Modern.az

Hansı deputatlar qanun layihəsi hazırlayıblar... - II YAZI  

Hansı deputatlar qanun layihəsi hazırlayıblar... - II YAZI  

20 İyul 2017, 16:57

Milli Məclisin deputatlarının vəzifələrindən biri də qanun layihəsi hazırlamaqdır.

Maraqlıdır, hansı deputatlar fəaliyyət dövründə qanunvericilik təşəbbüsü ilə çıxış edib, fərdi şəkildə qanun layihələri hazırlayıblar?

 

Modern.az saytının əməkdaşı bu sualla bəzi deputatlara müraciət edib. 

MilliMəclisin İqtisadisiyasət, sənayevə sahibkarlıqkomitəsinin üzvü Əli Məsimli deyib ki, həmkarı Vahid Əhmədovla birikdə “Reklam haqqında” qanunu hazırlayıb.

 

 “Həmçinin, bir sıra qanun layihələrinə əlavələr, dəyişikliklərlə bağlı təkliflər irəli sürmüşəm. Yaxud parlamentdə müzakirələr zamanı müxtəlif qanun layihələrinin dəyişdirilməsi  və ya onlara əlavə, yeniliklərin gətirilməsi istiqamətində təkliflərim olub. Bizim fəaliyyətimizi bir qədər yaxından izləyənlər bilirlər ki, parlamentdə fəal şəkildə milli mənafelərə dayanan, dövlət quruculuğumuzun tələbləri ilə uzlaşan təklifləri gündəmə gətirənlərdən biriyəm.  Mənim iqtisadi qanunvericiliklə  bağlı irəli sürülən təşəbbüslərin bir çoxunda imzam, iştirakım var.  Yaxud bir neçə deputat bu məsələlər ətrafında öz təşəbbüslərimizi göstərmişik. Hüquq yaratmaq sənəti kollektiv zəhmət tələb edir”. 

 

Elm və təhsil komitəsinin üzvü Asim Mollazadənin müəllifi olduğu qanun layihəsi yoxdur.
 

“Amma mən istər komitə, istərsə də plenar iclaslarda müxtəlif qanun layihələrinin müzakirəsi zamanı iştirak etmişəm və təkliflər irəli sürmüşəm. Onu da deyim ki, mənim təkliflərimin çoxu da deputatlarımız tərəfindən yaxşı qarşılanıb. Hətta bir neçə qanunlara əlavə də edilib. Həmçinin,  parlamentin iclaslarının çoxunda müzakirələrdə fəal iştirak etmişəm.  “Təhsil haqqında”, “Elm haqqında” və bir çox qanunlarla bağlı xeyli sayda təkliflərim olub. Düzünü desəm, müəllifi olduğum qanun layihəsi isə yoxdur”.

 

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Elmira Axundova deputatlıq fəaliyyəti dövründə 1 qanun layihəsi hazırlayıb.
 

“Bu “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” qanun layihəsidir. Bildiyiniz kimi, mən hər zaman cəmiyyətimiz və dövlətimiz üçün maraqlı olan qanun layihələrinə düzəlişlərin, əlavələrin edilməsinə görə hər zaman iclaslarda çıxış etmişəm. Həmçinin, 4-5 qanuna əsaslı dəyişikliklərin edilməsində mənim çox böyük rolum var. Hər zaman da bu istiqamətdə yeni-yeni işlərin görülməsinin tərəftarıyam. İnanıram ki, parlamentdə dövlət quruculuğu, insanlarımızın sosial rifahının yaxşılaşdırılması istiqamətində çox böyük işlər görülür”. 

 

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib ki, həmkarı Əli Məsimli ilə birikdə “Reklam haqqında” qanunu hazırlayıb. 

“Həmçinin, hər zaman  istər komitə, istərsə də plenar iclaslarda müxtəlif qanun layihələrinin müzakirəsi zamanı aktiv iştirak etmişəm və təkliflər irəli sürmüşəm. Təkliflərimin çoxu da həmkarlarım tərəfindən yaxşı qarşılanıb. Hətta mənim təklifimlə  bir neçə qanunlara əlavə də edilib”.  

 

Mirmahmud KAZIMOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?