Modern.az

Nazirlikdən çağırış: odla ehtiyatlı olun, meşələri qoruyun

Nazirlikdən çağırış: odla ehtiyatlı olun, meşələri qoruyun

17 İyul 2017, 21:58

İyulun 17-də, saat 16 radələrində Bakı-Quba yolunun Şabran rayonundan keçən hissəsində, bələdiyyə torpağında quru ot örtüyündə başlamış yanğın güclü külək nəticəsində sonradan Şabran Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin yol kənarındakı “terras” adlanan ərazisinə keçib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, naməlum səbəbdən baş verən yanğının söndürülməsi üçün əraziyə dərhal Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Şabran rayon Yanğından Mühafizə Dəstəsinin əməkdaşları cəlb edilib.

Yanğının əhatə etdiyi ərazi hündür yamaclıqdan ibarət olduğundan əsasən əl əməyindən istifadə edilməklə həyata keçirilən intensiv tədbirlər nəticəsində yanğın saat 18-30 radələrində söndürülüb. İlkin hesablamalara görə, yanğın ətrafdakı bələdiyyə torpaqlarında xeyli sahəni əhatə etsə də, meşə torpaqlarına aid təxminən 15 hektar ərazidə quru ot örtüyü və kol-kos yanıb, ağaclara ziyan dəyməyib.

Yanğının yol kənarından keçən vətəndaşların odla ehtiyatsız davranması səbəbindən baş verməsi ehtimal edilir. Yanğının baş vermə səbəbinin dəqiqləşdirilməsi və dəymiş ziyanın həcminin müəyyən olunması üçün araşdırmalara başlanılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi təəssüflə bildirir ki, bəzi vətəndaşların ehtiyatsızlığı və məsuliyyətsizliyi nəticəsində meşə zolağına od düşür, bəzən qarşısı alınmaz yanğınlar törənir. Nazirlik bu cür məsuliyyətsizliyi qınayır və vətəndaşları belə halların baş verməməsi üçün diqqətli olmağa çağırır. ETSN havaların isti keçməsi ilə əlaqədar əhalini bir daha təbiətdə olarkən odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi normalarına riayət etməyə, söndürülməmiş siqaret kötüklərini ətrafa atmamağa, yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə, meşələrimizi və yaşıllıqları qorumağa çağırır.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi