Modern.az

Yatmayan şəhər - Üç imperiyanın paytaxtından REPORTAJ

Yatmayan şəhər - Üç imperiyanın paytaxtından REPORTAJ

18 İyul 2017, 14:03

 

İstanbul iki qitədə (Avropa və Asiya) yerləşən qədim və zəngin şəhərdir. Şəninə uzun-uzun dastanlar, mahnılar, bəstələr ithaf olunub. Bu şəhəri  kəşf etmək istəyirsənsə, mütləq bura  ayaq basmalısan. O zaman bu şəhərin tarixiliyini, zəngin mədəniyyətə sahib olduğunu yaxından görmüş olacaqsan.

Modern.az-ın əməkdaşı İstanbuldan yazır:

 

Geridə qalan bir il və Türkiyənin hazırkı görkəmi

İstanbula səfərimiz 15 iyul öncəsinə təsadüf edirdi. O 15 iyul ki, ötən il tarix yazıldı.  Türk xalqı ayaqda qalmaq üçün dirəniş göstərdi. Əlbəttə, bir il uzaq tarix deyil. Dünya müdhiş olayları unutmayıb. 2016-ci ilin 15 iyul gecəsi paytaxt Ankarada hakimiyyəti devirmək istəyən qüvvələrin planı baş tutmadı. Buna baxmayaraq, ötən bir il ərzində  ard-arda törədilən terror hadisələri az da olsa, ölkənin əsas turizm potensialını zədələyib.

Məsələn, başlayaq Atatürk hava limanından. Burada  fərqli mənzərə göz oxşayırdı. Yəni Türkiyəyə kənardan baxış bucağında fərqlilik mütləq  hiss olunur. Bura yollanmaq istəyən qərbli vətəndaşların sürətli axını səngiyib. Ortada məlum səbəblər var. Terror qorxusu insanların düşüncəsini buxovlamaqla məşğuldur.  Çünki səyahət çantasını əlinə alıb dünyanın turizm məkanları ilə yaxından tanış olmaq istəyən istənilən turist rahat və təhlükəsiz mühitə üz tutur. Axı insanların nəyinə lazımdır siyasi oyunların qurbanına çevrilmək?! Müharibə, terror heç vaxt kiçik qüvvələrin hədəfində olmur. Lənətə gəlmiş pisliklər bəşəriyyətin qara bucağına qanla hopdurulur.

Dünyanı gəzmək, ölkələrin tarixini, mədəniyyətini, ənənələrini yaxından görmək, tanımaq, tanıtmaq istəyən insanların baş əzmək, qan tökmək arzuları olmur. Ağ bayraqla hərəkət edən karvandan kimsəyə zərər gəlməz. Yetər ki, sülh olsun...

Hər halda, bir il bundan öncə Türkiyədə yaşananlar türk millətinin mübarizə əzmini qıra bilməyib. İnsanlar çox rahat şəkildə işlərinin başındadır. Həyat öz axarı ilə davam edir.

 

Suriyalı qaçqınların ikinci vətəni

Yaxın Şərq regionunun geosiyasi mənzərəsini İstanbul küçələrində daha yaxından görmək olur. Onlar böyük güclərin apardığı oyunların alətinə çevriliblər. Yolboyu hərəkət edərkən suriyalı qaçqın uşaqlarının bircə davranışına və gözlərinə biganə qala bilmirsən. Azyaşlıların məsum baxışlarında o qədər açıq suallar yer alır ki! Görəsən, nəhəng dövlətlərin sülhsevər missiyası nə vaxt mövcud olacaq?! Terror təşkilatlarına himayədarlıq etməklə sonradan saxta mübarizə üsulu yaratmaq nə anlam daşıyır?! Amerikanın, Rusiyanın başı nəyə görə ikinci, üçüncü dövlətlərin “qazanında” toqquşmalıdır?!


Nə yazıq ki, açıq suallar cavabsız qalır.

İllərdir, siyasətin “gizlənpaç oyunu” təhlükəli manevr etməklə məşğuldur. Bu səbəbdən də Yaxın Şərqdə silahlı toqquşmalar səngimir. Nəticədə müharibənin fəsadları dinc sakinlərin həyatını məhv edir. Ona görə də  bozarmış simaların nifrəti və qəzəbi  ağır olur.

Bu arada, suriyalı qaçqınların boz üzündə net şəkildə bir ifadə yazılıb: “Öz ölkəmdə daha xoşbəxt idim. Amma buna imkan vermədilər”.

Belə görünür heç imkan verməyəcəklər də!

 

Ərəblərin İstanbul sevgisi...
 

Türkiyənin məşhur Taksim meydanı yavaş-yavaş türklükdən uzaqlaşmağa doğru gedir. İstəyirsən Taksimi uzununa dolan-gəz, istəyirsən eninə. Meydan boyu bir türk tapmaq çətindir. Necə deyərlər, ərəblərin İstanbul sevgisini Taksimdə daha geniş görmək olur. Bəzən Taksimdə dolaşmağına peşman olursan. Türkcə bir kəlmə eşidilmir. İrili-xırdalı ticarət köşkləri də gəlmələrin ixtiyarındadır. Qürbət ölkədə çörək qazanmağın yollarını tapıblar.

Ümumiyyətlə, İstanbul küçələrində müxtəlif dillər daha çox eşidilir. Bu da səbəbsiz deyil. 3 imperiyanın paytaxtı olmuş İstanbul xalqlar baxımından da müxtəlifdir. Bu, həm də ölkənin ticarət potensialını zənginləşdirir. Ticarət əlaqələrinin çoxşaxəli olması həm dövlətin büdcəsinə, həm də vətəndaşın cibinə fayda verir.
 

Ah İstanbul, İstanbul...

İstanbula gözəllik verən çox şey var. Mərmərə dənizi və dənizdə görünən adalar daha çox paytaxtın hüznlü guşəsinə bənzəyir. Dənizdən hansı tərəfə baxsan, içinə fərəh dolur, gözlərin gülür. Bir müddət qayğılardan uzaq olmaq istəyirsənsə, gəmi gəzintisinə çıx və dənizdən birbaşa ətrafı seyr elə. Dalğaların gətirdiyi rahatlığı heç nə əvəz edə bilməz. 

Hələ İstanbulu Avropa və Asiya ilə birləşdirən körpünü demirəm. O qədər möhtəşəmdir ki! Mərmərə dənizinin sahilində gəmi ilə səyahətə çıxmağın sözlə ifadə edilməyəcək qədər gözəlliyi var. İstanbulu 4 bir tərəfdən ovcunun içində hiss edirsən. Üstəlik, İstanbulda həyat və insanlar qarışqa sürüsünü xatırladır. Çalışqan bir ortam diqqət çəkir.

Şəhərin nəqliyyat sistemi də xoş auralıdır. Məsələn, tramvayların hərəkəti şəhərə xüsusi görkəm verməklə yanaşı, sərnişinlərin rahatlığına xidmət edir.

Hələ İstanbul gecələrini demirəm. Sanki bu şəhər yuxuya getmir. Gündüzlər şəhərin  qaynar mühitini insanların sıxlığı formalaşdırırsa,  motosikletlərin və gecə quşlarının səsi gecəni bir başqa görkəmdə zənginləşdirir.

Hə, bir də azanın yüksək səslə təqdimatı çox xoşuma gəldi. Sanki, “fil yuxusu”na gedən adamlar üçün əsl “zəngli saat”dır.

 

Möhtəşəm Sultan Əhməd...
 

İstanbul daha çox zəngin tarixi məmləkət olması ilə diqqət çəkir. XVII əsrdə inşa edilmiş Sultan Əhməd camisi hazırda da İstanbulun əsas məscidi hesab edilir. Məscidi ziyarət edənlər arasında müxtəlif dinlərin nümayəndələri də yer alır. Ziyarətgaha  daxil olmaq istəyən hər bir qadına uzun paltar və baş örtüyü təqdim olunur. Məscidin dəhlizinə ayaq basarkən əsrarəngiz məkana daxil olduğunun fərqində olursan. Hər bir künc o qədər möhtəşəmdir ki! Məscidin hər tərəfi rəngarəng naxışlarla bəzədilib. Yer xalılarla döşənib. Həmçinin, ziyarətə gələn  turistlərin namaz vaxtı girişinə icazə verilmir. Sultan Əhməddə göz oxşayan mənzərə həm də işıqların bol olmasıdır.

Məscid tarixi tikinti kompleksi olduğundan ziyarət edənlər arasında din fərqi yoxdur. Buddist yapon belə, müsəlman məscidində özünü xoşbəxt hiss edir. Bir sözlə, fərqli dinlərin və fərqli dillərin  irqçiləri möhtəşəm tarixi məkanda rahat şəkildə bir araya gəlməyi bacarır. Hər kəsin üzündə bol təbəssüm var. Kimsə kimsənin rənginə, görünüşünə, geyiminə fərq qoymur, məsafə saxlamır. Hətta, ərəbin qara çadrası ingilisin şortikinə mane olmur. Güman ki, ideal olduğu deyilən  “xoşbəxtlər məkanı” belə olur.

Öz aramızdı, məsciddə tolerantlığı seyr etməyin özü də bir zövqdür. Xalqların müxtəlif mədəni dəyərləri, bir arada daha işıqlı görünür. Yetər ki, o işığı söndürməsinlər.

 

Tarixi saray - Topqapı

Topqapı İstanbulun məşhur saray kopleksidir. 400 il ərzində (1465-1856) Osmanlı sultanlarının iqamətgahı olub. Sarayın inşasına 1459-cu ildə Konstantinopolu işğal etmiş Sultan II Mehmetin əmri ilə başlanılıb. Saray XIX əsrdən başlayaraq Topqapı adlanmağa başlayıb. 1924-cü ildən isə muzey kimi fəaliyyət göstərir. Xarici görkəmi olduqca sadə olan saray içəridən yüksək memarlıq üslubu ilə bəzədilib. Bura sultanın rəsmi iqamətgahı olmaqla bərabər rəsmi dövlət işlərinin mərkəzi, nazirlərin toplandığı məkan, dövlət xəzinəsi, dəftərxanası və alış-verişlərin həyata keçirildiyi yer olub.

Çöl darvazadan saraya girərkən məkanın tarixiliyi diqqət çəkir. Bura həm də turistlərin çox olduğu məkandır. Turistlərin şərəfinə saraya atlarla daxil olan gənclər at belində türk cəngavəri olduqlarını əcnəbilərə nümayiş etdirir. Bir az keçəndən sonra sarayın həyətində “Cəddin dədən” və “Yürekler kabarık” mehtər marşları eşidilməyə başlayır. Bu marşlar türklüyün, türk millətinin marşıdır. Dinindən, dilindən asılı olmayaraq bu marşın sədaları altında hər kəs türk millətinin qüdrətini və bölünməzliyini duya bilir.

 

Namidə BİNGÖL
Bakı-İstanbul-Bakı

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir