Modern.az

Cəmil Həsənli niyə Şirməmməd Hüseynov ola bilmədi...

Cəmil Həsənli niyə Şirməmməd Hüseynov ola bilmədi...

21 İyul 2017, 09:05

 “Son 10 ildə akademiyanın humanitar institutlarının birlikdə tək mənim qədər xaricdə kitabı çıxmayıb”

 

Azərbaycanda zaman-zaman böyük  alimlərin siyasi proseslərə qatıldıqdan sonra elmi çəkilərinin azaldığını görmüşük. Bundan isə ümumilikdə elmimiz itirir.

Məsələn, tarixçi alim olaraq , Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı dəyərli araşdırmaların müəllifi kimi hamı tərəfindən qəbul edilən professor Cəmil Həsənli məhz siyasi proseslərə qoşulandan sonra ona qarşı münasibətlərdə müəyyən fərqliliyin şahidi olduq.

Eyni zamanda, siyası proseslər onu həm də elmı araşdırmalardan kənarda qoydu.

İndi elmı kluarlarda “niyə Cəmil Həsənlı Şirməmməd Hüsynov ola bilmədi” sualı daha çox verilir.

Hesab edirlər ki, siyasətə qarışmağı ona alim kimi inkişaf etməyə maneələr yaratdı. Siyasətə qoşulmasaydı, daha irəli gedərdi. Cəmil Həsənlinin toxunduğu mövzu və tarixi məsələlər ən azından belə deməyə imkan verir.

Cəmil Həsənlinin özü Modern.az saytına açıqlamasında siyasi fəaliyyətini vətəndaşlıq mövqeyi kimi izah edib. Həmçinin, bu mövqe nümayişinin  onun elmi fəaliyyətinə heç bir mənfi təsir göstərmədiyini bildirib:

“Mən özümə bəraət qazandırmaq istəsəydim,  “Milli Məclisdə deputat olmuşam”,  “siyasətlə məşğulam” deyib, həm də heç nə yazmayıb, əsas peşəm olan tarixçilikdən kənarda dayanmaq istəsəydim, bu başqa məsələ. Əgər istəsəydim, özümə bu yolla bəraət qazandıra bilərdim. Siyasətlə məşğul olub, “yazı yazmağa,  elmi araşdırmalara vaxt tapmıram” deyə bilərdim. Lakin heç zaman bunu deyib, əsas peşəm olan tarixçilikdən uzaqlaşa bilmərəm.

Adamın özündən misal gətirməyi etik hal deyil. Amma  madam ki, sualı mənə ünvanlamısınız, o zaman sizə  konkret faktlarla cavab verim. Son 10 ili götürək,  2006-cı ildən bu yana ABŞ və İngiltərənin  ən nüfuzlu nəşriyyatlarında ingilis dilində 5 monoqrafiyam çap olunub. İki ilə bir kitab düşür. Amma baxın, harada çıxan kitablar...

Amma siz  mənə ömrünü konkret olaraq elmə həsr edən, siyasətdən uzaq duran bir ziyalı göstərin ki, onun belə nüfuzlu nəşriyyatlarda kitabları çıxsın. Mən təbii ki, humanitar sahələri nəzərdə tuturam.

 Nəinki bir nəfər, ümumilikdə Elmlər Akademiyasının bütün humanitar institutlarında çalışanların  hamısının bir yerdə ABŞ və İngiltərənin  ən nüfuzlu nəşriyyatlarında  bu sayda kitabları çıxmayıb. Mənə elə gəlir ki, vətəndaşlıq mövqeyinin ifadə edilməsi heç kəsin elmi fəaliyyətinə mane olmur.

Son 10 ildə ümumilikdə 20 kitabım nəşr olunub. Təkcə Rusiyada 9 monoqrafiyam çapdan  çıxıb. Bunlar AXC-nin xarici siyasəti, Əlimərdan Topçubaşovun siyasi portreti,  SSRİ-Türkiyə, SSRİ-İran münasibətləri, Xruşşovun dövründə ölkəmizdə milli-özünüdərk ideyasının inkişafı və s. məsələləri barədədir.


Professor həmçinin, Azərbaycan Xalq Cümhuriyyətinin gələn il keçiriləcək 100 illik yubileyi ilə bağlı da müəyyən işlərin görülməsinin vacibliyindən danışıb:


“Bildiyimiz kimi, AXC-nin yaradılmasının gələn il 100 illiyi tamam olacaq. Bizim millət kimi birliyimizi nümayiş etdirməyimiz həmin 2 illik tarixdən sonra başlandı. Həmin 2 ildə biz müstəqil dövlət kimi dünyaya öz imzamızı atdıq. Bu cəhətdən AXC ilə bağlı tədqiqatların sayı artmalıdır. Biz bunu dünyaya təqdim etməliyik. Cümhuriyyət fədailərinin xidmətlərini yad etməklə yanaşı, bu həm də özümüzün  təqdimi deməkdir. Artıq bir ildən az vaxt qalıb. Azərbaycanda xeyli sahə institutları olsa da, AXC-nin 100 illiyi ilə əlaqədar onların dəyərli əsər yaradıb, dünyaya çıxaracağına inanmıram”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir