşdu. Onu ünvanına çatdırmalıydı. Bircə hər şey tez qurtaraydı. Hara baxırdısa Eldənizin gülən çöhrəsini görürdü.

Onları çox hörmətlə qarşıladılar. Uzaq qohum kimi məclisin yaxşı yerində otuzdurdular, xeyir-dua söyləmək üçün söz də verdilər. Bu zaman Südabə xala əlindəki hədiyyəni açdı. Sevəri mağarın ortasına çağırıb əlindəki təkqaşlı brilyant üzüyü qızın barmağına taxdı və pıçıltıyla qızın qulağına dedi: “Bu, Eldənizin sənə hədiyyəsidir”.

İndi bu toydan üç il ötür. Sevər iki uşaq anasıdır. Südabə xala Allahın bəxş elədiyi ömür payını yaşayır. “Təki Sevərin xoşbəxtliyi ilə Eldənizin ruhu şad olsun” təsəllisi ilə...

 

Səadət Qüdrətqızı 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir