Modern.az

Azərbaycanda bu il 70 min nəfərə sanatoriya yollayışı veriləcək

Azərbaycanda bu il 70 min nəfərə sanatoriya yollayışı veriləcək

İqtisadiyyat

19 İyul 2017, 09:01

2017-ci ildə də 70 min nəfərdən artıq vətəndaşın sanatoriya və kurortlarda istirahət yollayışlardan istifadə edəcəyi gözlənilir.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Ağamirov bildirib.


O deyib ki, 2016-cı ildə Həmkarlar İttifaqları təşkilatları tərəfindən 10 sanatoriya, 1 müalicə pansionatı, 10 istirahət bazasına yollayış verilib:

“Sanatoriyaların 8-i ilboyu, digər 2-si, müalicə pansionatı və istirahət bazaları mövsümi fəaliyyət göstərib.


Sanatoriyalara və istirahət mərkəzlərinə yollayışların qiyməti 600-700 manatadır. Ötən illə müqayisədə yollayışların qiymətində demək olar ki, dəyişiklik baş verməyib. Yollayışlarda qiymət fərqi yalnız otaqların şəraiti ilə bağlıdır.


Sanatoriya və istirahət evlərinə yollayışlar Məcburi Dövlət Sosial Sığortasına cəlb olunan və digər yollayış almaq hüququ olan şəxslərə verilir. Həmin şəxslər yollayışı dəyərinin 15%-ni ödəməklə əldə edirlər. Yollayışların ümumi sayının 10 faizi isə işçilərə (aztəminatlı ailələrə, müharibə iştirakçılarına, əlil, şəhid ailələrinə və s.) ümumiyyətlə tam güzəştlə pulsuz verilir”.

N.Ağamirov qeyd edib ki, işçilər iş yerlərində, tələbələr isə təhsil aldıqları müəssisələrdə həmkarlar ittifaqı komitələrinə ərizə ilə müraciət edərək, yollayışlar ala bilərlər:

 

“Müəssisələrin həmkarlar ittifaqı komitələri, onların xüsusi komissiyaları yollayışlara daha çox ehtiyacı olanları müəyyən edir və işçilərin təqdim etdikləri tibbi arayışa uyğun olaraq müvafiq yollayışlarla təmin edir.

Məcburi Dövlət Sosial Sığorta (MDSS) haqqı ödəyən şəxs ailə üzvü üçün də yollayış almaq istəyirsə: əgər ailə üzvü məcburi Dövlət Sosial Sığorta haqqı ödəyirsə onda ailə üzvü üçün də yollayışın dəyərinin 15 faizini ödəyir, əgər işləmirsə – MDSS ayırmaları ödəmirsə, yollayışı dəyərinin 50 faizini ödəməklə əldə edə bilər.

Həmkarlar itifaqı təşkilatlarının vətəndaşlara yollayışları tam dəyəri ödənilməklə də vermək hüququ varr”.

 

Konfederasiya rəsmisinin sözlərinə görə, 2016-cı ildə də 70 min nəfərdən artıq vətəndaş yollayışla təmin olunub:

 

“İlk həmkarlar ittifaqı təşkilatlarının öz üzvləri üçün respublikanın səfalı guşələrində təşkil etdiyi qısamüddətli (3-7-günlük) istirahəti də nəzərə alsaq, ümumilikdə istirahətə və müalicəyə göndərilənlərin sayı 100 min nəfərə yaxın olub.

Onu da qeyd edək ki, AHİK-in üzv təşkilatları da öz vəsaitləri hesabına inşa etdirdikləri müasir tipli pansionatlarda işçilərinin istirahətlərini təşkil edirlər. Məsələn, Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqının Nabran zonasındakı “Rabitəçi” istirahət mərkəzində mövsüm ərzində 500 nəfərə yaxın, Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqının Nabrandakı “Lokomotiv” istirahət mərkəzində 1000 nəfər, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Nabrandakı “Ülfət” istirahət zonasında 1000 nəfərə yaxın, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Nabrandakı “Təhsil” istirahət mərkəzində 1500 nəfərə yaxın, Dəniz nəqliyyatı işçilərinin “Dənizçi” istirahət mərkəzində 1900 nəfərə yaxın, Səhiyyə İşçiləri Həmkarlar İttifaqının Qusar rayonu ərazisində yerləşən “Şəfa-Qusar” istirahət mərkəzində 1000 nəfərdən artıq həmkarlar ittifaqı üzvü istirahət edir.

Hal-hazırda Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı da öz vəsaiti hesabına 2 hektar torpaq sahəsi alaraq, orada öz işçiləri üçün sağlamlıq-istirahət mərkəzi inşa etdirir.

Daha bir müalicə-sağlamlıq ocağı - Metropoliten İşçiləri Həmkarlar İttifaqı Birliyinin nəzdindəki sanatoriya-profilaktoriya bu il də fəaliyyətini davam etdirəcək. Həmin sağlamlıq ocağında hər il 850 nəfər müalicə alaraq, sağlamlığını bərpa edir. Sanatoriyaya bir ədəd yollayışın qiyməti 235 manatdır. Məcburi dövlət sosial sığortasına cəlb olunmuş şəxslər, yəni metropoliten işçiləri yollayışın dəyərinin 15 faizini, yəni 35 manat ödəməklə əldə etmək hüququna malikdirlər”.

 

Gülşən RAUFQIZI

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir