Modern.az

4 ildən bir çıxan qəzet - MARAQLI  

4 ildən bir çıxan qəzet - MARAQLI   

20 İyul 2017, 22:20

Hər qəzetin öz oxucusu var. Bu oxucular seçib bəyəndikləri gündəlik və yaxud həftəlik qəzetlərin satışa çıxmağını səbirsizliklə gözləyirlər. Amma elə oxucular da var ki, onlar öz sevimli qəzetlərini dörd il gözləmək məcburiyyətində qalırlar.

Modern.az saytı qeyri-adi dövriliyi olan həmin qəzet haqqında maraqlı faktları təqdim edir.

Fransanın satirik qəzeti olan “La Bougie du Sapeur” oxucuların görüşünə dörd ildə bir dəfə gəlir. Nəşrin nizamnaməsinə uyğun qəzet fevralın 29-da işıq üzü görür. 1980-ci ildən nəşr olunan qəzet 200 min tirajla çıxır.

 

2004-cü ilin fevralın 29-da qəzetin xüsusi bazar buraxılışı çap olunub. Növbəti bazar buraxılışı isə 2032-ci ildə oxuculara təqdim olunacaq. 2008-ci ildə redaksiya heyətinin təşəbbüsü ilə qadınlar üçün xüsusi buraxılış hazırlanıb.

Qəzet öz səhifələrində əsasən əyləncəli materiallara, lətifələrə, krossvordlara yer verir. Qəzetdə çap olunan əyləncəli krossvordların cavablarına baxmaq üşün isə nə az, nə də çox, dörd il gözləmək lazım gəlir.

“La Bougie du Sapeur”nin Azərbaycan dilində tərcüməsi “minaaxtaranın şamı” mənasını daşıyır. Məhz qəzetin belə adda olması 19-cu əsrdə fransız personajı olan komik minaaxtaran Kamamberin adı ilə bağlıdır. Kamamberin doğum günü isə fevralın 29-na təsadüf edir.

Qəzetin baş redaktoruna nəşrin aprelin 1-də buraxılması dəfələrlə təklif olunsa da, o bundan imtina edərək qeyd edib ki, bu qəzetin oxucularda yaratdığı xoş təəssürat elə onun buraxılış tarixi ilə bağlıdır.

“La Bougie du Sapeur” qəzetinin bir əsrlik abunə qiyməti isə 100 avrodur. Satışdan və abunədən əldə olunan gəlir isə autizm xəstəliyindən əziyyət çəkən uşaların hesabına köçürülür.


 

İlham Cəmiloğlu

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir