Modern.az

APA-nın yeni layihəsi var

APA-nın yeni layihəsi var

17 Noyabr 2009, 11:59

Azəri Press Agentliyinin (APA) 5 yaşı tamam oldu. 2004-cü ildə fəaliyyətə başlayan agentlik ötən müddətdə özünəməxsus xüsusiyyətləri ilə Azərbaycanın informasiya məkanında sayılıb-seçilən media qurumuna çevrilməyi bacardı. APA-da çalışanlar kimlərdir, agentliyin bu səviyyəyə gəlib çatmasında xidməti olanlar 5 illik yubileyin tamamında nələr düşünürlər? Beləliklə, “Redaksiyalardan reportaj” layihəsində APA-nın kollektivini tanıyaq.

Digər redaksiyalardan fərqli olaraq APA-ya bir qədər tez getdim. Çünki agentlikdən bir gün əvvəl demişdilər ki, onlarda iş 9.00-da başlayır. Mən də deyilən vaxtda metronun “Sahil” stansiyasının yaxınlığındakı beşmərtəbəli binanın dördüncü mərtəbəsində yerləşən redaksiyada oldum. Adəti üzrə əksər redaksiyalardakı kimi, APA-da da ilk tanış olduğum işçi müdirin köməkçisiydi. Baş direktorun köməkçisi Səidənin işi deyəsən həmişəkindən çox idi, bir yerdə qərar tuta bilmirdi. Özü də dedi ki, yubileylə əlaqədar redaksiyaya gələn qonaqlar, daxil olan zənglər çoxaldığından, onun da işləri artıb. Gözlədiyimin əksinə olaraq agentlikdəki iş planlaşdırması bir qədər gec başladı-saat 10.30-da. Baş direktorun müavini Nurşən Quliyevlə bərabər 7 əməkdaş yarım saat ərzində həmin gün üçün yazılacaq mövzuları müzakirə etdi. Redaktorlar heyəti Planlaşdırmadan sonra ilk həmsöhbətim baş direktorun müavini Nurşən Quliyev oldu. Əvvəllər “Üç nöqtə” qəzetində müxbir, sonra “Xalq Cəbhəsi”ndə redaktor, hazırda isə APA-da çalışan müsahibim jurnalistlik fəaliyyəti dövründə qadın rəhbərlərlə çalışmalı olub. - Qismət belə gətirib ki, kişi rəhbərlə işləməmişəm. Ona görə də kişi və qadın rəhbəri müqayisə etmək mənə çətindir. Onu da qeyd edim ki, qadın baş redaktorlarla işləmək məndə ciddi bir problem yaratmayıb. Mənimçün önəmli məsələ iş və onun üzərimə qoyduğu məsuliyyətdir. Xanımların işi məni qane edib ki, onlarla birgə çalışmışam. Baş direktorun müavini dedi ki, onlar üçün xəbəri tapmaq da, yaymaq da çətin məsələdir: “Xəbər tapmaq, onu yaymaq bütün jurnalistlər üçün çətindir. Bizim yaydığımız xəbərlər tirajlanır. Onların dəqiqliyinə, mənbənin etibarlılığına əmin olmalıyıq ki, sonradan problemlə üzləşməyək”. N.Quliyevin sözlərinə görə, APA-da əsas işlərə-yaradıcılıq, texniki və digər məsələlərə nəzarət etmək onun vəzifəsidir: “Praktik olaraq bütün məsələlər mənim öhdəmə düşür”. Baş direktor müavini dedi ki, APA məqsədinə hələ tam çatmayıb: “APA qarşısına qoyduğu məqsədə müəyyən qədər nail olub. İlk dəfə 7 nəfərlə fəaliyyətə başlayanda məqsədimiz o idi ki, Azərbaycanda tanınaq, bizi hər kəs qəbul etsin. Bunlara nail olduq. Amma arzular bitib-tükənmir. İndi də fikirləşirik ki, Qafqazda və dünyada tanınaq”. Növbəti həmsöhbətim, APA-nn baş redaktoru Vüqar Hüseynov agentlikdə işləməkdən bezdiyini dedi: “APA-da işlədiyimiz müddətdə məsuliyyət və peşəkarlıq vərdişlərimiz artıb. Burada çalışmaq həm maraqlı, həm də yorucu işdir. Hər gün informasiya bolluğunda itib-batmaq adamı bezdirir”. APA informasiya məkanında “bircə mənəm deyir”, yoxsa özünə rəqib görür?  “Mənəm-mənəmlik” iddiasına qapılmadıqlarını deyən V.Hüseynovun sözlərinə görə, onların “Trend” agentliyi kimi rəqibləri var: “Biz qarşımıza qoyduğumuz məqsədin 80-90 faizinə nail olmuşuq. “5” ballıq qiymət şkalası ilə fəaliyyətimizə “4,5” verərdim”. APA-nın redaktoru Şahin Cəfərli vaxtilə “Yeni Müsavat” məktəbini keçənlərdəndir: “İmzam “Yeni Müsavat”da tanınıb. Buna görə o qəzetə minnətdaram”. APA-nın bəzi əməkdaşları köşə yazıları ilə çıxış edir. Əvvəllər “Yeni Müsavat”da yazan Ş.Cəfərli APA-da niyə yazmır? Redaktor köşə yazısı yazmağa daha həvəsinin olmadığını dedi. Onun sözlərinə görə, APA-da əməkdaşların yazısının güclü redaktəyə ehtiyacı yoxdur: “Əksəriyyət normal yazır. Müəyyən şərtlər var ki, hamı onlara əməl edir”. Redaktor Məhbubə Qaraşova əsasən bölgə müxbirlərinin kordinasiya olunması işinə baxır. O, da əvvəllər “Yeni Musavat” məktəbi keçib. Bölgə müxbirlərinin işini kordinasiya etməyin çətin tərəflərindən danışan M.Qaraşova onlardan narazı deyil. 7-dən 150-yə...

Bir qədər sonra baş direktor Vüsalə Mahirqızı ilə görüşürəm. O,  söhbətə APA-nın qısa tərcümeyi-halını danışmaqla başladı: ““Xalq Cəbhəsi”ndə işlədiyim müddətdə məndə belə bir ideya vardı ki, agentlik açım. Çünki o zamanlar informasiya bazarında bir boşluq vardı. Bütün sahələri əhatə edən, xüsusilə tərəfsizlik anlamında olan agentlik yox idi. 2004-cü ilin əvvəlində agentliyimizi dövlət qeydiyyatından keçirdik. Ancaq müəyyən texniki və maliyyə problemlərini aradan qaldırmaq xeyli vaxt apardı. 2004-cü il noyabrın 16-da APA fəaliyyətə başladı. Mənimlə  bərabər agentliyi ilk yaradanlar Nurşən Quliyev, Seymur İsmayılov, Kamil Abışov, Elbrus Seyfullayev, Gülşən Hacıyeva, İxtiyar Əsgərov oldu. Kamil Abışovu çıxmaqla, qalan 6 nəfər hazırda da APA-da çalışır. İlk dəfə iki otaqlı balaca bir redaksiyada işə başlamışdıq. İndiki ofis özümüzün deyil, istərdim gələcəkdə özümüzə məxsus ofisimiz olsun. 7 nəfərlə fəaliyyətə başlayan APA-da indi 150 nəfər çalışır. Bu gün Azərbaycanda ən radikal və ən qatı iqtidar qəzetləri, müstəqil KİV-lər, dövlət və özəl televiziyalar, bütün ölkələrin Azərbaycandakı diplomatik korpusları bizim abunəçimizidir. Ölkəmizin hüdudlarından kənarda da ilk xəbər mənbəyi olmağı bacarmışıq”. V.Mahirqızı bu gün də APA-nın bəzi çətinliklərinin olduğunu dedi: “Arada rəqiblərimizlə atışmalarımız olub. APA-nın yayımlanmaması üçün çalışanlar var. Biz belə maneələri dəf edə bilmişik”. Belə iddialar var ki, APA-nın ilk mənbədən informasiya almaq problemi yoxdur. Yəni məsələn, dövlət orqanları məqsədli şəkildə informasiyanı birinci APA-ya verirlər. V.Mahirqızının bu deyilənlərə münasibəti belə oldu: “Belə bir şey yoxdur. APA hər bir xəbərin uğrunda mücadilə aparır. Nə qədər uğur varsa, o qədər də əsəb itib”. Baş direktor dedi ki, bütün media qurumları kimi, onların da  əməkdaşları əməkhaqlarından tam razı deyil. Baxmayaraq ki, hazırda mətbuatda ən yüksək maaşın APA-da verildiyi deyilsə də. “Bizim də kadr problemimiz var. Ümumiyyətlə, internet mediasının özünün kadrları olmalıdır. Çünki internet mediası son dərəcə operativlik tələb edir. İnternet mediasında çalışanların ayaqları başlarından daha yaxşı işləməlidir. İnternet mediasında xəbərin ömrü saniyələrlə ölçülür. Təəssüf ki, bizim kadr potensialımız zəifdir”-deyə baş direktor əlavə etdi. APA-nın rəqibləri və sirləri V.Mahirqızına da APA-nın rəqiblərinin kimliyi barədə sual ünvanladım: “Azərbaycanda çıxan ən kiçik qəzetdən tutmuş, özünü bizdən böyük və bizim qədər hesab edən hər bir media orqanı bizim rəqibimizdir. Rəqiblərdən hansısa biri irəliləyirsə, bu, bizi də silkələyir”. Həmsöhbətimə onun təsis etdiyi Lent.az və Vesti.az internet qəzetləri barədə də sual verdim. APA, Lent.az, Vesti.az. Bunlardan hansı ona daha əzizdir? Gözlənildiyi kimi APA-nın adını birinci çəkdi: “APA mənim özümü tapdığım, sübut etdiyim media orqanıdır. Media aləminə “Vüsalə Mahirqızı” damğasını APA vurub. Obrazlı desəm, APA övladımdan əvvəl yaranmış övladımdır”. Deyirlər, APA son zamanlar ötən illərlə müqayisədə bir qədər zəifləyib. Vüsalə Mahirqızı bununla razılaşırmı? - Əvvəllər  bəzi xəbərlər vardı ki, agentlik konsepsiyasına uyğun deyildi, ancaq biz onu yayırdıq. Çünki həmin xəbərləri bizdən başqa verən yox idi. O xəbərləri biz indi vermirik. İndi APA-da yaza bilmədiklərimizi Lent.az-da yerləşdiririk. Belə baxanda, onu da deyə bilərlər ki, Lent.az daha oxunaqlıdır. Bununla belə, APA-nın zəifləməsi barədə deyilənləri bölüşmürəm. - APA haradan maliyyələşir? - APA-nın çox geniş abunə bazası var. Saytda çoxlu reklamlar yerləşdirilib, eyni zamanda qrant layihələri hesabına maliyyələşirik. İşçilərin kommersiya sirrini açmaq olmaz. Ancaq bizdə orta əməkhaqqı 400-500 manat civarındadır.

Əməkdaşlara ünvanlanan tələblər “Agentlikdə əməkdaşlardan nə tələb olunur” sualına da baş direktordan cavab istədim. Dedi ki, onların işçilərindən öncə operativlik və obyektivlik tələb olunur: “İşə gecikmək və içib gəlmək olmaz. Azərbaycanın bəzi qəzet redaksiyalarında araq iyi təbii iydir. Ancaq bizdə belə şey olmur. Mən həmişə əməkdaşları işə götürəndə bu öhdəliyi onların qarşısına qoyuram ki, obyekti tapmaq, qarşı tərəfin fikrini öyrənmək və operativ xəbər yazmaq lazımdır. Mən APA-nın ən böyük uğurunu ona bağlayıram ki, bizim əməkdaşlarımız bir ailə kimidir. Pis xəbər yazanı öyrətmək olar, amma pis insanı dəyişmək mümkün deyil”. V.Mahirqızı dedi ki, APA-da səhər 10.00-da hamı iş başında olmalıdır. Agentliyin iqtisadiyyat bölməsi-“APA-Economics”də isə iş saat 9.00-da başlayır. Saat 19.00-da ümumi iş rejimi başa çatır, ondan sonrakı müddət ərzində isə növbətçilik sistemi ilə işləyirlər. Şənbə və bazar günləri də iş növbətçilik rejimində olur. Müsahibimin sözlərinə görə, APA gənclərlə işləməyə üstünlük verir: “Hər il praktikya gələn tələbələr arasından bir neçəsini seçirik. Mən işçi dəyişməyi xoşlayan rəhbər deyiləm”.

“Televiziya idarə etməyə hazıram”

Qəzet, agentlik, internet mediası... Bəlkə Vüsalə Mahirqızının televiziya kanalı açmaq ideyası da var? - İndiki zamanda televiziyaların yaradılması çətindir. Son dərəcə böyük maliyyə tələb edir. Bir dəfə məndən soruşmuşdular belə bir ideya olsa, qəbul edərdimmi? Mən də “edərəm” demişdim. Çünki mən bu işi bacarıram. - Bir ara belə məlumat yayıldı ki, Vüsalə Mahirqızı telekanallardan birinə rəhbər təyin olunacaq... - Onda bəzi televiziya rəhbərləri elə hesab etdilər ki, mən bu dəqiqə onların yerinə gəlirəm. Təbliğata-filana başladılar. Belə bir şey yox idi. Mən demişdim ki, özümü televiziya idarə etməyə hazır hesab edirəm.Yəni insanların baxacağı bir televiziya ortaya qoya bilərəm. Elə indi də televiziya və radio ilə bağlı dəvət olsa, onu qəbul edərəm.

APA ilə bağlı planlar... “İndi Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, bölgələrdə 8, xarici ölkələrdə isə 7 büromuz fəaliyyət göstərir. Onlar Türkiyə, Rusiya, Gürcüstan, Qazaxıstan, Fransa, ABŞ, Finlandiyadadır. Əsas məqsədimiz büroların sayını artırmaq, xarici agentliklərlə əməkdaşlıq müavilələri imzalamaq, böyük elmi araşdırma mərkəzləri ilə iş fəaliyyəti qurmaqdır. Eyni zamanda, gələcəkdə xəbərlərimizi daha çox xarici dillərdə yaymaq istərdik. Bundan başqa, 24 saatlıq yayıma keçmək arzumuz da var. Ən böyük istəyimiz isə APA-nın bir araşdırma və piar mərkəzinə çevrilməsidir. Çünki ölkənin belə bir mərkəzə ehtiyacı var. Qarşıda bizim sosial layihəmiz də var. Ancaq açıqlamaq istəmirəm. Lent.az-a rəqib olacaq başqa bir layihəmiz də olacaq. Hesab edirəm, həmin layihə işə düşəndən sonra APA-nın başı bəzi məsələlərdən açılacaq. Sadəcə, hələlik bunu açıqlamaq istəmirəm. Çünki açıqladıqda, kimsə məndən əvvəl yaradır. Bir sözlə, insanları maraqlandıran çox maraqlı bir layihə olacaq”. Müxbirlər otağı Baş direktorla söhbətin ardından sıra müxbirlərə gəldi. Agentliyin parlament müxbiri Elbrus Seyfullayev. Redaksiyada dedilər ki, uzun müddətdir Milli Məclisə gedib-gələn Elbrus bəzən özünü lap deputat kimi aparır. Parlament müxbiri deputatlarla APA-nın əlaqələrini yüksək səviyyədə qurduğunu dedi: “Azərbaycanın bütün deputatları APA-nın potensial xəbərçisidir”. 2005-ci ildə Həcc ziyarətinə gedən Elbrus iş vaxtı ibadət etmədiyini, işi ilə məşğul olduğunu dedi. Bir ildir APA-da çalışan Kəmalə Quliyeva burada işləməyindən peşiman deyil: “Kollektiv həddən artıq məsuliyyətlidir. Hansısa  xəbəri birinci APA-da biz verəndə, çox sevinirəm”. Kəmalə xanım maaşının məbləğini gizlətmədi və dedi ki, 500 manat məvacib almaq onu qane edir. 2005-ci ildən APA-da çalışan Ramil Məmmədli hamıdan razı olsa da, texniki şöbənin direktoru Seymur İsmayılovdan şikayət etdi: “O, bir çox saytları, həmçinin facebook-u, yahoo-nu, odnoklassnik-i bağlayıb. Bu yaxınlarda Tehrana getmişdim, orada şahidi oldum ki, Xamnei facebook-u bağlamayıb, amma APA-da diktator Seymur bunu bizə qadağan edib. Biz də “filtir sındıran”la daxil oluruq facebook-a. Bu bizə əziyyət verir”. Ramilin bu sözlərini eşidən digər həmkarları da onunla razı olduqlarını vurğuladılar. Mədəniyyət yazarı Ülkər Qasımova “şou-biznes” termininə nifrət etdiyini dedi. Görünür bu sahədən yazmaqdan yorulub. O, da texniki şöbənin rəhbərindən şikayətləndi: “Bizi dünyadan təcrid olunmuş şəraitdə işləməyə məcbur edir, blokada da saxlayır. Fikrimiz var ki, imzatoplama kampaniyasına başlayaq”.

Hüquq sahəsinin yazan Hafiz Heydərov redaksiyada “kriminalist” kimi tanınır. Hafiz sonuncu dəfə anonim telefon terroru ilə bağlı araşdırma yazmasından fəxrlə danışdı. Beynəlxalq əlaqələr və xarici siyasətdən yazan Laçın Sultanova mövzuları çox zaman özü seçdiyini dedi.

Viktoriya Dementyeva da xarici siyasət şöbəsində çalışır. Jurnalistlik fəaliyyətinə APA-da başlayan Viktoriya Belçika, Ukrayna, Almaniyada keçiriləm treninq və seminarlarda olub.

Sosial mövzularda yazan İlhamə İsabalayeva APA-nın stajlı müxbirlərindəndir. Redaksiyada yox idi, dedilər məzuniyyətdədir. APA-nın digər aparıcı əməkdaşı Elnur Məmmədli də işdə deyildi, hansısa tədbirə göndərilmişdi.

Müxbirlərə verilən cavab

İmkan tapıb müxbirlərin xarici saytlardan istifadəyə qoyulan qadağa barədə şikayətlərinə baş direktor Vüsalə Mahirqızıdan münasibət öyrəndim: “Bəzən bir media orqanı idda edir ki, hansısa informasiya ondan oğurlanıb. Buna görə biz ölkənin yerli agentliklərinin veb-səhifələrini və yazışma saytlarını bağladıq. Çünki bəzi əməkdaşlar işdənkənar dost-tanışlarla yazışırlar, halbuki, xəbər istehsalı ilə məşğul olmalıdırlar. İş müddətində həmin saytlardan istifadə etmək yaxşı hal deyil, ona görə də açmayacağıq”.

Texniki şöbənin direktoru Seymur İsmayılov da baş direktorla həmfikir olduğunu dedi: “Buradakı əməkdaşların “feysbukunu” özüm həll edirəm. Bir də ki, evli adamın “feysbukda” nə işi var?”.  Bununla belə, Seymur əməkdaşlara söz verdi ki, APA-nın yubileyinə görə “blokirovkaya” saldığı saytların bəzilərini açacaq.

Nahar fasiləsi

Nahar zamanı APA-nın əməkdaşları iki-iki, üç-üç süfrə arxasında əyləşdilər. Bəzən Vüsalə xanımın da onlarla birgə nahar etdiyini dedilər. İşçilər yeməklərini ya evdən gətirirlər,  ya da mətbəxdə aşpaza hazırlatdırırlar. Baş direktorun köməkçisi Səidə xanımın təkidlərindən sonra mən də mətbəxə daxil oldum. Süfrələri zəngin idi: küftə, dönər, kartof qızartması, turşu. Etiraz etmələrinə məhəl qoymayıb süfrə arxasında olanları fotokameranın yaddaşına köçürdüm.

APA-Economics

Agentliyin iqtisadiyyat şöbəsində iki redaktor və dörd müxbir çalışır. “APA-Economics”in baş redaktoru Vüqar Mustafayevı redaksiyada daha çox “Mustafayev”-deyə çağırırlar. Bunun səbəbini o, belə izah etdi: “APA-da adaşlarımın sayı çox olduğu üçün mənə belə müraciət edirlər”. Baş redaktor kifayət qədər abunəçi bazalarının olduğunu dedi: “Müəyyən məhsullarımız var ki, bazarda yoxdur. Zəngin informasiya bülletenimiz var. İqtisadi indeksləri biz aparırıq”. V.Mustafayevin sözlərinə görə, bir neçə dəfə mətbuatdan getmək istəyib: “Hərdən yorulub getmək istəmişəm. Ancaq görmüşəm ki, informasiya aclığım yaranıb”.

Əvəllər humanitar sahədə yazıb-yaradan redaktor Cavid Cabbaroğlu indi iqtisadiyyatda çalışır. İqtisadiyyatı spesifik sahə hesab edən redaktor əməkdaşlarından çox şey öyrəndiyini dedi: “Müxbirlərimiz çox çalışqandır. Mən çox şeyi onlardan öyrənmişəm”.

İqtisadiyyat şöbəsinin müxbirləri Nicat Mustafayev və Aynur Vəliyevanın başı işə bərk qarışdığından onlara mane olmaq istəmədim. Redaksiyada “Bernard” kliçkası ilə məşhur olan və həmişə hamının sahəsinə göz dikən Rəşad Süleymanov APA-nın ikinci parlament müxbiridir. Həmkarları onu bacarıqlı jurnalist kimi qələmə verdilər. Daha çox iqtisadiyyyat və hərbi sahələrdən yazan həmkarım obyektə göndərilmişdi.

Maliyyə sahəsindən yazan müxbir Elnur Hüseynquliyevə APA-da “Ayrım” ləqəbi veriblər. Subaylığın daşını yenicə atan bu gənc müxbirin əsas işi 40 bankın aktivlərindən reytinq hazırlamaq və ipoteka ilə bağlı xəbərləri müştərilərə çatdırmaqdır.

APA-Sport

“APA-Sport”un əməkdaşları idman plakatları ilə bəzədilmiş bir otaqda cəmləşib. Baş redaktor İxtiyar Əsgərov dedi ki, APA-Sport”u 2007-ci ilin martında yaradıblar. “Hazırda Azərbaycan və rus dillərində xəbər yayımlayırıq. Azərbaycan idman mətbuatında öndə gedən saytlardan biriyik”. Baş redaktorun müavini Aqşin Əliyev fəxrlə dedi ki, dünyanın ən tanınmış idmançılarından eksklüziv müsahibələr veriblər: “Gündəlik 50-yə yaxın ölkə və dünya idmanı haqqında xəbərlər yayımlayırıq”. “APA-Sport”un müxbiri Mehman Süleymanov futbol azarkeşidir. O, sayt fəaliyyətə başlayandan burada çalışır.

“APA-Sport”un digər müxbiri Vüqar Xeyrullayev, onun rusdilli versiyasını hazırlayan Nemət Mütəllimov, dizayner Bəxtiyar Cəfərli işlərindən zövq aldıqlarını dedilər. Tərcüməçilər heyəti

APA-da tərcüməçilərin sayı 11 nəfərdir. Rus dili bölməsinin baş redaktoru LeylaTanrıverdiyava tərcüməçilərindən razılıq etdi.

Rus dili tərcüməçiləri Aygün Mirzəyeva, İranə Əhmədova, Fatimə Əfəndiyeva tərcüməçiliyin onlar üçün çətin olmadığını dedilər. Həm rus dili tərcüməçisi, həm də APA-nın səsli xəbərlərinin diktoru Əsli Qurbanova da bu şöbənin əməkdaşıdır. APA-da xəbərləri fransız dilinə Vüqar Ələsgərov tərcümə edir. O, redaksiyada “Fransız” ləqəbi ilə tanınır.

Ərəb dilinə tərcüməni İsmayıl Heydərov edir. İsmayıl media sahəsində ilk dəfə ərəb dilinə tərcüməni özünün etməsiylə qürurlanır.

İngilis dili bölməsinin redaktoru Şaiq Məmmədoğludur.

İqtisadiyyat xəbərlərinin ingilis dilinə tərcüməsini isə Elmin İbrahimov edir.

Digər ingilis dili tərcüməçiləri Fərda Abbasova və Zümrüd Hüseynova tərcümə etməkdən çox yorulduqlarını dedilər.

Texniki şöbə

Bu otaqda həm APA, həm Lent.az, həm də Vesti.az-ın texniki işçiləri əyləşir. Texniki şöbənin rəhbəri Seymur İsmayılovdur. Şöbənin dizaynerləri Rəfael Məmmədov, Emin Mövsumov, Mail Əsgərovdur.

Fotomüxbir Ramil bir aydır ki, burada çalışır. Digər fotomüxbir Samirə isə işdə deyildi, fotoçəkilişə yollanmışdı.

Montajçı Elmar 2 ildən artıqdır ki, APA-da çalışdığını, operator Ruslan isə kamera daşımaqdan hələ yorulmadığını dedi.

Maliyyə direktoru Zaur Xəlilov hər ayın əvvəli əməkdaşları sevindirir: “Hər kəsin öz maaşı var, ona görə heç kim məndən narazılıq edə bilməz”. Onunla eyni otaqda oturan mühasib Esmira Hüseynova isə işini yekunlaşdırıb getmişdi.

APA-da axırıncı həmsöhbətim telefon zənglərinə cavab verən, qonaqları qarşılayıb yola salan nəzarətçi Mehman oldu. Modern.az olaraq həmkarlarımızı təbrik edir, “5”in yanına ən azı bir “0” da əlavə olunmasını arzulayırıq. Buyurun, aşağıdakı şəkillərdən 5 yaşlı APA-nın kollektivini üzdən də tanıyın.

 
Planlaşdırmada tapşırıqlar verilir
 

"Çalışın özəl xəbərlər tapasınız"

 
Planlaşdırma yekunlaşır
 
Vüsalə Mahirqızı: "APA-nın çox planları var"
 
Nurşən Quliyev: " İndi də fikirləşirik ki, Qafqazda və dünyada tanınaq”
 

Vüqar Hüseynov APA-ya "4,5" qiyməti verir

Şahin Cəfərli redaktə etməkdən deyil, köşə yazmaqdan bezib

Məhbubə xanım bölgə müxbirlərinin yazılarını oxuyur

Vüqar Mustafayev bir neçə dəfə mətbuatdan getmək istəyib

Humanitar sahəni iqtisadiyyata dəyişən Cavid Cabbaroğlu

İxtiyar Əsgərovun fikrincə, APA-Sport öndə gedən idman saytıdır

Tərcümə şöbəsinin redaktoru Leyla Tanrıverdiyeva

Parlament müxbiri Elbrus ancaq deputatlara zəng edir 

Xamneidən də pis diktator tapan Ramil Məmmədli

Laçın Sultanova dünyadan yazır

Kəmalə Quliyeva: "Hansısa xəbəri birinci APA-da biz verəndə, çox sevinirəm”

Bu da saytları blokadaya alan "diktator" Seymur İsmayılov 

"APA-Sport"un müxbiri Vüqar Xeyrullayev

APA-nın nişanlı əməkdaşları-Səidə və Hafiz

"APA-Sport"un dizayneri Bəxtiyar

 Ramil Zeynalov: "Ən yaxşı şəkilləri mən çəkirəm"

Texniki şöbənin işçisi Emin

Aynur Vəliyeva iqtisadiyyatdan yazır

Operator Lalə

Dizayner Mail Əsgərov

Rafael Məmmədov da dizayn işinə baxır

Aqşin "APA-Sport" üçün tər tökür

Mehman da onun kimi

İqtisadiyyat şöbəsinin müxbiri Nicat Mustafayev

"APA-Sport"u rusca hazırlamaq Nemətlikdir

Nahar fasiləsi

"Diqqətli olun, bizi çəkir!"

Əsli və Elnar yubileylə əlaqədar hazırlanan filmi montaj edir

Müxbir Vahab fikirləşir

İngilis dili tərcüməçisi Zümrüd

Zaur Xəlilov APA-nın kommersiya direktorudur

Tərcümə şöbəsinin əməkdaşı Şaiq

Şou-biznesdən yazmaq Ülkər Qasımovanı yaman yorub

"Komutator" Mehman 

Viktoriya Dementyeva beynəlxalq xəbərlər yazır

Rus dili tərcüməçisi Aygün

Yazılanları ingiliscəyə çevirən Elmin

Fərda da tərcüməçidir

İsmayıl da,

İranə də

"Fransız" Vüqar

Ruslan Cəfərov: "Kamera tutmaqdan yorulmamışam"

Müxbir Elnur Hüseynquliyev

APA-nın uğurları

APA-nın tam olmayan heyəti və qonaqları

Günay MUSAYEVA

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər