Modern.az

“Əkinçi”nin 1-ci sayındakı TƏZƏ XƏBƏRLƏR  

“Əkinçi”nin 1-ci sayındakı TƏZƏ XƏBƏRLƏR   

Media

21 İyul 2017, 14:52

Ölkədə ilk milli mətbu orqanın - əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur.


“Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” az müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşdı. Təsadüfi deyil ki, dövrünün görkəmli ziyalıları və qələm sahibləri qəzetlə əməkdaşlıq edir, müntəzəm məqalələrlə çıxış edirdilər. Lakin “Əkinçi”nin ömrü uzun sürmədi. Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başladı və sonda qəzetin nəşrini dayandırdı.


Bu ilin 22 iyulunda “Əkinçi” qəzetinin yaradılmasının 142-ci ili tamam olacaq. Modern.az saytı bu münasibətlə “Əkinçi” qəzetinin ilk nömrəsində dərc olunan yazıların təqdimatını davam etdirir.

 

Beləliklə, “Əkinçi”nin 1-ci sayında yazılırdı... (əvvəli burada //modern.az/az/news/138686#gsc.tab=0)

 

TƏZƏ XƏBƏRLƏR

 

İtaliyadan və Firəngistandan xəbər var ki, bu il dağ və sərin olan yerlərdə barama çox olub, amma onların çoxu xarab olduğuna, onlardan ipək az çıxıb. Bu səbəb bu il ipək keçən ildən az olacaq.

 

Bu il Avropada və Amerikada buğda az olmaq səbəbi ilə gərək bizim buğda artıq qiymətə getsin.

 

Peterburqda iyul ayının səkkizində şam piyinin boçkası 26 manat, neftin cövhəri 2 manat, əla inək yağı 8 manat, alçaq yağ 6 manat. Arpa və buğda bahalanıbdır, buğdanın çetveri 11 manat 70 qəpik, arpanınkı 4 manat 20 qəpik.

 

Bu il Misirin xədifi Darfor mülkünü alıb, onun soltanı Həsəbalını əsir edib. Keçən ayda soltan Həsəbalını onun üç yüz üryan həbəşi övrətləri ilə gətirib, İskəndəriyyədə xıdifi-Misrə təəllüq olan Darüləhmər imarətində sakin ediblər.

 

Xədifi-Misir Darfor mülkünü təsəffür etdiyinə binaən Osmanlı dövləti Misirdən artıq xərc istəyir. Bu barədə xədifin əvvəlinci vəziri Nubar paşa İstanbula danışığa gedib.

 

Qəzetlərdə belə bəyan olunur ki, xədifi-Misir Darfor məmləkətini təsərrüf edib, o məmləkətin sərhəddində vaqe olan Vaday mülkünü də zəbt etmək istəyir.

 

Zakona müvafiq natarius təsdiq edən vəkalətnamə iki qism olur. Birisi gerbovoy və birisi sadə, yəni ağ kağız üstə yazılır. Əvvəlinci qism vəkalətnaməni natarius gərək öz dəftərinə səbt etsin. Ona binaən bu vəkalətnaməni təsdiq etmək üçün o vəkəlatnaməni təsdiq elədən kəs gərək natariusa bir manat pul versin, amma sadə kağız üstə yazılan vəkalətnaməni natarius iki qism təsdiq edə bilir. Əgər vəkalətnaməni təsdiq edən kəs xahiş edə ki, vəkalətnamənin məzmunu dəftərə salınsın, ol vatda gərək natariusa genə bir manat versin. Elə ki, ol kəs xahiş elədi ki, natarius ancaq onun dəst-xəttini təsdiq etsin, ol vaxtda bel dəst-xətti təsdiq etməkdən ötrü natariusa iki şahı, yəni on qəpik gərək versin.

Keçən may ayınnı beşində Peterburqun okrujnoy sudunda prokrorun sekretarı Maslyankovun ərizəsinə mülahizə olunub. Bu ərizədə Maslyankov bəyan edib ki,natarius Yankin ağ kağız üstə vəkalətnamənin dəst-xəttini təsdiq etməkdən ötrü ondan bir manat pul alıb və vəkalətnaməni dəftərə səbt edib. Amma Maslyankov təvəqqe eləmiş olub ki, ancaq onun dəst-xətti təsdiq olunsun. Bu səbəbə ərizəçi təvəqqe edib okrujnoy sud Yankindən doxsan qəpiyi alıb ona versin və ondan savayı natarius artıq pul almağa binaən zakona müvafiq ona tənbeh olunsun. Bu ərizənin cavabında Yankin cavab verib ki, zakon natariusa izin verib hər bir kağızı təsdiq elədən kəs ilə şərt bağlansın və bu şərtə görəpul alsın, çünki ərizəçi vəkalətnamə təsdiq olunandan sonra bir manat verib, dəftərə qol çəkib, vəkalətnaməni alıb, bundan belə məlum olur ki, Maslyankov o bir manatı verməyə razı olub. Ona binaən təvəqqe edib ki, Maslyankova atkaz olunsun. Okrujnoy sud qət edib: natarius Yankinə hökm olunsun ki, Maslyankovdan artıq alınan doxsan qəpiyi qaytarıb Maslyankova versin.

 

Bu iyul ayının əvvəlindən Rusiyada keçən zaman işləyən iyirmi və yetmiş qəpiklik və bir manatlıq gerbovoy kağızlarının əvəzində əlahiddə kağızlar və markalar işləyir. Ona binaən-hökm ali olub ki, hər kəs keçən zamanın gerbovoy kağızını saxlamış isə, kağızları kazonnı palatda təzə kağız və markaya bir illik müddətinəcən dəyişdirə bilər.

 

“Moskovski vedomosti” adlı qəzet bəyan edir ki, padşahlıq mülklərinin vəzirinin dəftərxanasında balıq tutmaq barəsində təzə qanun bina olunacaq. Bu qanun Rusiyanın qiblə tərəfində və Qafqazda işləyəcək.

 

Səmərqəndin yavıqlığında vaqe olan Əfrasiyab düzündə general Abramovun hökmünə binaən yerin altında qədim şeylər axtarırlar. “Birjavoy Vedamost” adlı qəzet bəyan edir ki, buçağadək  10 qızıl, 200 gümü, 500 mis sikkə tapılıb. Ondan savayı bir neçə qədim möhürlər, üzdiklər və sırğalar tapılıb. Bunlardan masəva Abramov otuz qədim yazma kitab satın alıb.

 

Keçən iyun ayının 13-də Firənistanın qiblə tərəfindən vaqe olan Qurunna adlı çay daşıb, bir neçə depertament, yəni quberniya onların şəhərlərilə belə ki, Tuluz adlı şəhər də o cümlədən olsun, qərq edib. Bu seldən 3000 adam fövt olub və 300000000 franka qədər ki, hər frank otuz qəpik olsun, zərər olub.

 

Osmanlı dövlətilə İran dövlətinin sərhəd barəsində mübahisələri bu günə olub:1840-cı sənəddə Ərzrum şəhərində yazılan sülhnaməyə görə məzkur dövlətlərin sərhəddi ,Şat nəhri, yəni Şat çayı olub. Ol sülhə görə Şat nəhrinin içində olan Məxməri cəzirəsi və o cəzirədə vaqe olan Məxməri şəhəri İran dövlətinin əlində qalıbdır.Çünki Şat nəhri cari olan yer qumustandır, ona binaən sülhdən sonra Şat çayı zikr olan Məxməri cəzirəsini yuyub, bilmərrə aparıbdır. Şimdi Şat nəhri cari olduğu yer irəliki yer deyil, o nəhr bir qeyri yerdən cari olur.Bu təzə Şat axaq yer ilə qədim axdığı yerlərin arasında əmələ gələn yer üstə mübahisədir. Bu yerin təxmilə tulu 35 və ərzi 2 ağacdır.Bu mübahisəni qət etməkdən ötrü məzkur dövlətlər tərəfindən müəyyən olan komissiya o mübahisəyə baxıb. Şimdi qəzetlərdə söylənir ki, komissiyanın təsəvvürünə görə mübahisənin qət olmadığı Avropa padşahlarının birisinə rücu olunacaq ki, onun qətnaməsinə hər iki tərəf razı olsun. Xəbər gəlir ki, Osmanlı bu əmrə razı olub, amma İran razı olmağı məlum deyil.

 

“Novosti” adlı qəzet yazır ki, Rusiyada bir icma bina olacaq. Məzkur icmaın qərərdadı dövlət təsdiq etməyə pişnəhad olub. İcmanın ismi müsəlman icmaıdır. Onun calisləri müsəlmanlardan olacaq, 1200 adam calis olmağa razı olublar. Onların 180-ı mədyun olub ki, ildə yüz manatdan tutmuş iki yüz manata qədər versinlər. Məzkur icmaın muradı budur ki, Osmanlıya gedən müsəlmanlar geri qayıdıb, Rusiyaya gəlmək xahiş etsələr, onlara kömək etsin, yəni yol kirayəsi versin və onlar Rusiyaya daxil olandan sonra özlərinə iş tapıncan onlara kömək etsin.

 

Zəngibar hökumətinin soltanı Berqaş bin Səid bu halda Avropada səfər edib, Firəngistanın paytaxtı Parij şəhərindədir. İstanbuldan xəbər var ki, soltan Berqaş öz vilayətinə qayıdan vaxtda Məkkə və Mədinəni ziyarət edəcəkdir. Soltani-Osmani öz imarəti Dolmabaxçanı hazır edib, soltan Berqaşı özünə, yəni İstanbula qonaq çağırıb. Çünki soltan Berqaş Məkkəyə İstanbuldan gedəcək və özü vəhabi olduğuna müsəlmanlar onun ziyarətindən narazı olacaqlar. Bu səbəbə ço intizarlıq ilə gözümlüyürlər görək ki, soltani-Osmanı həmişə Məkkədə əsgər saxlayıb ziyarət edənlərə kömək edir öz qonağı soltan Berqaşı nə tövr ilə Məkkəyə yola salacaq. Qəzetlərdə belə söylənir ki, soltan Berqaş vəhabi də olsa, ona ümid var soltan Əbdüləziz əsgər və top-topana ilə yola salsın.

 

Bu il Bonna şəhərində xaçpərəstlərdən əmələ gələn icma məclis edəcək, o məclisdəxaçpərəstlərin məzhəbini bir etmək barəsində danışıq olacaq. Şimdi hər xaçpərəst dövləti öz vəkilini o məclisə göndərir. Osmanlı təsərrüfündə olan Belqrad şəhərində xəbər var ki, o şəhərin knyazı məzkur məclisə öz tərəfindən Sadə adlı keşişi göndərəcək.

 

Badkubədə neftin xalvarı,yəni iyirmi pudu 1 manat 50 qəpikdən tutmuş 2 manat 50 qəpik, neft cöbhərinin pudu boçkasız 65 qəpik, boçka ilə 1 manat.

 

Buğdanın xalvarı, yəni iyirmi beş pudu 5-dən 16 manat 50 qəpik, arpanın 8 manat, düyünün pudu 18 şahı, mal ətinin əlasının girvənkənəsi 6 qəpik, alçağının 5 qəpik, fındığın girvənkəsi 12 qəpik, qozun 4 qəpik, noxud 3 qəpik, qara kişmiş 6 qəpik, sarı kişmi 8 qəpik, qaysı 2 şahı, stiarin şamı 5 şahı, qəndin pudu 8 manat 2 abbası, yunun pudu 3 manat, pambığın 5 manat 50 qəpik.

 

ELAN

 

Badkubə şəhərinin “Qafqaz” adlı müsafirxanasında sakin olan Tatosov adlı şəxs hər bir işə vəkil olur və hər bir iş barəsində müftə məsləhət verir.

 

Badkubənin çöl şəhərində Şirvan yolunun kənarında təzə təmir olunmuş birmərtəbə ev firuş olur. Xahiş edən kəslərdən iltimas olunur ki, ol evin sahibinin ismini “Əkinçi”nin münşisindən soruşsunlar.

 

Krasilnikov öz müştərilərinə məlum edir ki, sabah onun maqazini Birun şəhərə sobraniyanın müqabilində olan Lalayevin karvansarasına köçəcək.

 

Birun şəhərdə bulağın müqabilində Krasilnikovun karvansarasında İtaliyadan gələn Bastiyan adlı kəs mərmər daşından və qeyri daşlardan təmir olunmuş şeylər və həmçinin balıqqulağı və onlardan qayrılmış şeylər firuş edir.

 

Hazırladı: Aqşin KƏRİMOV, Günay RƏSULQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir