Modern.az

Bayramı göz yaşları içində qeyd etməzlər

Bayramı göz yaşları içində qeyd etməzlər

22 İyul 2017, 14:05

Xanoğlan ƏHMƏDOV
Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri,
İlkxeber.org saytının redaktoru


Azərbaycan mətbuatının 142-ci ildönümünə

 

Bu gün jurnalistlərin peşə bayramıdır.  Deyəsən,  bu il  bayram daha çox iki gün öncə ölkə Prezidenti tərəfindən 255 jurnalistə mənzillərin verilməsi ilə yadda qalacaq.  İsti  yay günlərində ölkə gündəmini bir  mövzu zəbt edib: jurnalistlərə mənzil paylanmasında ədalət prinsipinə nə dərəcədə riayət edilib. Fikirlər haçalanır, razı olanlar da var, narazı qalanlar da. 

Mənzilə ehtiyacı olan jurnalistlərdən də biri də mən idim. 20 ildən çoxdur ki, Azərbaycan mətbuatındayam. Müstəqil Azərbaycanın bir sıra mətbu orqanlarında çalışdığım illərdə həmişə obyektiv olmağa çalışmış, bütün yazılarımda Azərbaycanın milli və dövlət maraqlarından çıxış etmişəm. 2005-ci ildən jurnalist təşkilatı olan Media və Mülki Cəmiyyət İctimaİ Birliyinin sədriyəm. Eyni zamanda “İlkxeber.org” saytının təsisçisi və baş redaktoruyam. Hələ də özümün şəxsi mənzilim yoxdur. 9 nəfərlik ailə üzvlərimlə (həyat yoldaşım, 3 oğlum, iki gəlinim və 2 nəvəm) çox çətin şəraitdə yaşayırıq.  22 yaşlı oğlum Əhmədli Səid ağır nevroloji xəstədir, birinci qrup əlildir. Ona görə, peşə fəaliyyətimi nəzərə alaraq media adamı kimi mənim də jurnalistlər üçün nəzərdə tutulmuş binadan mənzillə təmin edilməm üçün köməklik göstərməsini xahiş etmişdim.

Bütün bunlara baxmayaraq artıq ikinci dəfədir, adım siyahıdan kənarda qalır. Lakin mən bundan faciə düzəltmək,  dövlətin jurnalistlərin mənzil probleminin həllinə yönəlik fəaliyyətinə kölgə salmaq niyyətində deyiləm. Təbii ki, 255 mənzilə iddia edən 3 min nəfərin 2 min 745 nəfəri siyahıdan kənarda qalmalı idi. Azərbaycanda problemlər içində yaşayan böyük jurnalistlər ordusu var, onların problemlərinin bir günə öz həllini tapacağı qeyri-mümkünsüzdür. 

Bu gün jurnalist çevrələrində ciddi müzakirələrə rəvac verən bu məsələdə ola bilər ki, kimlərsə haqlıdır. Ancaq mənzil alan jurnalistlərin siyahısında ehtiyacı olan, imzası ilə tanınan həmkarlarımın adını görəndə, özüm ev almasam belə, həddən artıq sevindim. Xüsusilə, mərhum jurnalistlərimiz Adil Mirseyid və İbrahim Bayandurlunun  ailələrinin mənzillə təmin edilməsi çox təqdirəlayiqdir.

Əslində, media təmsilçiləri 2008-ci ildə Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyin Konsepsiyası qəbul edilməsini, 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılmasını jurnalistlərin problemlərinin öz həllini tapmasına yardım edəcəyinə, bu sahədə zəruri addımların atılacağına çox inanırlar. Məhz bu siyasətin davamı kimi 2013-cü ildə 156, bu il isə 255 jurnalist mənzillər təmin olundu. Üçüncü binanın da artıq təməli qoyulub.  Belə getsə, Azərbaycanda evsiz jurnalist qalmayacaq.

Siyasətdə uğur qazana bilməyənlər indi də jurnalistlərin intriqasından bəhrələnmək istəyir. Hər gün tədbirlərdə üz-üzə gələn jurnalistlər daha çox uğursuz  siyasətçilərin güdazına gedir, bəzi uğursuz siyasətçilərə görə bir-birlərinə nifrət yağdırırlar. Bu dövlət bizimdir. Hər bir jurnalistin evi olacaq, kin, həsəd yaxşı keyfiyyət deyil.

Həmkarlarıma bir daha xatırlatmaq istərdim ki, madam ki, Prezident bizə öz əlini uzadır, o əli sıxmaq lazımdır. Bu hələ son deyil. Qarşıda növbəti illər var və hamımız sevinəcəyik. Bayramı göz yaşları içində qeyd etməzlər, ən azı bizə yaraşmaz. Bayramınız və yeni mənzilləriniz mübarək, əziz həmkarlar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...