Modern.az

Azərbaycanda dini icma rəhbəri olan QADINLAR...  

Azərbaycanda dini icma rəhbəri olan QADINLAR...   

Hadisə

21 İyul 2017, 11:39

Qadınlarımızın ictimai-siyasi həyata qayıdışı, onların dövlət idarəçiliyində təmsil olunması, bütün sahələrdə kişilərlə bərabər hüquqa malik olması dövlət idarəetmə kursunun prioritet istiqamətinə çevrilməkdədir. Qadınlar müxtəlif sahələrdə fəaliyyət sferasını genişləndirmək səlahiyyətinə malikdir. 15-20 il bundan əvvəl qadınlarımız ancaq müəllim və həkim peşəsi ilə kifayətlənirdisə, indi bu məsələdə xeyli dəyişiklik nəzərə çarpmaqdadır.

Bəs dini sferada vəziyyət necədir?

Bu sahədə rəhbər qadınların sayı nə qədərdir?

Dini Qurumlar üzrə Dövlət Komitəsindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki,  digər sahələrdə olduğu kimi, dini sferada da  qadınların rəhbərlik etməsinə heç bir maneə yaradılmır.

“Əksinə, bu kimi faktlar təqdirəlayiq hal kimi qəbul olunur. Qadınların dini sferada fəaliyyət göstərmələrindən danışarkən bir faktı mütləq qeyd etmək lazımdır ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin müavinlərindən biri qadındır. Jurnalist, tədqiqatçı, filologiya üzrə fəlsəfə doktoru olan Qəmər Cavadlı 2010-cu ildən QMİ-nin ictimaiyyətlə əlaqələr və ailə problemləri üzrə sədr müavini vəzifəsində çalışır. O, MDB məkanında, eləcə də bir sıra müsəlman ölkələrində mövcud olan dini idarələrin tarixində bu statusu qazanan ilk qadındır”.

Komitədən həmçinin, dini sferada çalışan rəhbər qadınların kimliyi barədə də məlumat verilib.

“Dini icmalara gəldikdə isə Azərbaycanda fəaliyyət göstərən 12 dini icma və 1 dini təmayüllü orta təhsil ocağının rəhbəri qadındır. Bu dini icmalardan 6-sı İslam, bir o qədəri də qeyri-İslam təmayüllüdür”.

Qadınların sədr olduğu İslam dini icmalarının və onların rəhbərlərinin siyahısı aşağıdakı kimidir:

Gəncə şəhəri Böyük Bağmanlar məhəlləsi “Həzrət Zeynəb” məscidi dini icması - Rahilə Cəfərova

Ağcabədi rayonu “Seyid Mürsəl Ağa” məscidi dini icması - Zeynəb Quliyeva

Gəncə şəhəri Bala Bağman “Fatimeyi-Zəhra” məscidi dini icması - Zenfira İsayeva

Tovuz rayonu Əlimərdanlı kəndi “Həzrəti Fatimeyi-Zəhra” məscidi dini icması - Leyla Məmmədova

Qazax rayonu Çaylı kəndi “Səxavət” məscidi dini icması - Sahilə Orucova

Salyan rayonu Qaraçala qəsəbəsi Çadırlı kəndi “Həzrət Baba” məscidi dini icması - Zulfiya Məmmədova.

Qadınların sədr olduğu qeyri-islam dini icmalarının və onların rəhbərlərinin siyahısı aşağıdakı kimidir:

Bakı şəhəri “Yeni Həyat” Xristian incil dini icması – Lyudmila İbrahimova

Sumqayıt şəhəri “Molokan ruhani-xristian” dini icması - Matryona Ponomaryova

Qobustan rayonu Hilmilli kəndi “Molokan ruhani-xristian” dini icması - Yekaterina Tsapleva

Xilaskar Yevangelik Lüteranların Bakı dini icması - Vera Nesterova

Sumqayıt şəhəri Bəhai dini icması - Elyana Seyidəliyeva

Oğuz şəhəri Alban-Udi Xristian dini icması - Svetlana Samsonovna.

İslam təmayüllü orta təhsil ocağına gəlincə, söhbət Bakı şəhərindəki Şəbnəm (qızlar) İslam Kollecindən gedir. Kollecə Gülnarə Həşimova rəhbərlik edir”.

 

Namidə BİNGÖL

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir