Modern.az

Təşəkkürlər, möhtərəm prezidentimiz!..

Təşəkkürlər, möhtərəm prezidentimiz!..

21 İyul 2017, 18:37

Firuzə Nadir


Dövlət başçısından mənzil hədiyyə almaq hər bir jurnalist üçün çox böyük sevincdir, şərəfdir, qürurdur. Milli Mətbuat günü ərəfəsində möhtərəm Prezidentimiz İlham Əliyev jurnalistlər üçün tikdirdiyi ikinci binanın açılışını etdi. Bu dəfə 255 jurnalist ailəsini sevindirdi. Sevinənlərin sırasında sevincimi bölüşdüyüm üçün çox xoşbəxtəm...

“Bu təşəbbüs dünya praktikasında ilk dəfədir ki, reallaşır. Və şadam ki, bu sahədə də Azərbaycan öz liderliyini göstərir.” 2013-cü ildə jurnalistlər üçün ilk binanın açılışında belə demişdi Prezidentimiz...  

Bəli, dünyanın heç bir ölkəsində dövlət başçısı jurnalistlərə ev bağışlamır, özü də çox sayda jurnalistə. Və Prezident İlham Əliyevin də jurnalistləri evlə təmin etmək kimi bir öhdəliyi yoxdur. Bu, Onun böyüklüyü və aliliyidir ki, media təmsilçilərinə belə həssaslıqla yanaşır...

Bu, misilsiz hədiyyədir. Bir insanın ən zəruri ehtiyacının – mənzilə olan tələbatının ödənməsi, əlbəttə ki, xoşbəxtlikdir. Bu xoşbəxtliyi bəxş edənin savabı isə sonsuzdur, yerlər, göylər qədərdir. “Bizim siyasətimizin təməlində Azərbaycan vətəndaşı dayanır” deyən və fikrini əməlləri ilə reallaşdıran Prezident İlham Əliyev bu savabı qazandı. İllərlə mənzil gözləyənlərin xəyalını gerçəyə çevirdi. Artıq onların da hər gün qapısını ürəklə açacağı, içində rahatlıq tapacağı, məişət qayğısına boğulmadan öz yazı-pozusu ilə məşğul olacağı evi var! Üstəlik, “Bu ev, bu mənzil Prezidentimin hədiyyəsidir” fəxarəti var! Bu bəxtiyarlıq bir ömür boyu unudulmayacaq! Mənzillərin təqdimat günündə gözlərdəki sevinc, dodaqlardakı gülüş, dillərdəki dua bunu söyləyirdi. Bu dualar hər gün “jurnalist şəhərçiyi”ndəki gözəl mənzillərin geniş pəncərələrindən də sonsuzluğa ucalacaq... 

Amma bu, sadəcə “dörd divar-ev-mənzil-sığınacaq” söhbəti də deyil, bunun mənəvi anlamı qat-qat böyükdür, mənəvi dəyəri maddi dəyərini çox-çox üstələyir. Bu, insanın, insanlığın, onun sabahının, gələcəyinin qayğısını çəkməkdir!...

Təşəkkürlər, möhtərəm Prezidentimiz! Sizə bir minnətdarlıq borcumuz var! Minnətdarlığımızı qəbul edin!..

Siz o gün bir daha unudulmaz öndərimiz Heydər Əliyevi də sonsuz hörmət və ehtiram hissi ilə xatırlatdınız! Təkcə ona görə yox ki, ölkəmizdə KİV-ə, KİV nümayəndələrinə qayğının əsası da o müdrik dövlət rəhbəri tərəfindən qoyulub. Təkcə ona görə yox ki, Heydər Əliyev də biz jurnalistlərin dostu idi!..

Siz, həm də sadəliyiniz, səmimiyyətinizlə yada saldınız o böyük İnsanı!..

...Heç unutmaram. 1998-ci ilin sentyabrında Azərbaycan qadınlarının birinci qurultayı keçirilirdi. Mən də qurultay nümayəndəsi idim. Ulu öndər Heydər Əliyev qurultayda parlaq nitq söylədi, Azərbaycan qadınlarının ünvanına olduqca gözəl fikirlər səsləndirdi. Bu, öz yerində. Amma qurultayın ən təsirli anı, bilirsinizmi, nə idi? İşinin çoxluğuna, vaxtının azlığına baxmayaraq Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanın bütün rayonlarından gələn qadın nümayəndələrlə ayrı-ayrılıqda şəkil çəkdirməsi! Bu proses uzun, hətta çox uzun çəkdi. Amma o, yorulmadı, heç kimin xətrinə dəymədi, heç kimin qəlbini qırmadı, hamı ilə şəkil çəkdirdi. Bu, faktdır və qurultayda iştirak edən hər kəsin yaddaşındadır. Həmin anı əbədiləşdirən şəkillər isə hər birimiz üçün ən əziz xatirə, gözəl bir günün tarixini yaşadan dəyərli eksponatdır!..

Möhtərəm Prezidentimiz, jurnalistlər şəhərciyində Sizinlə çəkilən şəkillər də əbədi xatirəyə döndü. Hər jurnalistin Sizinlə şəkil çəkdirmək istəyi təbii idi! Bunu kim arzulamaz ki! Və Siz də heç kimin könlünə dəymədiniz! Sizinlə çəkilən şəkillər də əbədi xatirəyə döndü! Siz isə özünüz dediyiniz kimi, biz jurnalistlərin “əbədi dost”usunuz!..

Xoşbəxtik ki, Azərbaycan kimi Vətənimiz, Sizin kimi müdrik liderimiz, Prezidentimiz var!..

Bir daha sonsuz təşəkkürlər, möhtərəm Prezidentimiz! Minnətdarlığımızı qəbul edin!..

Sözümü dua ilə bitirmək istədim və ağlıma hamımızın sevimlisi, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın səsləndirdiyi duadan gözəl dua gəlmədi: “Qoy Tanrı Azərbaycanımızı qorusun! Qoy Tanrı xalqımızı qorusun! Qoy Tanrı Sizi qorusun, cənab Prezident!..”

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır