Modern.az

Sumqayıt sakinlərini zəhərli tüstüyə boğanlar kimlərdi?..  

Sumqayıt sakinlərini zəhərli tüstüyə boğanlar kimlərdi?..   

17 İyul 2017, 15:21

Dünən - 16 iyul axşam saatlarından etibarən yenidən Sumqayıt şəhərini böyük ölçüdə tüstü-yanıq qoxusu bürüdü. Xatırlayırsınızsa, 2 il öncə ölkə mediasında Sumqayıtın çıxışında yerləşən və şəhərin bütün məişət tullantılarının atıldığı poliqonda zibilin yandırılması ilə bağlı həyəcan təbili çalındı və problem xeyli dərəcədə qabardıldı. Həmin videogörüntülər şəhərdə ekoloji cəhətdən ciddi problemlərin olduğunu sübut etdi. Bir müddət sonra bu barədə tədbir görüldü, ərazi torpaqlandı, problemə məsul qurum rəhbərlərinə son tapşırıqlar verildi. Bununla tullantıların yandırılmasının qarşısı alındı. Lakin...

Son bir ildə bir neçə dəfə poliqonun yandırılması faktları aşkarlanıb. Təəssüf ki, dünənki vəziyyət yenidən kritik həddə çatdı və problemin yenidən baş qaldırmasını göstərdi. Hətta şəhərin 1, 2, 3, 5, 8, 9-cu mikrorayonlarında, 34, 36, 41, 42, 45-ci məhəllərində daha kəskin hiss olunurdu. Doğrudan da şəhərin mərkəz hissələrində nəfəs almaq da müşkülə çevrilmişdi.

Xatırladaq ki, Məişət Tullantıları Poliqonu Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin nəzdində olan "Sumqayıt şəhər Təmizlik Departamenti” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) balansındadır. İstehsalat və məişət tullantıları haqqında qanunda da belə tələb olunur ki, məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi bilavasitə yerli icra hakimiyyətlərinin müvafiq strukturları tərəfindən həyata keçirilir. Qeyd edək ki, İndiyədək - son 4 ildə Sumqayıt şəhər Təmizlik Departamenti bu məsələlərlə bağlı İnzibati Xətalar Məcəlləsinin 276.1 maddəsinə əsasən inzibati qaydada 27500 manat cərimə olunub. Eyni zamanda onlara məcburi qaydada göstərişlər verilib, aidiyyəti qurumlar qarşısında məsələlər qaldırılıb. Lakin təəssüflər olsun ki, indiyə kimi bu aktual məsələlər öz həllini tapmayıb. Hələ də poliqonun ərazisi hasarlanmayıb, giriş-çıxışa şlaqbaumlar qoyulmayıb, habelə kənar şəxslərin əraziyə daxil olmasına nəzarət olunmur.

Bu vəziyyət davam etdikcə, aydın olur ki, sözgedən poliqona məsul olan şəxslər şəhərin ekologiyası, insanların sağlamlığını düşünmək əvəzinə öz şəxsi mənafelərini güdür. Onlar zibili daşımaq, basdırmaq, yaxud digər müvafiq vasitələrlə "zərərsizləşdirmək” əvəzinə daha asan – lakin ekologiya, insan sağlamlığına çox təhlükəli olan bir yolu - yandırmağı seçirlər. Və iyulun 16-dan 17-nə keçən gecə saatlarında Sumqayıt sakinləri zəhərli tüstü ilə yenidən boğulmaqda idi...

Sumqayıt sakinləri bu halı bir daha kəskin şəkildə tənqid edir, bu işə məsul qurumlardan izahat tələb edir. Eyni zamanda Sumqayıt rəhbərliyindən məsələyə reaksiya verməyi, problemin həll olunması istiqamətində konkret addımların atılmasını xahiş edir.

“Sumqayıt şəhərində aparılan abadlıq-quruculuq işlərini, şəhərdə həm ekoloji, həm də estetik baxımından gərəkli olan ağaclarının əkilməsini, kompleks yaşıllaşdırma tədbirlərinin aparılmasını nəzərə alsaq, bu olay həyata keçirilən böyük iş və layihələrə kölgə sala bilər. Ümidvarıq ki, tezliklə həll olunan digər məsələlər kimi, şəhər rəhbərliyinin dərhal müdaxiləsi nəticəsində bu problem də dərhal həllini tapacaq. Hər halda məişət tullantılarının utilizasiyası zavodunun tikilməsinə qədər Sumqayıt sakinlərinin bu tüstüdə boğulmağa haqları yoxdur!”,-deyə sakinlər bəyan ediblər.

 

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi