Modern.az

“Əkinçi”nin 1-ci sayındakı XƏBƏRLƏR... - İlk milli mətbuatımız nə yazırdı?..

“Əkinçi”nin 1-ci sayındakı XƏBƏRLƏR... - İlk milli mətbuatımız nə yazırdı?..

20 İyul 2017, 11:12

Ölkədə ilk milli mətbu orqanın - əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur.


“Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” az müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşdı. Təsadüfi deyil ki, dövrünün görkəmli ziyalıları və qələm sahibləri qəzetlə əməkdaşlıq edir, müntəzəm məqalələrlə çıxış edirdilər. Lakin “Əkinçi”nin ömrü uzun sürmədi. Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başladı və sonda qəzetin nəşrini dayandırdı.


Bu ilin 22 iyulunda “Əkinçi” qəzetinin yaradılmasının 142-ci ili tamam olacaq. Modern.az saytı bu münasibətlə “Əkinçi” qəzetinin ilk nömrəsində dərc olunan yazıların təqdimatını davam etdirir.

 

Beləliklə, “Əkinçi”nin 1-ci sayında yazılırdı... ( əvvəli burada //modern.az/az/news/138466#gsc.tab=0)

 

ƏKİN VƏ ZİRAƏT XƏBƏRLƏRİ

 

Mal südündən yağ qayırmaqdan danışacaq

 

Əgərçi bizim Qafqazda qara mal çox saxlanır, amma onlardan qeyri vilayətlərdəki kimi mənfəət olmur. Ona binaən ki, biz malları saxlamağı, yəni onlar üçün töylələr təmir etməyi və bu töylələrdə onlara ələf verməyi bilmirik. Bu səbəblərə bizim mallarımız korluq çəkib zəif olurlar. Ona binaən mala naxoşluq düşən zaman yaxşı saxlanmış maldan yüzü tələf olur isə, bizim zəif maldan artıcaq tələf olur və bir də bizim maldan az mənfəətimiz olmaqlığına səbəb oldur ki, bizlər yaxşı mal, yəni çox südlü mal saxlamağa səy etmirik, az südlü malın zəhmətini çəkib, az da mənfəət tapırıq. Məzkur səbəblərdən savayı bizim maldan az mənfəət olmaqlığına qeyri səbəblər də var. Onların ümdəsinin birisi biz süddən yağ qayırmağı bilməməyimizdir. Çünki mal saxlamaqdan ümdə mətləb o malın yağıdır və yağ çox və yaxşı olduqcan mənfəət də artıq olur, ona binaən qeyri vilayətlərdə süddən yağ qayırmaqdan burada güftügu edəcəyik.

Süddən üç qism ilə yağ qayırmaq olur: bəzi kəslər südü sərib, ondan qaymaq yığıb, bu qaymaqdan yağ çalxalayırlar. Bəzi kəslər bişməmiş, yəni çiy süddən yağ çalxalayırlar,amma bəzi kəslər süddən qatıq qayırıb, qatıqdan yağ qayırırlar.

 

Əvvəlinci, qaymaqdan yağ qayırmaq. Süddən qaymaq yığmaq üçün gərək südü sərəsən. Belə süd sərilən qablar və süd saxlanan yerlər, hətta o yerin havası gərək çox təmiz olsun. Əgər süd sərilən qablar təmiz də olsa, amma onlar sərilən yer, yəni otaq çox isti, soyuq, ya yaman iyli olsa, ol vaxtda ya süddən qaymaq tamam yığılıb hasil olmaz, yainki süd turşuyub tələf olar. Xülasə, süd tez iy çəkən şeydir. Ona binaən süd sərilən qabları və onlar saxlanan yerləri təmiz saxlamaqdan savayı gərək səy edəsən ki, o yerlərin yanında töylə və ya qeyri yaman iy gələn şeylər olmasın, yoxsa süd iy çəkib tələf olar, yəni turşuyub bilmərrə xarab olmasa da, ondan əmələ gələn yağın rəngi dəyişilib iyi və dadı yaman olar. Qaymaq yığmaqdan ötrü sərilən süd gərək bilmərrə tərpənməsin, əgər tərpənsə, qaymaq az çıxar. Hər şey tərpənməyi görmək məqdur deyil. Məsələn, təmiz suyu qazan içində qaynadanda, su qaynayanacan onun tərpənməyin görmək olmaz, amma o suyun içinə xırda şeylər, məsələn, lil qarışdıranda görmək olur ki, bu lilli su ocağın üstə qoyulandan sonra su qaynayandan irəli tərpənir, yəni bir su qismi şeyin, məsələn, südün bir tərəfi isti və bir tərəfi soyuq olmasın. Məsələn, çöldə soyuq olan zaman gərək süd sərilən otağın qapı-bacası açıq olmasın, yoxsa südün soyuq gələn tərəfi ilə isti tərəfinin arasında süd tərpəndiyinə qaymaq az hasil olar.

 

İmtahan ilə biliblər ki, ağac isti saxlayan, yəni gec qızan və gec soyuyan olur. Ona binaən ağac qabda ağacdan isti, ya soyuq süd səriləndə qabın ağzında süd soyuyur, ya qızır, amma qabın dibində isti ya soyuq qalır. Ona binaən əvvəl zaman süd tərpənir və sakit oluncan qaymaq əmələ gəlmir. Bu səbəbə ağac qabda qaymaq gec əmələ gəlir. Ağac qabın bir yaman xasiyyəti də var: onu təmiz etmək müşküldür. Ağacın kiçik deşikləri olur, belə deşiklərə süd dolub orda turşuyub qalır. Bu səbəbə əgər bir kəs qeyri qab tapmayıb ağac qabında süd sərsə, gərək o qabı hər səfər isti su ilə və kül ilə təmiz etsin.

 

Süd sərməyə hər qabdan qalaylanmış mis qabı yaxşıdır, amma mis qabı qalaysız olsa, onun paxırına süd dəysə, paxır ilə süddən zəhər əmələ gələr və bu zəhər insanı fövt edər. Mis qabı baha olduğuna, bu qabı saxlamağa hər kəsin tavanası olmaz, ələlxüsus mal-qara çox olan zaman. Ona binaən qeyri qab işlətmək lazım gəlir və bu qeyri qabların hamısından  ağ dəmir qabı yaxşıdır. Amma bizim kəndlərdə dəmir qabını tapmaq çətin olduğuna məsləhətdir ki, mis qabı qabı az olsa, saxsı qabı işlətsinlər. Amma gərək saxsı qabın içi şirli ola, ona görə ki, şirsiz saxsı qabını da ağac qabı kimi təmiz etmək çətindir, saxsının da ağacın deşiyi kimi deşikləri olur, o deşikləri şir tutmasa, onlara süd dolub, turşuyub, təzə tökülən südü xarab edir.

Süd sərilən qablar gərək yastı və enni olsunlar. Məsələn, bizim təblə  və taxta kimi olsunlar. Nə qədər bu qablar dərin olsa və onların ağzı dar olsa, ol qədər belə qabda sərilən süddən az qaymaq hasil olar. Xülasə, süd sərilən qab gərək dəyəz və ağzı gen olsun və bu qabları  hər dəfə isti su ilə və kül ilə gərək təmiz edəsən, yoxsa onun içində qalan süd turşuyub, təzə sərilən südə dəyib, onu da turşudar.

 

İmtahan ilə biliblər ki, otaqda on dərəcə, yəni on qradus isti olsa, yəni qışda bizlər sakin olduğumuz otaqların istiliyi olsa, ol vaxtda iyirmi, ya iyirmi dörd saat  süd zikr olan qablarda  saxlansa, o südün tamam qaymağı üzünə yığılır. Əgərçi südü belə otaqda qırx səkkiz saat da saxlamaq olur və südü artıq saxladıqcan qaymağın da qədəri artır, amma süd çox zaman sərilmiş qalsa, çürüyüb bilmərrə tələf ola bilər. Yaxşıdır ki, onu iyirmi dörd saatdan ziyadə saxlamayasan və bir də imtahan ilə biliblər ki, əvvəl zaman südün üzünə çıxan qaymaq çox dadlı və xoş iyli olur, amma axırda yığılan qaymaq elə dadlı olmaz. Bu səbəb böyük şəhərlərin yavıqlığında sərilmiş südün üzünə çıxan qaymağı on iki saatdan sonra yığıb, bu əvvəl yığılmış qaymaqdan çox əla yağ çalxayıb,ziyadə qiymətə satırlar, sonra on iki saat keçəndə genə təzədən qaymağı yığıb, bu sonra yığılmış qaymaqdan alçaq yağ qayırırlar. Bəzi kəslər qaymağı südün üzündə ol qədər saxlayırlar ki, qaymaq turşuyur. Sonra bu turş qaymaqdan yağ çalxalayırlar. Amma belə turş qaymağın yağı elə ləzzətli olmaz və az olar.Belə qaymağı turşuyanacan südün üzündə saxlayan kəs elə bilir ki, qaymağı çox saxladıqca onun qədəri də çox olur,amma heç fikir eləmir ki, bu səbəbə onun yağı az və ləzzətsiz olduğuna ondan mənfəət də az olur. Bu səbəblərə binaən qaymağı südün üzündən bir gün bir gecədən, yəni iyirmi dörd saatdan ziyadə saxlamaq məsləhət deyil. Əgərçi bir gün bir gecədən sonra qaymağı yığanda onun bir hissəsi südün içində qalır,amma bu üzsüz süd turşumamış olduğuna ondan pendir qayırmaq olur. Bundan savayı, onu danaya, buzova və fəhlələrə vermək olur. Amma qaymaq turşuyuncan südün üzündə qalsa, belə üzsüz süd turş olduğuna ondan şordan savayı qeyri şey qayırmaq olmaz və şor tez xarab olan şeydir ki, onu yavıqlıqda böyük şəhər olmasa gərək çölə atasan. Bu səbəblərdən savayı qaymaq südün üzündə çox qalanda süd sərilən qablar və otağın avası turşuduğuna o qablara təzə süd tökən kimi qaymaq əmələ gəlməmişdən o təzə süd turş yerdə olduğuna çürüyər və onun qaymağı az olar. Xülasə, qaymağı tez yığmaq məsləhətdir.

 

Əgər süd sərilən otağın istisi on dərəcədən ziyadə ola, ol vaxtda gərək qaymağı çox tez yığasan, yəni bir gün bir gecə saxlamayasan. Amma otağın istisi on dərəcədən az olsa, qaymağı bir gün bir gecədən artıq südün üzündə gərək saxlayasan. Xülasə, süd və qaymaq turşumamış qaymaq gərək yığılsın. Nə qədər qaymağın qədəri az oldu ol qədər onun yağı əla olur.

 

Baqisi gələn nömrəsə olacaq.

 

ELM XƏBƏRLƏRİ

 

Evləri sel basmağının zərəri

 

Bəzi vaxtda insan sakin olduğu evləri çay, ya qar, ya yağış suyu basıb qərq edir. Belə sel basmağın iki qism zərəri olur. Onların birisini görmək olur. Məsələn, sel basan evlərin çoxu uçub tələb olmağı, ya o evlərdə olan mayəhtacların çürüyüb zay olmağı. Amma onların bəzisini görmək müşküldür. Ona binaən bu zərər sel basmaqdan əmələ gəlməyi hər kəsə məlum deyil. Əvvəlinci qism zərər insanın canına olur. Çünki çox kəslər üçün mal candan şirindir,bu səbəbə mala olan zərəri tez görür, amma cana olanı heç görmür.

 

İkinci qism zərərdən burada danışıq olacaq. Əvvələn sel basan evlər nəm olduğuna, bu evlərdə sakin olanlara bəzi naxoşluqlar ariz olur. Məsələn, yatalaq, titrədib-qızdırmaq, isal və yel naxoşluqları bu səbəbdən əmələ gələ bilirlər. Ona binaən belə sel basan nəm evlərin divarları və yeri bilmərrə quruyuncan bu evlərdə sakin olmaq məsləhət deyil. Saniyən, sel ilə belə gələn lil ki, qapı və bacanı basır, onun içində çox kiçik heyvanat və nəbatat olurlar. Su çəkilib gedəndən sonra bu heyvanat və nəbatat fövt olub, çürüyüb havanı xarab edirlər və belə xarab olmuş havanın içində zindəganlıq edən kəslərə hava xarab olmaq səbəbi ilə məzkur naxoşluqlar ariz olurlar. Pəs su çəkiləndən sonra məsləhətdir ki, sel ilə gələn lili yığıb kənar edəsən.Çünki bu lil əkin yerin çox qüvvətli edən şeydir, ona binaən çox yaxşı olar ki, o lili aparıb, əkin yerinə qarışdırasan, yəni həmi evləri bəd havadan xilas edəsən, həmi əkin yerin qüvvətli edəsən.

 

Salisən, həyət-bacanı su basın sonra çəkilən zaman kiçik göllər qalır. Bu göllərin suyu bir yerdə dayanıb qalmağına binaən çox tez iyiyib xarab olur. Əlbəttə, belə iyimiş suyu içmək olmaz, çünki bu göllərin içində su iyiyən kimi su quyusunun içində qalan sel suyu həmçinin iyiyir. Ona binaən Belə su quyusunun suyunu içən kəsə də məzkur naxoşluqlar ariz olur. Bu səbəbə məsləhətdir sel suyu çəkiləndən sonra suyu içilən quyunun suyunu çəkib onu təmiz edəsən ki, bu quyuda ancaq quyudan pəvvarə verən su qalsın ki, bu suyu içmək olsun.

 

Ardı var...

 

HAZIRLADI: Aqşin KƏRİMOV, Günay RƏSULQIZI

 

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub