Modern.az

Hikmət Hacızadə Mir Cəfər Bağırovun edə bilmədiyini etdi - Səməd Vurğunu “güllələdi”

Hikmət Hacızadə Mir Cəfər Bağırovun edə bilmədiyini etdi - Səməd Vurğunu “güllələdi”

18 İyul 2017, 17:57

Əvvəlcə, ona toxunaq ki, minlərlə ziyalımızın qurban getdiyi repressiyalarda Səməd Vurğun necə oldu ki, güllələnmədi? Tarixə çox gedib, mövzudan uzaqlaşmaq fikrimiz yoxdu. Bunun üçün bir neçə faktı təqdim edirik:

Mir Cəfər Bağırovun məhkəməsində onu ittiham edən Rudenko soruşur:

-Niyə Səməd Vurğunu həbs etmək və qətlə yetirmək istəmisiniz? Mir Cəfər Bağırovun cavabı isə belə olur: -  Siz yaxşı araşdırmamısınız. Mənə onun günahkar olması barədə çox arayışlar  gətirdilər. Mən heç birinin  üstünə dərkənar qoymadım. İnanıb qoysaydım, o, indi sağ olmazdı.

Bir  müddət sonra isə Mir Cəfər Bağırov Səməd Vurğun  haqqında yazdığı izahatda bunları qeyd edir:

“1935-1939-cu illərdə xalq düşmənlərinin kütləvi ifşa edilməsi dövründə Səməd Vurğunun əleyhinə çoxlu ifadələr var idi. Əsərlərində böyük səhvlərin və nöqsanların olmasına baxmayaraq, istedadlı şair olduğuna görə yoldaş Stalinin sanksiyası onu cəza orqanlarının həbsindən xilas etdi. Bundan sonra bir neçə il keçdi və Səməd Vurğun belə bir xahişlə müraciət etdi: “Hüseyn Cavid və Abbas Mirzə Şərifzadəni həbsdən azad edib, geri dönmələrinin bir yolunu tapmaq olmazmı?”
Ondan ötəri ki, sonuncu onun pyesində Xosrov rolunu oynayırdı. Yeri gəlmişkən Hüseyn Cavid və Abbas Mirzə Şərifzadə Müsavat Partiyasının liderlərindən idilər. Bununla bağlı biz onu möhkəm tənqid etdik və xəbərdarlıq etdik ki, əgər biz onu keçmiş müəllimindən ayırmışıqsa, bu o demək deyil ki, o, bundan sui-istifadə etməlidir…

Millətçilik ruhu qoxuyan şeirlərindəki ciddi səhvlərə və yanlışlıqlara görə mən şəxsən onu tez-tez tənqid etmişəm… O, qatı millətçi kimi necə vardısa, görünür elə də qalıb və hər an keçmişə görə intiqam almağa hazırdır. Onun qatı müsavatçılar olan Hüseyn Cavid və Abbas Mirzə Şərifzadə kimi müəllimləri vardı…”.

M.C.Bagırovun çoxlarına, o sıradan S.Vurguna qarşı münasibəti, dogrudan da müəmmalı - anlaşılmaz olub. Bir tərəfdən əleyhinə kompromat toplatdırıb, onu məhv etmək istəyib, digər tərəfdən istəyini yerinə yetirmək təşnəsində olan buyruq qullarına "O talantdır, ona toxunmayın!" göstərişini verib. Bir tərəfdən, yüksək mükafatlar alması və vəzifələr daşımasına mane olmayıb, digər tərəfdən özü hakimiyyətdən uzaqlaşdırılana qədər şairi izlətdirib, ona qarşı hücumlar təşkil edib, hətta iki dəfə həbs də etdirib.

 

Səməd Vurğunun şairliyi demək olar ki, heç zaman müzakirə edilməyib. Onu başqa aspektdən “dəyərləndirən”,  tənqid atəşinə tutanlar da şairin ana dilinə olan xidmətini, şeirlərindəki milli koloriti yüksək qiymətləndiriblər. Səməd Vurğun əsasən, Stalinə olan xüsusi rəğbəti (yazdığı şeirlər belə deməyə əsas verir), repressiya dönəmindəki nüfuzuna görə tənqid hədəfinə tutulub.

Lakin bir zamanlar Rusiyada səfir işləmiş Hikmət Hacızadənin son müsahibəsində Səməd Vurğun haqqında dedikləri onu həm də bir şair kimi aşağılayır:

 

“Səməd Vurğun mənasızın biridir, qeyri-ciddi adamdır. Nə qədər də adam satıb. Camaatın beyninə soxublar onu, indiyə qədər də çıxmır ordan. “Ağcaqum çölündə qatar düz gedir, Piter fəhləsindən xəbərsiz gedir”. Niyə Ağcaqumda gedən qatar Piter fəhləsindən xəbərsiz olmalıdır? Mən bunu başa düşə bilərəm. Onda bu cür axmaq-axmaq şeylər var. Adamların beyninə yeridiblər. Küçə də veriblər adına, böyük heykəl də qoyublar. Ondan qat-qat güclü, səmimi və doğru şairlərimiz əzab-əziyyət içində ölüb. Hüseyn Cavid, Müşfiq...”.


Hikmət Hacızadənin səsləndirdiyi iddialar Səməd Vurğunu bir tarixi şəxsiyyət kimi güllələyir. Repressiya illərində həqiqi mənada  güllələnmədən xilas ola bilən Səməd Vurğun indi  məcəzi anlamda bu cəzaya tuş gəlir. Qeyd edək ki, bu “güllələnmələr” bundan əvvəl də olub. Bir müddət öncə başqa müxalif siyasətçi Sərdar Cəlaloğlunun timsalında da bunu görmüşdük. Bundan sonra olacaq-olmayacaq, hələ bilmirik…


Ortaya atılan ikinci məsələ isə Səməd Vurğunun kimlərisə satmasıdır. Yəqin, diqqət etmisiniz, hamı elə hey Səməd Vurğun və Süleyman Rüstəmin (siyahını uzatmaq da olar) kimlərisə satdığını deyir. Lakin istinad etdikləri dəqiq mənbə, konkret arxiv sənədləri isə yox kimidir.


Repressiya dövrünün araşdırmaçısı, Ədəbiyyat və İncəsənət  Arxivinin direktor müavini Aslan Kənan Modern.az saytına açıqlamasında mövzu ilə bağlı maraqlı faktlar səsləndirib:

“Repressiya qurbanları ilə bağlı yazdığım kitabda hələ çox yerləri kəsmişəm. Amma Səməd Vurğun öz çıxışlarında hər şeyi açıq–aydın deyir. İki şəxsi müqayisə edək: Süleyman Rüstəm və Səməd Vurğun. Süleyman Rüstəm repressiya illərində heç nə etməyib. Kiminsə repressiya qurbanı olmasında onun “əməyi” olmayıb. Buna baxmayaraq, onu hər zaman pis qələmə veriblər.
Səməd Vurğun haqqında isə eyni sözləri demək olmaz. Lakin oğlanlarının mətbuata yaxın olması, onun barəsində bu cür yazıların yazılmasının qarşısını alırdı. Hər halda mən bu cür düşünürəm.


Bağırov otağındakı iki böyük qovluğu Səməd Vurğuna göstərib deyir ki, bunların hamısı sənin haqqında yazılan donoslardı. O zaman hamı bir-biri haqqında donos yazırdı. Amma əsas olan bu deyildi. Əsas bu idi ki, rəhbərin özü o donosa necə reaksiya göstərəcək. Səməd Vurğunun da birinci müdafiəçisi Bağırov idi. Bu səbəbdən də barəsində yazılan donoslar təsirsiz qaldı. Bunların hamısı faktlardı, sənədlərdi.


Bağırov olmasaydı, Səməd Vurğun repressiya olunacaqdı. Bəlkə də güllələnəcəkdi. Şair kimi güclü şairdi, amma şəxsiyyət kimi mən onu qəbul edə bilmirəm. Repressiyaya aid yazdığım kitabda bir məlumat yazmışam, İslam Səfərli haqqındadır. Bu hadisə Bağırovun vaxtında olsa idi, İslam Səfərlini bəlkə də güllələyərdilər. İslam Səfərlini Yazıçılar İttifaqından qovan Səməd Vurğun olub. Nə var - nə var ki, onun yazdığı “Ağ xalatlı qız” pyesi xoşuna gəlməyib. İclasda son sözü o deyib və Səfərlini ittifaqdan kənarlaşdırıblar. Dediyim odur ki, Səməd Vurğunun belə şeyləri də olub. O zaman hələ Stalinlə Bağırov yox idi. İsmayıl Şıxlı bildirirdi ki, Səməd Vurğun ona deyib ki, Mikayıl Müşfiqlə Cavid haqqında açıqlama verməyib. Niyə verməyib ki?! Gizlətməyin nə mənası var?!

Bir adam ki, Stalinə şeir yazıb deyə ki, ey böyük rəhbər, vicdanımızı sənə vermişik. Buna nə haqq qazandırmaq olar?!

Amma şair kimi böyük şair olub. Bunu mütləq etiraf etmək lazımdır”.

 

Arxiv mütəxəssisi əlində olan faktlardan çıxış edərək, Səməd Vurğunun repressiya illərindəki fəaliyyəti barəsində neqativ fikirlər səsləndirsə də, onun şairliyinə qəti toxunmadı. Çünki Səməd Vurğunun əsərlərindəki milli kolorit, ana dilinin mükəmməl təsviri heç zaman buna imkan verməz.

Hikmət Hacızadə isə onu əsasən, bir şair kimi güllələyir. Bu güllə hansı hədəfə açılır, bunu bilmək olmur.

 

Elmin Nuri

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?