Modern.az

ADU-nun tələbəsi İndoneziyada təqaüd proqramında 

ADU-nun tələbəsi İndoneziyada təqaüd proqramında 

19 İyul 2017, 10:52

Azərbaycan Dillər Universitetinin (ADU) Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin İndoneziyaşünaslıq ixtisasının III kurs tələbəsi Elsevər Məmmədli 2016/2017-ci tədris ilində İndoneziya Araşdırmalar Mərkəzinin seçimi ilə İndoneziya Respublikasının Təhsil və Mədəniyyət Nazirliyinin təsis etdiyi bir illik Darmasiswa təqaüd proqramında iştirak edib.Qeyd edək ki, hər il təşkil olunan bu təqaüd proqramında dünyanın 100-ə yaxın ölkəsindən tələbələr iştirak edir. Proqramda iştirak edən tələbələr İndoneziyanın müxtəlif universitetlərində İndoneziya dili, İndoneziyanın milli rəqsləri, İndoneziyada ənənəvi təbabət və turizm kimi fənləri seçə bilir.

 

Modern.az xəbər verir ki, Elsevər Məmmədli İndoneziyanın Bandunq şəhərində yerləşən Pacacaran Universitetində İndoneziya dili kursunu müvəffəqiyyətlə bitirib. Onun sözlərinə görə, ölkələrimiz arasındakı uzaq məsafəyə baxmayaraq, İndoneziyanın özünəməxsus iqlimi, əsrarəngiz tarix və mədəniyyət abidələri,  insanı valeh edən təbii gözəllikləri vəzəngin mətbəxi məsafələri təsəvvüründə kiçildirdi.

 

O, əvvəlcə paytaxt Cakartada İndoneziya XİN-in, bu ölkədəki xarici ölkələrin səfirliklərinin nümayəndələri və digər rəsmilərin iştirakı ilə təntənəli şəkildə təşkil olunmuş Darmasiswa təqaüd proqramının açılış mərasimində iştirak edib, sonra isə Tailand, Cənubi Koreya, Madaqaskar, Almaniya və Rusiyadan olan tələbələrlə birlikdə təhsil alacağı şəhərə - görməli yerləri ilə məşhur olan Bandunqa yola düşüb. O, şəhərin tarixi, görməli yerləri və yerli mədəniyyətlə yaxından tanış olmaqda universitet rəhbərliyinin xüsusi rolunun olduğunu vurğulayır. Bandunq şəhərinin izdihamlı küçələri və şəhər həyatının səs-küylü olmasına baxmayaraq, səmimi və mehriban insanları qısa bir zamanda onun bu mühitə uyğunlaşmasına kömək edib.

Elsevər dərslərin çox maraqlı keçdiyini və dərs prosesi zamanı müəllimlərin dilin mənimsənilməsində müxtəlif müasir interaktiv metodlardan istifadə etdiyini bildirir. Elsevər ADU-da təhsil aldığı müddətdə artıq İndoneziya dilini öyrəndiyi üçün Pacacaran Universitetində İndoneziya dili kursuna birbaşa III dil səviyyəsindən başlayıb. O, həmçinin, Pacacaran Universitetinin Boqor şəhərində yerləşən Boqor Kənd Təsərrüfatı İnstitutu ilə birgə təşkil etdiyi yay məktəbində Amerika, Avropa və Afrikadan olan tələbələrlə birlikdə iştirak edərək burada təşkil olunmuş konfrans və yarışlarda yeni təcrübə əldə edib.

 

Bundan əlavə, o, universitetdə International day(Beynəlxalq gün) adlı tədbirdə ölkəmizi uğurla təmsil edib. Tədbir çərçivəsində inşa müsabiqəsində də iştirak edib və yazdığı inşa universitetdə ən yaxşı üç inşa sırasına daxil olub.

 

Elsevər İndoneziyada olduğu müddətdə təkcə dili öyrənməklə kifayətlənməyib, həm də yerli mədəniyyətlə, xüsusilə də İndoneziya mətbəxi ilə daha yaxından tanış olmağa çalışıb, yerli təamlardan bir neçəsinin hazırlanma üsulunu da öyrənib. Bundan başqa, universitetdə keçirilən mədəniyyətlərarası festivallarda fəal iştirak edib, ölkəmiz haqqında tələbə yoldaşlarına ətraflı məlumat verib. Hətta Qurban bayramında milli mətbəximizdən ləziz xörəklər hazırlayaraq indoneziyalı və digər xarici dostlarının böyük marağına səbəb olmuş Azərbaycan mətbəxi günü təşkil edib. 

 

Elsevər gözəl təbiəti və çoxlu sayda hindu məbədləri ilə məşhur olan Bali adası haqqında hələ İndoneziya Araşdırmalar Mərkəzində maraqlı məlumat əldə etdiyi üçün bu gözəl ada ilə daha yaxından tanış olmaq məqsədi ilə semestr tətilini orada keçirməyi qərara alır. Bununla yanaşı, Yava adasındakı qədim tarixi olan Coqcakarta, sənayenin inkişaf etdiyi liman şəhəri Surabaya, Yava dənizində yerləşən Karimuncava arxipelaqı və digər kiçik adalara səyahət edib, səfər zamanı Cokcakarta şəhəri və Bali adasında hindu və buddist məbədlərinə baş çəkərək onlar haqqında ətraflı məlumat əldə edib.

 

Universitetin təşkilatçılığı ilə digər tələbələrlə birlikdə Qarut şəhərinə, oradan isə əsrlər boyu adət-ənənələrin qorunub saxlandığı Naqa kəndinə təşkil edilən ekskursiyada iştirak edib. “Qarutda olduğumuz müddətdə biz çəltiyin yığımı, onun ənənəvi üsullarla təmizlənməsi və yerli xalqın yaşayış tərzi ilə tanış olduq” - deyə Elsevər qeyd edir.

 

Bundan əlavə, Elsevər yerli əhali ilə ünsiyyətdə olmaq və İndoneziya dilini mükəmməlləşdirmək üçün Bandunq şəhərində yerləşən turistik mərkəzlərdən birində çalışıb və gündəlik danışıq dilini öyrənməklə yanaşı, turizmlə bağlı də təcrübə qazanıb.

 

Tədris ilinin sonunda Elsevər semestr imtahanlarını müvəffəqiyyətlə verərək tələbə yoldaşları ilə birlikdə Malanq şəhərində Malanq Muhammadiyah Universitetində keçirilmiş bağlanış mərasimində iştirak edib və burada hər bir tələbə proqramı uğurla başa vurduğuna görə sertifikatla təltif edilib. Bağlanış mərasimindən sonra Elsevər Malanq şəhərində digər tələbələrlə birlikdə xarici və yerli turistlərin həmişə böyük maraq göstərdiyi Bromo vulkanına və digər görməli yerlərə səfər edib.

 

Darmasiswa təqaüd proqramı vasitəsi ilə İndoneziyadan xoş xatirələrlə qayıdan Elsevər gələcək təhsil və iş həyatında dəyərli hesab edilə biləcək təcrübə və diplomlar əldə etdiyini və bundan sonra İndoneziya ilə bağlı biliklərini daha da zənginləşdirəcəyini söyləyir.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub