Modern.az

Ev ala bilməyən alimlərdən ETİRAZ...

Ev ala bilməyən alimlərdən ETİRAZ...

20 İyul 2017, 16:47

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 54 əməkdaşına mənzil verilməsindən sonra bir çox alimlərdə narazılıq yaranıb.

 

Narazılıq edənlər Aspirantlar yataqxanasının sakinləridir. 

 

Onlar Modern.az-a bildiriblər ki, AMEA-da mənzil bölgüsü ilə əlaqədar işinin və məqsədinin nədən ibarət olduğu bilinməyən komissiya var.

 

Onlar komissiyaya müraciət edərək bildiriblər ki, podratçı şirkətlə bağlanmış müqaviləni, xüsusilə müqavilənin 1.3 və 2.1.1 bəndlərini diqqətlə oxumaq lazımdır.

 

“Müqavilədə dəqiq və birmənalı şəkildə qeyd edilib ki, tikinti başa çatdıqdan sonra yataqxanada yaşayan və mənzili olan AMEA əməkdaşları və sakinlər heç bir kateqoriyalara bölünmədən, heç bir şərt irəli sürülmədən nəzərdə tutulmuş binadakı mənzillərdə yerləşdirilməlidirlər. Akademiyanın mərhum Prezidenti Mahmud Kərimovun möhtərəm Prezidentimiz İlham Əliyevə ünvanladığı müraciətin əsasını da bu müddəa təşkil edirdi.

 

Vaxtilə bu müqavilənin bağlanması üçün zəruri şərtlərdən biri yataqxanada yaşayan və yaşadığı mənzilə orderi olan sakinlərin imza ataraq öz razılıqlarını verməsi idi. Hətta sakinlərdən biri gec gəldi, həm AMEA-dan, həm də tikinti şirkətindən olan nümayəndələr axşam saatlarına qədər gözləyib onun da imzasını aldılar”.

 

Qeyd edilib ki, yataqxanada yaşayan sakinlərin köçürülməsi üçün nəzərdə tutulmuş binanın yalnız ilk 9 mərtəbəsindəki mənzilləri bölgüyə qatılıb. Yerdə qalan 10-16-cı mərtəbələrdəki mənzillər isə bölgüyə qatılmayıb.

 

“Onlar kimlərə veriləcək? Soruşanlara da deyirsiniz ki, daha o binada veriləcək mənzil yoxdur. Axı müqavilənin şərtlərinə görə o bina bütövlükdə yataqxana sakinləri olan 118 ailənin yerləşdirilməsi üçün nəzərdə tutulub və tikintini aparan şirkətə heç bir aidiyyatı yoxdur. Eşitdiyimizə görə komissiya üzvlərindən bəziləri sizlərin verdiyi qərarın qeyri-qanuni olduğunu bilərək yekun qərarınıza heç imza da atmayıblar. Haqqı tapdanmış sakinlər sizlərə müraciət etdikdə komissiyanın işə yenidən baxacağını qeyd edirsiniz. Onda belə çıxır ki, komissiyanın qərarını özünüz də qanunsuz hesab edirsiniz.

 

Sonda sizdən əsas tələbimiz budur ki, bağlanmış müqavilənin şərtlərini pozmadan, onlara dəqiq əməl edərək yataqxanada yaşayan və vaxtilə imzalarını toplayaraq razılıqlarını aldığınız, lakin sonradan aldadaraq bu gün qapılara saldığınız yataqxana sakinlərini mənzillə təmin edəsiniz”-deyə alimlər bildirib.

 

Modern.az

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub