Modern.az

Ağdam 24 il əvvəlin 22 iyulunda - Keçmiş döyüşçü: “İşğal öncəsi orduda hərc-mərclik yaranmışdı”  

Ağdam 24 il əvvəlin 22 iyulunda - Keçmiş döyüşçü: “İşğal öncəsi orduda hərc-mərclik yaranmışdı”   

Aktual

22 İyul 2017, 11:01

Sabah Ağdamın Ermənistan qoşunları tərəfindən işğal olunmasının 24-cü ili tamam olur. 23 iyul 1993-cü il tarixində Erməni Silahlı Qüvvələri Qarabağın ən böyük rayonlarından olan Ağdamı işğal etdilər. Ağdam rayonunun ərazisi 1154 kv.km, əhalisinin sayı isə 165 mindən çoxdur. Rayonun 122 kəndi var ki onların da hazırda 87-si işğal altındadır.

Dağlıq Qarabağ hadisələri başlayandan Ağdam burada cərəyan edən hadisələrin episentri olub. 1992-ci ildən rus ordusuna arxalanan Ermənistan Silahlı Qüvvələri Ağdama olan hücumları daha da intensivləşdirdi. Nəticədə 1993-cü il iyulun 23-də Ağdam şəhəri süquta uğradı. Bundan sonra 1994-cü il mayın 12-dək davam edən hərbi təcavüz nəticəsində ermənilər rayonun 846,7 kvadrat km sahəsini, yəni ümumi ərazisinin 77,4 faizini işğal etməyə nail oldular.

Faktlar ermənilərin Ağdam şəhəri və rayonun işğal altındakı 87 kəndində vəşhicəsinə talan, qarətlə məşğul olduğunu sübut edir. Ağdamın müdafiəsi uğrunda döyüşlərdə 5 min nəfərdən çox azərbaycanlı həlak olub, minlərlə insan fiziki şikəstlik qazandı, rayonun 126 min nəfərdən çox əhalisi öz doğma ev-eşiyindən qovularaq məcburi köçkünə çevrildi.

Ermənilər işğal altında qalan çoxlu sayda tarixi, mədəni və dini abidələri yerlə-yeksan ediblər. Müharibə nəticəsində Ağdam rayonun 538 şəhid verib 587 sakin isə əlil olub. Ağdamda doğulub böyüyən və Qarabağ müharibəsində canını fəda edən 17 nəfər Azərbaycanın Milli Qəhrəmanı adını daşıyır.

 

Modern.az saytının Ağdamın işğal günü ərəfəsindəki həmsöhbəti o faciəni yaşamış ağdamlı,  o zaman rayonda döyüşmüş  Ədalət Məhərrəmovdur.


O, 1993-cü ilin 22 iyulunu ürək ağrısı ilə xatırlayır... 


“Hərbi texnika Ağdamdan çıxarıldı”


“1993-cü ilin 21-22-si iyulunda Ağdamda vəziyyət çox pis idi. Düzü, 1993-cü ilin bu tarixlərinə qayıtmaq çox çətindir. 1993-cü ilin 28 may tarixində müstəqillik günümüzdə ermənilər Ağdama hücum etmişdi. O tarixdən başlayaraq iyulun 23-nə kimi fasiləsiz olaraq Ağdama erməni hücumları olurdu. Həmin vaxtda Ağdamda Talıb Məmmədov adlı briqada komandiri vardı. Çox yaxşı komandir olsa da, sonradan silah-sursatın, hərbi texnikanın Ağdamdan çıxarılıb Murov istiqamətinə aparılmasının qarşısına almadı. O zaman elə hey deyirdilər ki, Gəncə tərəfdən Murova hücum olacaq... 

Ağdamın işğalı ərəfəsində müdafiə naziri Dadaş Rzayev idi. Amma orduda sabitlik yox idi. Kim necə istəyirdisə, elə də hərəkət edirdi.

İyunun 28-də Ağdam uğrunda gedən döyüşlərdə yaralanmışdıq. Bakıdakı hospitalda qalırdıq. Ağdamın işğalına yaxın Bakıdan Ağdama gəldik.

İşğal ərəfəsində kimi “Bozqurd”un, kimi də  “Cəbhə”nin adamı idi. Biz isə  Allahın, torpağın adamı idik. Ağdamın işğalına 20-25 gün qalmış mərhum prezident Heydər  Əliyevin qəbulunda olduq. Ağdamın tanınmış ziyalıları Ağdamın müdafiəsinə çox yaxşı qalxmışdı. Ağdamda çatışmayan nə varsa, hamısını Heydər Əliyevə məruzə etdik. Təbii ki, mərhum lider orduda hərc-mərcliyin baş aldığını açıq söylədi”. 



1993-cü ilin 4 iyun qiyamının Ağdama təsiri

Ədalət Məhərrəmov deyir ki, 4 iyun qiyamı Ağdamın işğal prosesini sürətləndirib. 


“Surət Hüseynovun dəstəsi hay-küylə Ağdama gəldi ki, bəs Ağdamın işğal olunmasına imkan verməyəcəklər. Təbii ki, bu, mümkün olmadı. Surət Hüseynov Ağdamda səhər saatlarında iclas keçirməli idi. Axşam da iclas keçiriləcək yerə mərmi atıldı. Bu xain işi öz ordu hissələrimiz törətmişdi. Nə qədər insan öldü. Bu hadisədən sonra ağdamlılar qorxmağa başladılar. Kazarmada yatmağa kimsə cəsarət etmirdi. Eyni zamanda, Surət Hüseynovun dəstəsində həqiqətən döyüşkən oğullar var idi. Onların çoxunun meyiti döyüş bölgəsində qaldı, götürə bilmədik. Surət Hüseynovun dəstəsində həqiqi döyüşmək gücündə olanlarla bərabər, yeyib-içən, avara, vaxt keçirən adamlar da vardı.
Təəssüf ki, Ağdamın işğal olunmasının ən böyük səbəblərindən biri orduda olan özbaşınalıq idi”.

 

“Biz siyasi oyunlara qarışmadıq”


Ağdamlı döyüşçü deyir ki, Kəlbəcərin işğalı belə, ağdamlıları qorxutmamışdı. Amma...

 

“Ağdamın işğalı ərəfəsində işıq, qaz su problemi vüsət almamışdı. Fasilələrlə olsa da, verilirdi. Ağdamda hər saat evlər güllə atəşinə tutulurdu. Yollarda maşın hərəkət edə bilmirdi. Dərhal partladılırdı. Amm ağdamlılar bərk dayanmağa çalışırdılar. Hətta 1993-cü ilin aprelində Kəlbəcərin işğalı belə, ağdamlıları qorxutmamışdı. Sadəcə, Ağdamda yerləşən silah-sursatın, hərbi texnikanın çıxarılması vəziyyəti daha da gərginləşdirdi.
İyunun 6-da hərbi hissədəki qoşun üzvlərinə dedim ki, Murova hücum etməyə yox, müdafiəyə hazır olmalıyıq. Biz Gəncəyə hücum etməyəcəyik. Bizi siyasi oyunlara qatmasınlar. Sadəcə, Ağdamı müdafiə edək. Çünki rayonda vəziyyət gərgin idi. Dövr qarışıq dövr idi. Ermənilər Azərbaycanda təşkil olunan qiyamdan çox yaxşı istifadə etdilər. Artıq iyulun 22-23-də Ağdam ermənilərlə dolu idi. Həmin vaxt beşmərtəbə adlı yer vardı. Biz ordan baxırdıq. Çölə çıxa bilmirdik”.

 

Namidə BİNGÖL

Whatsapp
Bizə yazın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar