Modern.az

Sosial mənzillər üçün vətəndaşlara kredit verəcək BANK məlum oldu

Sosial mənzillər üçün vətəndaşlara kredit verəcək BANK məlum oldu

21 İyul 2017, 15:30

Əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı qaydanı fəaliyyətində  rəhbər tutan Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən satışa çıxarılacaq güzəştli mənzillərin qiymətinin yerləşdiyi ərazi üzrə orta bazar qiymətindən daha aşağı olması əsas güzəştlərdən biridir. Eyni zamanda, daha bir güzəşt vətəndaşlara tam təmirli və mətbəx mebeli ilə təchiz olunmuş vəziyyətdə təklif olunacaq mənzilləri güzəştli ipoteka krediti ilə əldə etmək imkanıdır.
 

MİDA-dan Modern.az-a verilən məlumata görə, “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına 30 ilədək müddətə verilən güzəştli ipoteka kreditinin illik faiz dərəcəsi 4%, ilkin ödəniş isə mənzilin satış qiymətinin 10%-ni təşkil edir.

Sözügedən Qaydaya əsasən, güzəştlə mənzil əldə etmək hüququna malik vətəndaşlar güzəştli ipoteka kreditindən “Azərbaycan İpoteka Fondu” ASC-nin müvəkkil banklarının siyahısına daxil olan və “MİDA” MMC ilə əməkdaşlıq müqaviləsini bağlayan agent banklar vasitəsilə yararlana bilər.

Ötən müddət ərzində Agentlik tərəfindən vətəndaşlar üçün bu şəraiti təmin etmək məqsədilə görülmüş işlər çərçivəsində “Azərbaycan İpoteka Fondu” ASC-nin 25 müvəkkil bankına müraciət olunub. Agentliyin tabeliyində fəaliyyət göstərən “MİDA” MMC ilə əməkdaşlıq etmək niyyətini təsdiqləyərək tələb olunan sənədləri təqdim edən ilk kredit təşkilatı “Kapital Bank” ASC oldu.

Azərbaycanda korporativ və pərakəndə bank biznesi sahəsində geniş çeşidli məhsulları ilə xidmət göstərən “Kapital Bank” ASC və “MİDA” MMC arasında müvafiq əməkdaşlıq müqaviləsi 19.07.2017-ci il tarixində imzalanıb.

Azərbaycanın bank sektorunda xüsusi çəkisi olan “Kapital Bank” ən böyük filial şəbəkəsinə malik maliyyə qurumlarındandır. 3 milyondan çox fiziki şəxsə və 22 mindən artıq hüquqi şəxsə xidmət göstərən “Kapital Bank” ASC-nin xidmət şəbəkəsi 92 filialı və 7 şöbəsi ilə bütün ölkəni əhatə edir. Eyni zamanda, “Kapital Bank” dövlət sosial proqramlarının icrası sahəsində də geniş təcrübəyə malikdir.

Fəaliyyətində vətəndaş məmnunluğunu əsas göstərici kimi qəbul edən Mənzil İnşaatı Dövlət Agentliyi təcrübəli və etibarlı tərəfdaşlarla səmərəli əməkdaşlığın qurulması istiqamətində işlərini davam etdirir.

Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi hesabına alınan yaşayış sahəsinin 1 kv.m.-nin müxtəlif əraziləri üzrə hazırda qüvvədə olan yeni orta bazar qiymətləri açıqlanıb.

Bakıda orta qiymət 1 164 - 3 283 manat arasında dəyişir.  Bu rəqəm Gəncə, Sumqayıt və Xırdalanda 1 320 manat, Abşeron rayonunun qəsəbə və kəndlərində (Xırdalan istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalanda 975 manat, digər şəhər, rayon, qəsəbə və kəndlərdə isə 610 manatdır.

 

Xatırladaq ki, 01.10.2016 - 31.03.2017 tarixlərində Bakıda orta qiymət 989 - 3 216 manat arasında, Gəncə, Sumqayıt və Xırdalanda 1 069 manat, Abşeron rayonunun qəsəbə və kəndlərində (Xırdalan istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalanda 975 manat, digər şəhər, rayon, qəsəbə və kəndlərdə isə 589 manat təşkil edib.

 

Şəhər/Rayon

Zonalar

Orta qiymət 1 m2(AZN ilə)

Bakı

Zona 1

3283

Zona 2

3012

Zona 3

3158

Zona 4

2420

Zona 5

2067

Zona 6

2618

Zona 7

2201

Zona 8

1791

Zona 9

1658

Zona 10

1494

Zona 11

1207

Zona 12

1164

Gəncə, Sumqayıt və Xırdalan

 

1320

Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan

 

975

Digər rayon (şəhər) və qəsəbələr (kəndlər)

 

610

 

Qeyd edək ki, artıq may ayının sonunundan etibarən Bakıda ucuz — sosial evlərə qeydiyyat başlayıb. "Güzəştli mənzil" sistemi vasitəsilə müraciətlərin qeydiyyatı elektron hökumət portalındadır.

 

Sistemdən istifadə ilə bağlı ətraflı təlimatla, habelə güzəştli mənzil almaq hüququna malik şəxslərin kateqoriyaları və hər bir kateqoriya üzrə təqdim edilməli sənədlərin siyahısı ilə www.mida.gov.az və ya www.mida.az "internet-saytları"nın ana səhifəsində yerləşən "GÜZƏŞTLİ MƏNZİL SİSTEMİ" keçidi vasitəsilə tanış olmaq mümkündür. Saytın bu bölməsində "Elektron hökumət" portalında yerləşən "Güzəştli mənzil" sisteminə daxil olmaq üçün keçid də təqdim olunub.

 

Güzəştli mənzilin əldə edilməsi üçün müraciət gücləndirilmiş elektron imza vasitəsilə mümkün olacaq. Vətəndaşlar Elektron İmzanı və ya Asan İmzanı müvafiq olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində Məlumat Hesablama Mərkəzindən və ya "ASAN xidmət" mərkəzlərindən əldə edə bilərlər.

 

Bu layihə çərcivəsində ilk bina Yasamal rayonunda inşa edilir. Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Yasamal rayonunda tikilən sosial evlərin ilk kompleksində 1850 mənzil olacaq. Kompleksdə mənzillər 1-2 və 3 otaqlıdır.

 

Kompleksdə 1 otaqlı mənzillərin sahəsi 30-35 kvadratmetr, 2 otaqlıları 50-60 kvadratmetr, 3 otaqlı mənzillər isə 65-75 kvadratmetr olacaq. Binalar 9-12 mərtəbə olacaq. Burada mənzillərin 16%-i 1 otaqlılar, 60%-i 2 otaqlılar, 24-25% isə 3 otaqlılar olacaq. Evlərin tikilib satılması təqribən 2-3 il çəkəcək.

 

Güzəştlə mənzil əldə etmək hüququ olan şəxslərin aşağıdakı kateqoriyaları üzrə qruplaşdırılıb.

 

- Gənc ailənin üzvü olan aşağıdakı şəxslər:

- Şəhid ailəsinin üzvü (əri/arvadı, övladları);

- Milli Qəhrəman (özü, əri/arvadı, övladları);

- Məcburi köçkün və ya ona bərabər tutulan şəxs;

- Üç ildən az olmayan müddətdə dövlət qulluqçusu işləyən şəxs;

- Elmlər namizədi və ya doktoru elmi dərəcəsi olan şəxs;

- İdman sahəsində xüsusi xidmətləri olan şəxslər (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçıları (I, II və III yerlər);

- Üç ildən az olmayan müddətdə hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), eləcə də ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları.

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41.0.6-cı, 41.0.7-ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3-cü, 42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara ipoteka krediti üzrə güzəştlər şamil olunmur.

 

Qeyd edək ki, gənc ailə üçün yaş həddi 35-dir.

 

Eyni zamanda, elmlər doktoru elmi dərəcəsi olan şəxs, ən azı 15 il dövlət qulluğunda qulluq edən şəxs, ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları, ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxslər də bu imkandan yararlana biləcəklər

 

Ayda cəmi 180 manat ödəniş

 

Sosial evlərin qənaət edilən evlər kimi istifadəsi nəzərdə tutulub:

Sosial evlər 1, 2, 3 otaqlı olmaq şərti ilə inşa ediləcək. 3 otaqlı mənzillərin sahəsi 75 kvadratmetr, 2 otaqlı mənzillərin sahəsi 45 kvadratmetr, 1 otaqlı mənzillərin sahəsi isə 35 kvadratmetr olacaq. Praktiki olaraq 1, 2, 3otaqlı mənzillər qənaət olunan mənzillərdir. Burada əsas məsələ mənzil sahələrinin çox da böyük olmamasıdır. Mövcud sahə ilə daha çox insanın sosial mənzillərdən yararlanması nəzərdə tutulub.

 

Məsələyə münasibət bildirən iqtisadçı Vüqar Bayramov bildirib ki, sosial mənzillərin istifadəyə verilməsi uzunmüddətli dövr üçün nəzərdə tutulub:

 

“Müvafiq olaraq 3otaqlı mənzillər üçün 350 manat, 2 otaqlı mənzillər üçün 250 manat, 1otaqlı mənzillər üçün 180 manat ətrafında aylıq ödənişin həyata keçirilməsi nəzərdə tutulub.

Bütövlükdə müqavilə şərtlərində ödənişlərin manatla olacağı göstərilib və sosial mənzillərin haqlarının hansısa başqa  valyuta ilə ödəniləcəyi  nəzərdə tutulmur”.

 

Qeyd edək ki, ipoteka kreditləri üzrə güzəştlərdən istifadə etmək hüququ olan hər bir ailə (şəxs) bu güzəştlərdən yalnız bir dəfə istifadə edə bilər.

 

Bu layihənin işə düşməsi vətəndaşlar arasında ipoteka kreditlərindən istifadəyə marağı azaldıb. Vətəndaşların bir qismi sosial ipotekadan deyil, sosial evdən faydalanmaq niyyətindədir. O baxımdan sosial evlərə müraciətlə bağlı qeydiyyatı gözləyirlər. Yəni əvvəllər ipoteka krediti ilə evə sahib olmaq istəyənlərin hazırda sosial ev almaq istəyi sosial ipotekaya müraciət sayının azalmasına gətirib çıxarıb.

 

İpoteka götürənlərin azalmasının digər səbəbi mənzil bazarındakı qiymətlərdə olan durğunluqla bağlıdır. Xüsusilə də ipoteka götürüb ev almaq istəyən vətəndaşlar qiymətlərin daha da ucuzlaşacağını güman etdiklərindən gözləmə mövqeyindədirlər. Onlar bir növ qiymətlər düşdükdən sonra ipoteka kreditlərinə müraciət etmək niyyətindədirlər.

Üçüncü səbəb isə vətəndaşların kredit tarixçəsilə bağlıdır. Xüsusilə də ipoteka kreditlərinə müraciət etmək imkanı olan vətəndaşların bir qisminin xarici valyutada götürdükləri kreditləri qaytarmaqda çətinlikləri var.  Bu baxımdan onların ipoteka kreditlərinə müraciət imkanları xeyli məhdudlaşır. Nəticədə bu da ipoteka kreditlərinə marağın azalmasına səbəb olur”.

 

Yazı AR Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Bank istehlakçıları arasında maliyyə savadlılığına dair maarifləndirmə işinin aparılması” layihəsi çərçivəsində hazırlanıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir