Modern.az

Bakıdan kəndlərə qayıdış başladı 

Bakıdan kəndlərə qayıdış başladı 

İqtisadiyyat

18 İyul 2017, 14:04

2015-ci ilin 21 fevral və 21 dekabr devalvasiyalarından sonra paytaxtda bir çox dövlət və özəl müəssisələrdə ixtisarların olması, iş yerlərinin qapadılması, tikinti sektorunda işlərin dayanması ötən illər ərzində rayonlardan Bakıya iş üçün gələn xeyli insanın işsiz qalaraq yenidən bölgələrə qayıtmasına səbəb oldu. Ekspertlər bu qayıdışla böyük işsizlər ordusunun yaranacağını, kəndlilərin böyük çətinliklərlə üzləşəcəyini bildirirdilər. Amma reallıq bunun əksini göstərir.


Bu yaxınlarda Goranboy, Gəncə, Tərtər, Bərdədə olan əməkdaşımız kəndlilərin məşğulluq səviyyəsinin yüksəldiyinin şahidi olub. Əvvəllər kəndə daxil olanda hər tində nərdtaxta-domino oynayan, siqaret çəkən işsiz-gücsü kişilər indi gözə dəymir. Hamı əkin-biçinlə məşğuldur. Qeyd etdiyimiz bölgələrdə bu il əsasən kök, çuğundur, pambıq, taxıl əkilib.


Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev Modern.az
-a deyib ki, son vaxtlar insanların torpağa bağlılığı artıb:

 

“Əsas sahələrə, xüsusilə də ixracyönümlü sahələrə böyük önəm verilir. Kənd təsərrüfatı böyük zəhmət tələb edən gəlirli sahədir. Bu il üç mindən çox kümçüyə barama toxumları verdik. Qısa müddətdə - təxminən 40 gündə bir ailənin büdcəsinə baramaçılıqdan iki-üç min manat gəlir daxil oldu. Fındıqçılığın, pambıqçılığın, tütünçülüyün, soya, paxlalı bitkilərin əkin sahələrinin inkişaf etdirilməsi həm də yeni iş yerlərinin açılması deməkdir. Bu da sahibkarların, fermerlərin torpağa bağlılığı, eyni zamanda, gəlirlərinin artırılmasına xidmət edir”.

Nazirlik rəsmisinin sözlərinə görə, istehsal edilən məhsulun bazara çıxışının təmin edilməsi insanlara daha da böyük stimul verir:

 

“Kənd təsərrüfatının müxtəlif sahələrinə dövlət dəstəyi var. Bu, istər taxılçılıq, istər barama, istər pambıq, istərsə də tütün istehsalına aid edilə bilər. Son vaxtlar bir çox sahələrdə pambıq, tütün, barama, taxıl istehsalında məhsula görə subsidiyanın verilməsi fermeri daha çox işləməyə sövq edir.

Çəltik, çay plantasiyaları genişləndirilir. Bunlar son nəticədə kəndlilərin torpağa bağlılığına təkan verən əsas amillərdir. Dövlət dəstəyi, istehsal olunmuş məhsulun satışında yaranan problemlərin aradan qaldırılması, xarici və daxili bazara çıxış imkanları insanları torpağa daha da yaxın edib. Əvvəl insanlar işləmək üçün kənddən şəhərə gəlirdi, indi isə əksinə qayıdış başlayıb”.

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır