Modern.az

Azərbaycanda xristianlığı qəbul edənlərin şok ETİRAFLARI: “Həyatıma sülh gətirdi”  

Azərbaycanda xristianlığı qəbul edənlərin şok ETİRAFLARI: “Həyatıma sülh gətirdi”  

Ölkə

21 İyul 2017, 15:37

İnsan ağlı nələrisə dərk etməyə başlayan ilk vaxtlarda ona qeyri-adi, fantastik görünən hadisələrə mifoloji yanaşma sərgiləyib. Və bu dünyagörüşü onlarda ilkin ibtidai inancların yaranmasına gətirib çıxarıb.

 

Bəşər tarixinin periodlarında ibtidai inanclar təkamül edərək nəhayət özünün ən ali mərtəbəsinə çatdı – təkallahlı dinlər meydana çıxdı.

Təkallahlı dinlərdən biri də xristianlıqdır və hazırda bu dini təlimə inananlar say çoxluğuna görə birinci yerdədir.

 

Azərbaycanın özündə də bu dinə iman gətirənlər var, amma onların sayı müsəlmanların sayından qat-qat azdır. Azərbaycan əhalisinin  96 faizini müsəlmanlar, 4 faizini isə qeyri-müsəlmanlar təşkil edir.

 

Azərbaycanda dinini dəyişənlər də var. Ölkəmizdə müsəlmanlar mütləq çoxluq təşkil etdiyinə görə, “dinini dəyişənlər” dedikdə ilk ağla gələn müsəlmanlıqdan imtina edib xristianlığı qəbul edənlər beyinlərdə canlanır. Bu, bəlkə də insanların məsələyə şüuraltı reaksiyasıdır, çünki bir zamanlar Azərbaycanda xristian missionerliyi insanları öz toruna salmaq istəyirdi.

 

“Amma onu deyim ki, Azərbaycanda dinini kütləvi halda dəyişmə yoxdur. Buna çox az hallarda rast gəlinir. Dinini dəyişmə çox nadir hallarda olduğu üçün, bununla bağlı hər hansı statistikaya ehtiyac olmur. Bu istiqamətdə də təxmini araşdırma aparılıb. Qeyri-ənənəvi xristian sektalarına qoşulanların sayı 6000-dən çox olmayıb” - Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov açıqlamalarının birində belə deyib.

 

Biz səbəblərini deyə bilmərik - bu, bəlkə də iman, ya da sırf missioner fəaliyyətin nəticəsindən doğan mənzərədir. Söhbət xristianlığa iman gətirən azərbaycanlılardan gedir. Nəticə isə budur ki, Azərbaycanda xristianlığı özünün ali inancı hesab edən soydaşlarımız var.

 

Modern.az saytı  belə şəxslərin xristianlığa necə gəlmələri, buna səbəb olan faktorlar barədə özlərinin dilindən edilən etirafları toplayıb. Onları təqdim edirik. Onların çoxu həyatlarında dramatik situasiya ilə rastlaşanlardır. 

 

Kəmalə adlı bir xanım deyib ki, o, özü də şəhadətinin nədən başlamalı olduğunu bilmirdi.  

 

“İlk dəfə Müqəddəs Kitab bizim evə, biz imanlı olmazdan əvvəl daxil olub. Bu kitab 1992-ci ildə poçt vasitəsilə bizə gəlib. Onda o kitabın üzərində “Hет большей любви” sözləri yazılmışdı. Düzdür o zaman bu kitabın nə olduğunu mən hələ dərk etmirdim. Amma anam bu kitabı evimizdə saxladı. Çünki o, onu müqəddəs sayırdı. Bu evimizə gələn ilk Müqəddəs Kitab idi.

 

İllər ötdü təxminən 1997-ci ildə mənim bir bacım bizə “Uşaq Bibliyası”nı hədiyyə etdi! Bu kitab mənim üçün çox maraqlı göründü. Çünki orada çoxlu maraqlı şəkillər və hər şəklə aid maraqlı hekayələr var idi. O gündən mən başladım bu kitabı oxumağa və axıra qədər oxudum.

 

2002-ci ildə mən ilk dəfə bacım ilə birlikdə məbədə getdim. Tövbə zamanı bizə “Lukanın müjdəsi” hədiyyə olundu. Bu kitab “Xoş Xəbər” adlanırdı. Amma ürəyimdə bir istək var idi ki, mənim də öz “Bibliya”m olsun. Bu kitabdan başqalarında görəndə mənə xoş təsir bağışlayırdı. Hətta kafedrada pastorun kitabını görəndə arzulayırdım ki, mənim də belə kitabım olsun. Bir çoxları kimi mən də sevimli ayələrin altından xətt çəkim”.

 

Şükür Allaha belə də oldu. Rəbb mənə bir bacı vasitəsilə rus dilində “Библиya” kitabını hədiyyə etdi. Bax bu zaman mən ilk dəfə böyük sevinc hissi duydum, hansı ki, əvəllər heç hiss etməmişdim.

 

Mən Rəbbə Onun “diri sözünə” görə təşəkkür edirəm. Çünki bu kitab həqiqətən həyatdır. Bu kitab vasitəsilə Allah məni məzəmmətləyib və daha çox sevindirib. Mənə doğru yol göstərib, çətin vaxtımda düzgün seçim etməyimə kömək edib.

İndi hara getsəm kitabım mənimlədir. Bir arzum var ki, Rəbb mənə güc versin ki, mən ömrümün sonuna qədər gecə və gündüz bu kəlamın sözləri ilə yaşayım. Amin”.

 

“Mənim adım Gülşəndir, 20 yaşım var.Yaşadığımız həyat sözsüz ki, problemlərlə doludur. Bütün ailələrdə olduğu kimi bizim ailədə də çoxlu problemlər var idi. Lakin ən boyük problem qardaşımla baqlı idi. O valideyinlərimin razılığı olmadan istədiyi bir qızla harasa çıxıb getmişdi. Onun hara getdiyini biz bilmirdik. Bu bir ildən çox idi ki davam edirdi.

 

Bir gün xalam anama telefonda danışarkən ona nəsə dedi və ona nömrə verdi. Bu bizim qohumlarımızın nömrəsi idi. Baxmayaraq ki, biz qohum idik, amma mən onları yaxından tanımırdım. Anam onlara zəng etdi və biz görüşdük. Onlar bizə qayğı göstərdilər, bizə həqiqəti, İsanı necə qəbul etdiklərini danışdılar. Nəhayət biz tövbə etdik və İsanı qəbul etdik. Onlar bizə İncil verdilər. O vaxdan bəri bizim həyatımızda çox dəyişikliklər oldu. Qardaşım öz ailəsi ilə evimizə qayıtdı, anam onu bağışladı. Allah bizim duaları qəbul etmişdi.

 

Mən artıq çox şeyi başa düşdüm. İlk növbədə Allahı –İsanı tanıdım. Anladım ki, O bizim kimi milyonlarla günahlı insanlar üçün günahsız bir quzu kimi qurban gedib və qiymətli qanını bizim üçün töküb.Yalnız İsanın köməyi ilə biz əbədi həyata malik ola bilərik. Mən çox xoşbəxtəm, çünki Allah məni bu günahlı dünyadan, milyonlarla insanın içindən seçib. Buna görə də mən Allaha həmişə minnətdar olacağam. Qoy sülh verən Allah bizə yar olsun. Amin” bunu isə xristianlığı qəbul edən başqa biri bildirib.

 

Famil adlı şəxs isə qeyd edib ki, Bakıda anadan olub, lap uşaq ikən Artyoma köçüblər. Familin atası demək olar ki, bütün həyatını türmədə keçirib. Famil yeniyetmə ikən oğurluqla məşğul olub, eyni zamanda narkotikdən də istifadə edirmiş. Lakin həyatının sonrakı illərində onun düşüncələrində 180 dərəcə dönüş yaradan hadisə olur və bununla da o xristianlığı seçir. Famil belə nəql edir:

 

“Məhəllədə Namiq adında oğlan var idi. O məndən beş yaş böyük idi. Namiq mənə necə oğurluq etməyi öyrədirdi. Mən ona çox hörmət edirdim. Elə oldu ki, Namiqi tutdular və o tüməyə düşdü.

O türmədə olduğu müddətdə mən lap avara oldum. Dörd ildən sonra Namiq azadlığa buraxıldı. Mən yaxşı narkotik alıb, onun yanına getdim. Lakin o narkotik istəmədi və mənə Allahın onu necə xilas etməsindən danışdı. Mən elə bildim ki, Namiq türmədə dəli olub, çünki o dəyişilmişdi. Bir neçə dəfə onun yanına gəldim və o yenə də mənə Allah haqqında danışırdı. Mən isə guya ona qulaq asırdım.

 

Mənim əsgərliyə getmək vaxtım gəlib çatdı. Mən əsgərlikdə bərk xəstələndim, vəziyyətim çox ağır idi. Məni məzuniyyətə evə buraxdılar. Mən yenə də Namiqin yanına getdim. O mənə dedi ki, İsa Allahdır. Mən düşündüm ki, bu lap dəli olub. O mənə içərisində vəz olan bir kaset və balaca ‘İncil’ kitabı verdi. Mənim üçün dua etdi. Mən əsgərlikdə bu kitabı oxudum, amma heç nə başa düşmədim. Mən dua edirdim, Allah isə mənə kömək edirdi.

 

Məni əsgərlikdən buraxdılar. Mən yenə də yeyib içir və oğurluq edirdim. Elə oldu ki, mən iki nəfəri bıçaqladım və axtarışa düşdüm. Məni hər yerdən axtarırdıalr. Hər yerdən əlim üzüldü, qohumlar, hətta anam da məndən üz çevirdi. Bu vaxt Namiq yadıma düşdü, düşündüm ki, onun yanına gedim, bəlkə o məni qəbul edər. Namiq məni görən kimi sevindi və mənə kömək etdi. Mən bir müddət onun evində qaldım. O mənə İncil kitabını oxuyurdu və deyirdi ki, İsa sənə kömək edə bilər.

 

30 noyabr 2002-ci ildə mənim ad günüm idi. O məni məbədə apardı. Şənbə günü pastorun dərsi idi. Pastor vəz edərkən sanki mənim həyatımı danışırdı. Vəz mənə çox toxundu, mən ağlamaq istəyirdim. Tövbə etdim və o gündən İsanın balası oldum. 10 ay Namiqlə məbədə gəlib getdim və Müqəddəs Ruhdan doğuldum.

Köhnə işimə görə axtarışda olduğum üçün məni tutub, Bayıl türməsinə saldılar. Bir müddət orada qaldım, dua edirdim və qardaşlar da mənim üçün dua edirdilər. Məhkəməyə 10 dəqiqə qalmış dua etdim:  “Ay Allah, qoy sənin iradən olsun, istəyirsənsə qoy mən tutulum”.

Möcüzə oldu. Məni azad etdilər. Bu mümkün deyildi. Bunu İsa Məsih etmişdi. Mən böyük bir sevinclə məbədimizə gəldim. Şükür olsun Rəbbə!”.

 

Düşüncələri dəyişənlərdən biri də Elmardır. Elmarın da xristianlığa gəlməsi onun kriminal keçmişi ilə bağlıdır.

 

“Mən kriminal bir məhəllədə böyümüşəm. Gənc yaşlarımdan bu şeyləri görüb, özüm də o insanlardan biri olmuşam. 1997-ci ilin əvvəli bütün dəstəni tutdular və məni də tutdular. Mənə 5 il iş verdilər. Bu vəziyyətdə valideynlərim evi satmalı oldular. Evin puluna yenidən məhkəmə edib, altı aydan sonra məni azadlığa buraxdılar. Mən başqa bir qəsəbəyə köçdüm.

 

Bu əhvalatdan sonra mənim bir cinayət işim də açıldı. Mən tək qalmışdım, çünki mənimlə olan bütün uşaqların bəziləri ölmüş, bəziləri də ki, tutulmuşdu.

 

Vəziyyətim pis idi, çünki məni axtarırdılar. Mənim bir uşağım var idi və yaşayış imkanım çox ağır idi. Mən hər an gözləyirdim ki, məni tutacaqlar. Yaşadığım yer dənizə yaxın idi. Bacımın yoldaşı ailəsi ilə bizə gəlirdi. Ailəsini bizə qoyub, dostu ilə çimərliyə gedirdi. Onlar çimərlikdən qayıdanda onların gözləri çox qəribə görünürdü. Bu əhvalat bir neçə dəfə baş vermişdi. Mən onlardan şübhələnirdim ki, bunlar narkotik maddələrdən istifadə edirlər. Mənim özüm narkotik maddə qəbul edirdim. Buna görə də elə düşünürdüm ki, onlar narkotik qəbul edib, mənə təklif etmirlər.

 

Mən onlarla mübahisə edib, deyirdim ki, özünüz tək uyursunuz. Onun yanındakı dostu mənə dedi ki, istəyirsən bu narkotikdən sənə də verək. Bu oğlan həlim idi, mən isə elə bilirdim ki, o fırıldaqçıdır. Dedim ki, ver. O mənə “Uşaq bibliyası” verdi və dedi ki, biz bundan uyuruq, sən də bundan uy. Mən bu kitabı bir müddət oxudum.

 

Bacımın yoldaşı məni məbədə dəvət etdi. Biz görüşüb dirilmə günü məbədə getdik. O mənə deyirdi ki, biz getdiyimiz yerdə elə bir qüvvə var ki, sənin həyatını dəyişəcək və o sənə kömək edəcək, amma mənim heç bir ümidim yox idi. Mən əyləşdim və pastorun vəzinə qulaq asanda gördüm ki, o mənim bütün həyatımı mənə danışır. Sanki hansısa bir qüvvə məni əsdirirdi. İsa mənə toxunmuşdu. Mən çıxıb tövbə etdim. Toplantıdan sonra mən pastora yaxınlaşdım və onunla söhbət etdim. O mənim üçün dua etdi və mənə dedi ki, Allah səni sevir və sənin vasitənlə çox insanlar imana gələcək.

Mənim həyatımda çox böyük bir möcüzə oldu. Mənim üçün açılan cinayət işi bağlandı. Bundan əlavə Rəbb mənim bütün yollarımı açdı. Mən vəftiz oldum. Mənim bir övladım da oldu. Elə oldu ki, biz o evi də satdıq və şəhərdən kənarda ev aldıq. Burda bir kiçik qrup yarandı. Bizim cəmiyyətimiz böyüdü və indi orda 34 nəfər imanlı var. Mən bu cəmiyyətin lideriyəm. Və mən Allaha minnətdaram ki, O mənim həyatımı dəyişib, mənə üç övlad verib və gözəl həyat yoldaşım var”.

 

Sevda xanım isə xristianlığı qəbul etməsini belə əsaslandırır:

 

“Adım Sevdadır. Mən Bakı şəhərində müsəlman ailəsində anadan olmuşam. Ailəmiz 10 nəfərdən ibarət idi, 5 qardaş və 3 bacı. Evin ən kiçiyi mənəm. Atamı 9 yaşında itirmişəm. Bu itki mənim uşaqlığıma demək olar ki, son qoydu. Mən belə böyük bir ailədə özümü çox tənha hiss edirdim. İllər keçirdi və mənim ürəyimdəki boşluq daha da dərinləşirdi. Baxmayaraq ki, bizim ailəmiz heç bir müsəlman adət-ənənələrini yerinə yetirmir, məscidə getmir və Allah haqqında heç nə bilmirdi, lakin biz Allahın varlığına inanırdıq.

 

Uşaq vaxtında atama Allah haqqında çoxlu suallar verir və heç bir düzgün cavab ala bilmirdim. Allaha maraq məndə daha da artırdı. Amma Allah mənim üçün əlçatmaz, ciddi, cəzalandıran bir varlıq kimi idi. Buna baxmayaraq, mən Onunla danışmağa cəsarət tapırdım. Adətən Onunla söhbətim, yalnız şikayətlərdən ibarət idi. Çünki mənim çox mənasız, qorxulu, kədərli həyatım var idi.

 

Bir gün təsadüfən əlimə islam dinini izah edən bir kitab düşdü. Bu məndə Quranı oxumağa həvəs oyatdı. Quranı oxuyur, namaz qılırdım. Düşünürdüm ki, bu yolla Allaha yaxın olaram və ürəyimdəki boşluq dolar. Bir müddət keçdi. Ürəyimin boşluğu qürur, özümü hamıdan üstün tutmaqla doldu. Mən hiss edirdim ki, heç nə dəyişmir, Allahı hiss etmirəm, mən özümü yaxşı hiss etmirdim. Amma buna baxmayaraq, mən qürurla bu yolu davam edirdim.

 

Bir gün qardaşım mənim Allaha marağımı görüb, mənə İncil kitabı gətirdi. Bu kitabı mən Qurana hörmət etdiyim üçün oxumağa başladım. Çünki Quranda belə bir ayə var: “Tövratı, Zəburu, İncili rədd edən Quranı rədd etmiş olur”.  Və mənə İncil çox möcüzəli və nağıl kimi görünürdü. Mən orada olan həqiqətlərə inanmaq istəmirdim. Lakin ürəyimdə yavaş-yavaş nə isə baş verirdi. Bu ‘nə isə’ məni həm sevindirir, həm də qorxudurdu. Sevinirdim ona görə ki, axtardığım Allaha Ata deyə bilərdim, qorxurdum ona görə ki, mən öz dinimdən dönsəydim, Allah məni cəzalandırardı. Mənim bu vəziyyətim 1 ildən çox davam etdi. Mən çox əziyyət çəkirdim. Mənə bir yol lazım idi.

 

Bir gün qardaşım vasitəsilə mənə İncil göndərən qadınla məbədə getdim. Bu yer mənim üçün başqa planet kimi idi. Çünki mən görmədiyim məhəbbətlə əhatə olunmuşdum. Bu mənim çox xoşuma gəlsə də, içimdəki mübarizə davam edirdi. Sonra mən bir neçə dəfə məbədə gəldim və pastorla mübahisə etdim, amma evə qayıdanda məbəddə eşitdiklərim mənə ümid, sevinc verirdi. Belə vəziyyət bir neçə müddət davam etdi və mənim hansı yolla gedəcəyim sual altında idi.

Bir gün mən İncildəki “Yol, həyat və həqiqət mənəm” sözlərini oxuyanda, çox qəribə hisslərlə doldum. “Həqiqət” sözü mənim axtardığım söz idi. O vaxtdan Allahdan bu sözü təsdiq etməsini xahiş edirdim. Sonra mən yenə də məbədə getməyə başladım. Orada artıq çox adam var idi. Onların Allah qarşısında çıxıb tövbə etmələri mənə çox təsir edirdi. Artıq yavaş-yavaş ürəyimdə nə baş verdiyini anlamağa başlamışdım. Qərara gəlmək mənim üçün çox çətin idi.

 

Bir gün bu sözlər haqqında daha dərin düşünməyə başladım, “Yol, həyat və həqiqət mənəm” və mən sabahsı gün məbədə getdim. Artıq həqiqəti tapmışdım. O gün çox sevinirdim. Məbəddə tövbə vaxtı çatanda bir neçə nəfər tövbəyə çıxdı. Və mən bir addım atıb yerimdə dondum. Tövbə vaxtı qurtardı və mən çox kədərli idim, elə bil nə isə itirdim. Bu vaxt pastor Almaniyadan Bakıya qonaq gəlmiş bir pastora söz verdi. Və o pastor salam verib, elə bil əlini mənə göstərərək, dedi: “İsa deyir: “Yol, həyat və həqiqət mənəm”.  Mən özüm də bilmədən göz yaşları içində tövbəyə çıxdım.

 

İndi dünya mənim üçün çox fərqlidir. Dünyada eyni problemlər, eyni kədər, eyni dərdlər var. Kəlamda deyildiyi kimi bu dünyada kədərimiz olacaq. Lakin indi mənim qayğıma qalan, yükümü daşıyan, məni sevən Atam var. Bu Ata məni elə sevir ki, mənə görə Öz Oğlunu qurban verib. İsa Məsih ürəyimin dərinliyinə elə sevinc qoyub ki, bu sevinci məndən heç bir kədər ala bilməz. İsa mənim həyatımda çoxlu möcüzələr edib. Mən bütün həyatımı Ona verib, həyatımda məna, sevinc, sülh, ümid, bolluq və əsl həyat tapmışam. Mən Rəbb İsa ilə çox-çox xoşbəxtəm”.

 

Müşfiq isə öz dediyinə görə, əvvəllər, boş, mənasız həyat tərzi yaşayıb. O, xristianlığı qəbul etməsi ilə bağlı hekayəti belə nəql edir:

 

“Mən istəyərdim ki, sizə öz həyatım barədə şəhadətlik edim. 31 yaşım var. O kimdir ki, insanların həyatına belə nüfuz edir və dəyişir?

 

Həyatımda olan dəyişikliklər belə başladı. Mən sadə bir kəndli həyatı yaşayırdım. Özümü çox tərbiyəli bir uşaq hesab edirdim. Hamı məni və qardaşımı tərifləyirdi. Bizə elə gəlirdi ki, bizdən yoxdur. Amma valideynlərimizə yalan danışırdıq. Bəzən onları aldadırdıq. Dostlarımızın arasında söyüş söyür, nalayiq sözlər danışır və s. bu kimi işlər görürdük. Amma valideynlərimizin gözündə mələk kimi görünürdük. Guya ki, bizdən yaxşısı yoxdur. Artıq 20 yaşım tamam olmuşdu, amma həmən adam idim və mənim uşaqlıqda danışdığım yalanlar da böyümüşdü. Ağzımdan çıxan pis, nalayiq sözlər də çoxalmışdı və daha bir neçə pis əməllərim də artmışdı. Ən gözəl andımız yalandan Allaha and içmək idi. Boş yerə Onun adını bəlkə də 20-30 dəfə çəkirdik.

 

Beləcə boş, mənasız həyat tərzi yaşayırdıq və vaxt tamam oldu. Əsgərlik xidmətinə getməli oldum. Mən orada siqaret çəkməyə başladım. Daha çox nalayiq sözlər öyrəndim. Amma nə isə baş verirdi. Yataq otağında, mənim çarpayıma yaxın olan çarpayıda 1 yaxın dostum çox tez, qısa bir vaxtda xəstəliyə -difteriyaya tutuldu. Bu, bir gecənin içində baş verdi. Səhər hər ikimizi xəstəxanaya apardılar, çünki mənim çarpayım ona çox yaxın idi. Mənim bu xəstəliyə yoluxmaq şansım 100 faiz idi. Xəstəxanada məlum oldu ki, mən yoluxmamışam. Bu mənim üçün bir möcüzə idi. Sabahsı gün xəbər gəldi ki, bu insan elə gecə yarısı keçinib.

Növbəti dəfə az qalmışdı ki, mina sahəsində minaya düşəm. Bizə deyilmişdi ki, bu sahə təmizlənib. Amma sən demə təsadüfən bir yerdə mina qalmışdı. Mən bu yerdən keçərkən elə bil mənə dedilər ki, ayağının altına bax. Bu zaman mən ayağımdan hardasa 15 sm yaxınlıqda simli bir mina gördüm. Əgər o partlasaydı, mən ən azı ayaqlarımı itirə bilərdim və nəçə nəfər həlak ola bilərdi.

 

Mən hələ də şokda idim. Rabitəçi olduğum üçün uzun antenalı rabitə qurğusunu çiynimdə gəzdirirdim. Bir gün zirehli maşının üstündə gedərkən 3m 30sm olan antena 1000 voltluq naqilə toxundu. Çünki çöllükdə bu elektrik naqillərinə nəzarət edən yox idi. Yayın istisindən onlar genişlənıb aşağı sallanmışdılar. Çiynimdə olan uzun antena bu cərəyanın altından keçərkən ona toxundu və güclü qığılcım baş verdi. Mən elə bildim ki, artıq o biri dünyaya getdim. Amma bu dəfə də məni Rəbb qorudu, çünki rabitə qurğusunun bədənimə toxunan heç bir hissəsi yox idi. Bu da təsadüf deyildi. Öz-özümə sual verirdim: niyə məni qorudun? Bu sualı Allaha verirdim. Çünki bu mənim həyatımda başlanan ilk möcüzələr idi.

 

Nəhayət əsgərliyi bitirib, sağ-salamat evə qayıtdıqdan sonra təhsılimi davam etdirməyə başladım. Mən kollecdə oxuyarkən, tələbə yoldaşım mənə Allah haqqında çox danışırdı və bu mənə çox maraqlı gəlirdi. Çünki onun danışdığı Allah ilə mən doğrudan da tanış deyildim. Mənim həyatım boş idi. Mən nə isə axtarırdım, cox çalışırdım. Amma bu boşluğu doldura bilmirdim. Bəzən həyatımdan da bezirdim. Yüklərimi boşaltmağa yer tapmırdım. Bu qız Allahdan danışanda nədənsə mən təsəlli tapırdım. O, İsa Məsih haqqında mənə danışırdı. Bir gün o məni dua evinə dəvət etdi. Mən düşünmədən ora getdim. Mənə elə gəlirdi ki, İsa Məsih rusların Allahıdır. O bizim deyil, rusların və yəhudilərindir. Maraqlısı o idi ki, bu məbəddə heç bir yerdə xaç yox idi. Orada eşitdiyim vəz mənə çox xoş təsir bağışladı.

 

Mən həmən gün çox xoşbəxt sevinc gününü yaşadım. Mən tövbə edəndən sonra sanki ayaqlarım yerdən üzülmüşdü və mən sevincdən uçurdum. Mən Rəbbin mənə toxunduğunu hiss etmişdim. Həmən gündən etibarən Rəbb İsa Məsih mənim ağzımı təmizlədi və mən siqaretlə, pis sözlərlə vidalaşdım. O mənə yeni bir ürək verdi. Mənim ürəyimə həyatıma sülh gətirdi. Mən həqiqətən özümü xoşbəxt hesab edirəm və bu həqiqətən də belədir. İndi mən hər kəsə sevinclə İsa Məsih haqqında danışıram. Çünki O, bu günə kimi sağdır, diridir, Ona iman edən xilas tapır və tamamilə yeni bir insan olur. Bu mənim həyatım barədə kiçik bir şəhadətlikdir”.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır