Modern.az

Stalinin “Lenin”, İlham Əliyevin “İstiqlal” ordeni ilə mükafatlandırdığı bakılı neftçi... - MARAQLI  

Stalinin “Lenin”, İlham Əliyevin “İstiqlal” ordeni ilə mükafatlandırdığı bakılı neftçi... - MARAQLI   

17 İyul 2017, 22:48

“Toyum olduğu gün düşünürdüm ki, heç olmasa saat 5-də işdən çıxa biləcəm. Günortaya yaxın dedilər ki, nahar fasiləsindən sonra Kaqanoviç müşavirə keçirəcək. Müşavirədə iştirakım mütləq idi. Vacib məsələlər müzakirə olunacaqdı. Cavabdeh olduğum sahələrlə bağlı məlumatlar verməliydim, sualları cavablandırmalıydım. Təbii ki, belə bir ciddi müşavirədən yayınmağım, yaxud icazə almağım mümkün deyildi. Saat 5, müşavirə davam edir, saat 6, yığıncağın qərarları müzakirə olunur. Toy isə başlanmalıdır, qonaqlar artıq yığışıb, məni gözləyirlər. Elə bil tikanın üstündə əyləşmişdim. Elə bu məqamda işlər idarəsinin müdiri Kaqanoviçə müraciət etdi:


- Lazer Moiseyeviç, bu gün Baybakovun toyudur, bəlkə onu müşavirədən azad edək?


- Doğurdan? Yaxşı... – deyə Kaqanoviç cavab verdi və dərhal da müşavirənin qəbul etdiyi qərarla bağlı münasibətini bildirməkdə davam etməyə başladı.


Saat 7-də iclas sona çatdı. Təxminən 8 radələrində mən bəy qismində özümü məclisə çatdırdım. Hamı məni gözləyirdi. Dərhal badələri süzüb şərəfimizə qaldırdılar. Sonra da təbii ki, “Qorko” qışqırmağa başladılar. Cəmisi bir qədəh araq içdim. Başımda dəhşətli bir uğultu yarandı, gözlərimdə sanki hər şey uçurdu. Əvvəllər heç vaxt belə halla rastlaşmamışdım. Vəziyyətimi çətinliklə olsa da, ailə qurduğum xanıma başa salmağa çalışdım:


- Klava, vəziyyətim çox pisdir, dayana bilmirəm, uzanmaq istəyirəm...


O sakitcə cavab verdi:


- Axı bizim toyumuzdur, belə yaxşı alınmaz, bəs qonaqlarımız nə düşünər?


Bax beləcə toy günümdə gedib yatdım. Hətta qonaqlara deyə bilmədim ki, onlar üçün istirahət evində yer də hazırlanıb. Səhər oyananda mütəəssr halda özümü çox narahat hiss edirdim...”.

Bu, gənclik xatirələrinin müəllifi məşhur neftçi, tanınmış dövlət xadimi, uzun illər Moskvada yüksək vəzifələrdə çalışmış Baybakovdur.

Modern.az saytı Nikolay Baybakovla bağlı yazını təqdim edir.

Nikolay Baybakov 1911-ci ildə Bakının Sabunçu qəsəbəsində neftçi ailəsində anadan olub. Azərbaycan Neft və Kimya İnstitutunu bitirdikdən sonra Bakı neft mədənlərində mühəndis kimi əmək fəaliyyətinə başlayıb. O, çoxillik əmək fəaliyyəti dövründə “Leninneft” trestinin müdiri, SSRİ xalq neft sənayesi komissarı, SSRİ neft sənayesi naziri, SSRİ Dövlət Plan Komitəsinin sədri, SSRİ Nazirlər Soveti sədrinin müavini, bir neçə çağırış SSRİ Ali Sovetinin deputatı, Sov.İKP MK-nın üzvü olub.

Böyük Vətən müharibəsi dövründə - 1942-ci ildə Baybakov şəxsən Stalinin əmri ilə ön və arxa cəbhənin yanacaq-sürtkü materialları ilə təchiz edilməsi üzrə müvəkkil vəzifəsinə təyin edilib. Bu vəzifədə gördüyü işləri, SSRİ-nin ağır illərində gərgin və səmərəli fəaliyyətini bakılı neftçinin müstəsna xidmətləri kimi qiymətləndirilə bilər. Baybakov yanacağın çıxarılması və lazımi yerlərə çatdırılması prosesini bütünlüklə tənzimləməyə nail olub. Həmin illərdə SSRİ neft-qaz sənayesinin təməlinin qoyulmasında, zəngin yataqların işlənmilməsində, yeni zavodların tikilməsində Baybakovun xidmətləri danılmaz faktdır.



Nikolay Baybakov xatirələrində Stalinlə ilk görüşü haqqında təəssüratlarını belə bölüşüb:

“Stalinlə ilk dəfə 1940-cı ilin birinci yarısında görüşmüşəm. Mən onda Neft Sənayesi komissarlığının 1-ci müavini vəsifəsində çalışırdım. Komissar isə Lazer Kaqanoviç idi. Görüş Kremldə keşirilirdi və Siyasi Büronun bütün üzvləri iştirak edirdi. Gürüşün keşirilməsində məqsəd SSRİ-də neft sənayasinin problemlərinin araşdırılması idi. Bu sahə Stalini çox narahat edirdi. Əvvəlcə ölkənin neft sənayaesi ilə bağlı məlumat vermək üçün birbaşa bu sahəyə rəhbərlik edən Kaqanoviçə söz verildi. Ancaq o, bu sahənin mütəxəssisi deyildi, ona görə vəziyyətlə bağlı məlumatları vermək üçün mənə söz verilməsini büro üzvlərindən xahiş etdi. Mən bütün diqqətimi cəmləşdirib neft sənayesi ilə bağlı mövcud vəziyyəti 30 dəqiqə ərzində nəql etdim. “İkinci Bakı” adlandırılacaq Başqırdıstanda neft sənayesinin inkişafı ilə bağlı konkret təkliflərimi irəli sürdüm. Çıxışım zamanı Stalin məni çox diqqətlə dinləyirdi. Bir dəfə də olsun sözümü kəsmədi. Çıxış edib qurtardıqdan sonra o çox sakit tonla bir neçə sual verdi. Bütün cavablarım konkret oldu. Çünki mən yaxşı bilirdim ki, Stalin ümumi sözləri, ümumi fikirləri qəbul etmir. Elə həmin görüşdə mənim təkliflərim əsasında Nazirlər Şurasının SSRİ-də neft sənayesinin inkişafının təkmilləşdirilməsi ilə bağlı qərarının layihəsi hazırlandı, bununla bağlı Stalin konkret şəxslərə lazımi göstərişlər verdi və işin icrası üçün tarixləri müəyyənləşdirdi. Bu görüşdə hiss etdim ki, çıxışım və təkliflərim rəhbərin xoşuna gəlib...”.

Baybakov Stalinlə növbəti görüşündə rəhbərin erməni komissara əsəbləşdiyindən də söhbət açıb:

“1940-cı ildə neft sənayesi komissarı Kaqanoviçi İvanov vilayət partiya komitəsinin birinci katibi Sedin əvəzlədi. Bu təyinatdan az sonra Stalin yenə də Siyasi Büronun üzvləri ilə birlikdə bizi kabinetinə dəvət etdi. Ümumi vəziyyət haqqında komissarın birinci müavini kimi kiçik bir məruzə etdim. Bu dəfə də Stalin məni diqqətlə dinlədi və çıxışımın sonunda aramızda dialoq yarandı, onun bütün suallarına konkret cavab verdim. Söhbətimiz əsnasında Stalin öz dəftərçəsinə qeydlər edir, yeni neftayırma zavodunun tikilib istismara verilməsi üçün o dövrdə Nazirlər Şurası sədrinin müavinləri olan Beriya və Voznesenskiyə müvafiq tapşırıqlar verirdi.


İclasda mən və digər neft sənayesində çalışan məsul şəxslər mədənlərə göndərilən boruların keyfiyyətsiz olması ilə bağlı şikayətimizi bildirdik. Stalin bu məsələ ilə bağlı komissar Sedinə söz verdi. Heç vaxt bu sahədə işləməyən Sedin bir neçə qırıq-qırıq cümlə işlətdikdən sonra susdu. Stalin çox sərt baxışla onu süzüb başını buladı və məndən izahat istədi. Mən boruların tərkibinin normada olmadığını izah etdim və həmin boruları hazırlayan Qara Metallurgiya Komissarlığını suçladım. Stalin elə həmin anda telefonun dəstəyini götürüb qara metallurgiya komissarı Tevosyana zəng vurdu:


- Yoldaş Tevosyan, əgər çox ciddi məşğul deyilsinizsə, təcili mənim kabinetimə gəlin...


Həmin komissarlıq Kremldən çox da uzaq deyildi. Tevosyan artıq 10 dəqiqədən sonra rəhbərin kabinetində idi. Stalin stolunun arxasından durub gəzişərək üzünü ona tutdu:


- Yoldaş Tevosyan, burada Baybakov şikayətlənir ki, mədənlərdə qəza hallarının əsas səbəbi sizin hazırladığınız boruların keyfiyyətsizliyi ilə bağlıdır. Öz aranızda bunu araşdırın görək bu nə məsələdir?


Deyirlər ki, ən yaxşı müdafiə hücumdur. Tevosyan da bu metoddan istifadə etməyə başladı. Məntiqsiz fikirləri ilə günahı öz üstündən götürməyə çalışdı. Bir-necə dəqiqə onunla mübahisə etməli oldum. Pəncərənin qarşısında dayanan Stalinin səsi mübahisəmizə son qoydu:


- Siz mübahisə edin, bir-birinizi söyün, biz də sizə qulaq asaq. Yoldaş Tevosyan, nə etmək lazımdır?


- Yoldaş Stalin, biz bu məsələni dərindən öyrənəcəyik, calışacağıq ki, problemi aradan qaldıraq


Stalin kinayə ilə ona baxıb təəssüf hissi ilə cavab verdi:


- Sizdə heç nə alınmayacaq, yoldaş Tevosyan. Necə ki, yaşlı bir kişi cavan bir qızla evlənəndə heç nə alınmır və həmin yaşlı kişi həm özünə, həm də o cavan qıza əziyyət verir ha, sizin də işiniz buna bənzəyəcək. Siz mənə deyin görüm boruların keyfiyyətli olması üçün nə lazımdır?


- Boruların hazırlanmasında molibden lazımdır


- Nə qədər?


- Heç olmasa 300 ton.

Stalin bu dəfə Nazirlər Şurasının sədr müavini, Dövlət Plan Komitəsinin sədri Voznesenskiyə üz tutdu:

- Niyə molibdenlə təmin etmirsiniz?


- Hazırda molibden yoxdur. Ancaq ehtiyatda var, “NZ”də


- “NZ” nə üçündür? Yəni yeməyə heç nə olmayanda oradan istifadə etmək üçün. Elədirmi, yoldaş Voznesenski? Təcili olaraq 300 ton molibden ayırın boruların hazırlanmasına...

Stalinin bu cür iş prinsiri mənim çox xoşuma gəlirdi. O, konkretliyi, dəqiqliyi sevirdi, problemi yerindəcə həll etməyə üstünlük verirdi...”.


Stalinlə Baybakovun ən qısa görüşü isə 1942-ci ildə olub:

“1942-ci ilin isti yay günlərinin birində Kremldən mənə zəng vurub dedilər ki, təcili Stalinin qəbuluna gəlin. Dərhal Kremlə yollandım. Stalin mənimlə əllə görüşüb əyləşməyə yer göstərdi. Sonra kabinetdə gəzişərək birbaşa mətləbə keçdi:

- Hitler Qafqaza can atır, elan edib ki, Qafqazın neftini ələ keçirməklə müharibədə qələbə qazanacaq. Elə etmək lazımdır ki, almanlar bir damcı da olsa neft əldə edə bilməsinlər. Nəzərə alın, əgər Qafqaz neftindən bir ton belə Hitlerə çatsa, güllələnəcəksiniz.


Aramla və sakit danışmasına baxmayaraq səsinin tonunda əvvəlkilərdən də çox ciddilik və tələbkarlıq var idi və o fikirlərini davam etdirirdi:

- Onu da nəzərə alın ki, alman qoşunlarının işğal etmək istədiyi, ancaq edə  bilmədiyi yerlərdə neft mədənlərini vaxtından əvvəl ləğv etsəniz və bizi neftsiz qoysanız yenə də güllələnəcəksiniz.


Mən Stalini anlayırdım. Amma qarşıma qoyulan şərtlərin kəskinliyini, sərtliyini də düşünürdüm və nəhayət cəsarətə gəlib dedim:


- Siz mənə əlavə seçim imkanı vermədiniz...


O, iki barmağını gicgah nayihəsinə qoyub dedi:


- Seçim sizin başınızda olmalıdır, düşünün və təcili Qafqaza yollanın.


Stalinin bu cür sərt şərtlərini təbii qəbul etdim. Çünki müharibədə real vəziyyətin necə olduğunu bilirdim. Əslində “güllələnəcəksən” ifadəsi də çox qorxurtmurdu məni. Çünki var gücümlə calışacaqdım ki, almanlara neft çatmasın. Və biz bu işin öhdəsindən gəldik, lazım olan yerlərdən nefti və neft avadanlıqlarını arxa cəbhəyə göndərərək mədənləri betonla doldurduq. İşğal ehtimalı az olan yerlərdə neft mədənlərimiz işlədi. Ən əsası Bakı nefti qorundu...”.


Əslində Stalinin Baybakova zəngi ilə bağlı dillərdə dolaşan lətifə heç də zarafat deyilmiş, yuxarıdakı görüşlər kimi həqiqətlərin məhsulu imiş:


Böyük Vətən müharibəsi illərində Stalin Baybakova zəng vurur:


“- Yoldaş Baybakov, qısa müddət ərzində yeni neft yataqları açılıb istismara buraxılmalıdır.


Baybakov bunun belə tezliklə mümkün olmadığını söyləyəndə rəhbər cavab verir:


- Neft olacaqsa Baybakov da olacaq, neft olmayacaqsa Baybakov da olmayacaq”.


Nikolay Baybakov 33 yaşında SSRİ-nin neft sənayesi komissarı (naziri) təyin olunub. 30 noyabr 1944-cü ildə SSRİ Ali Soveti Rəyasət heyətinin qərarı ilə Sedin komissar vəzifəsindən azad olunub. Növbəti qərarla isə Baybakov neft sənayesi komissarı vəzifəsinə təyinat alıb. Adətən komissar təyinatından əvvəl namizədlər Kremldə söhbətə çağırılırmış və onlar öz təyinatlarından xəbərdar olurmuşlar. Ancaq Baybakova bu haqda heç nə deməyiblər. Təyinatdan bir müddət sonra Stalin onu Kremlə dəvət edib. Bu məsələ də Baybakovun xatirələrində əks olunub:


“Stalin məni Kremlə dəvət etdi. Kabinetdə əlimi sıxıb:


- Siz komissar təyin olunmusunuz, təbrik edirəm – dedi.


Mən təşəkkürümü bildirdim və özümdə cürət tapıb Stalinə müraciət etdim:


- Yoldaş Stalin, icazə olar bir sual verim?


Stalin başı ilə razılıq verdi.


- Niyə mən komissar olmağım haqqında xəbərdar olmamışam, heç kim mənimlə söhbət etməyib?


- Baybakov, biz öz kadrlarımızı yaxşı tanıyırıq. Sən yeni neft mədənlərindən danış, SSRİ-nin “İkinci Bakı”sı nə vaxt olacaq?


Mən ona Kuybışev və Başqırdıstandakı vəziyyətlə bağlı geniş məlumat verdim, hansı avadanlıqların lazım olduğunu söylədim. O, dərhal Beriyaya zəng vurdu:


- Lavrenti, Baybakov səndən nə istəsə hamısını ver...”.


Baybakov komissar olarkən Beriya Nazirlər Şurasının sədr müavini vəzifəsində işləyib və SSRİ-nin yanacaq məsələləri onun kurasiyasında olub. Bu isə o deməkdir ki, Baybakov birbaşa Beriya ilə işləmək məcburiyyətində qalıb. Beriya ilə Baybakovun münasibətləri həmişə son gərgin həddə dirənib. Elə bir görüş olmayıb ki, Baybakov onun dilindən öz ünvanına “ayaqlarını sındıraram”, “türmədə otuzduraram”, “sürgünə göndərərəm” kimi ifadələr eşitməsin. Beriyanın Baybakova qarşı ən şox işlətdiyi ifadə isə “Səni çıxdığın neft qülləsindən ataram” ifadəsi olub. Təbii ki, Beriyadan hər şey gözləmək olardı, amma buna baxmayaraq Baybakov biliyi, bacarığı, təcrübəsi və ən nəhayət cavan yaşlarından müdrikliyi ilə bu gərgin münasibətlərdən həmişə sağ çıxmağı bacarıb.


Ümumiyyətlə, Nikolay Baybakov Stalindən Yeltsinədək bütün rəhbərlərlə yüksək səviyyədə normal, işgüzar münasibətdə olub. Bu münasibətlərin arxasında adi bir təbəssüm, yaxud xoş, mədəni rəftar deyil, onun sırf peşəkarlığı, işgüzarlığı dayanıb.


Baybakov gənc yaşlarından fəaliyyətini Moskvada davam etdirsə də, o, Azərbaycanı həmişə özünə vətən hesab edib, əlaqələrini Azərbaycanla kəsməyib, doğma yurda sevgisinin təzahürü olaraq Azərbaycanla bağlı yazdığı bir-neçə kitabının birini “Mənim Vətənim Azərbaycandır” adlandırıb. O, SSRİ Dövlət Plan Komitəsinin sədri vəzifəsində şalışarkən Azərbaycanın iqtisadi inkişafı üçün də az işlər görməyib. O, uzun illər Rusiya-Azərbaycan Dostluq Komitəsinə rəhbərlik edib. Görkəmli siyasi xadim Heydər Əliyevlə, məşhur neftçi Fərman Salmanovla, əməkdar mühəndis Əliş Ləmbəranski ilə sıx dostluq münasibətləri olub.


Baybakovun xidmətləri zaman-zaman ali mükafatlarla dəyərləndirilib. 200-ə yaxın elmi əsərin müəllifi olan Baybakov Sovet İttifaqı Qəhrəmanı, altı dəfə “Lenin” ordeni, “Oktyabr İnqilabı” və “Qırmızı Bayraq” ordenləri ilə təltif edilib, Lenin mükafatına və bir sıra digər yüksək təltiflərə layiq görülüb.


O, özünün ilk yüksək mükafatını - “Lenin” ordenini 1942-ci ildə Stalindən alıb, sonuncu yüksək mükafatı isə 2006-cı ildə, 95 illik yubileyində Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə “İstiqlal” ordeni olub.


Nikolay Baybakov 2008-ci ildə 97 yaşında Moskva şəhərində vəfat edib, Moskvanın Novodeviçye qəbirstanlığında dəfn olunub.



İlham Cəmiloğlu 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?