Modern.az

Əli Həsənov jurnalistlərin mənzil bölgüsündən narazı qalanlara CAVAB VERDI  

Əli Həsənov jurnalistlərin mənzil bölgüsündən narazı qalanlara CAVAB VERDI  

22 İyul 2017, 14:47

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov evsiz jurnalistlərə mənzillərin verilməsi prosesindən narazı qalanlara və bu yöndə səsəndirilən iddialara cavab verib.

Modern.az-ın məlumatına görə, Milli Mətbuat gününün 142-ci ildönümünə həsr olunmuş tədbirdə çıxışı zamanı Ə.Həsənov deyib ki, media işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı, medianın maddi-texniki bazasının gücləndirilməsi istiqamətində təşəbbüslər irəli sürən Prezident İlham Əliyev jurnalistlərlə görüş keçirdi və öz tövsiyyələrini verib:

"Prezident jurnalistlərlə görüşdən böyük təəssüratla qayıtdı. Mən əminəm ki, jurnalistlər də bu görüşü həmişə məmnunluqla xatırlayacaqlar. Əlbəttə, 255 mənzil bütün jurnalistlərin ehtiyacını ödəmir. Əlbəttə, bu gün siyahıdan kənarda qalan jurnalistlər arasında da haqqı çatan və ehtiyacı olan qələm sahibləri var. Lakin çox təəssüf edirəm ki, adını jurnalist qoyan bir qrup üzdəniraq insan sosial şəbəkələrdə ev bölgüsü ilə məşğul olan komissiyanın fəaliyyətinə kölgə salmağa, ev alan jurnalistlərin haqqını, ehtiyacını inkar etməyə çalışırlar.
255 jurnalist arasında aktiv olub öz haqqını müdafiə edənlər var. İnanıram ki, onların arasında passiv olanlar da fəallıq göstərəcəklər.

İndi mənzillə təmin olunanlar barəsində danışanların arasında ev almaq üçün adlarındakı mənzili başqalarının adına keçirənlər, jurnalist stajlarını yalandan artıranlar, hətta 12-13 yaşlarından əmək fəaliyyəti ilə məşğul olduğu barədə əmək kitabçasına staj yazdıranlar da var. Təəssüf ki, bir sıra veteran jurnalistlərə, bu gün fəaliyyət göstərən və ehtiyacı olanlara ev ayıra bilmədik. Onlar növbəti binada mənzillə təmin olunacaqlar.
Çox təəssüf ki, komissiyanın fəaliyyətini qaralamaq istəyən bəziləri katibələrə, sürücülərə ev verildiyini qeyd edirlər. Halbuki elə bir fakt yoxdur. Mənzillə təmin olunanlar arasında uzun illər Azərbaycan Nəşriyyatında müxtəlif məsul vəzifələri icra edən şəxslər var. Nəşriyyat işində, mətbuat sahəsində onların xidməti heç də jurnalistlərinkindən az deyil. Yaxud KİVDF-də Komissiyada çalışanlardan birinin ev almaq haqqı yoxdurmu? Və ya Milli Televiziya Şurasının bir üzvünə ev ayrılıb. Onlar da medianın problemi ilə məşğul olurlar. O cümlədən mətbuat xidmətlərində çalışanlardan cəmi 5 nəfərə ev ayrılıb. O insanlar da sizin kimi 500 manat maaş alır, onların da haqqı var. Onlar da sizin sıralarınızdan çıxmış, uzun illər jurnalistikada olmuş insanlardılar".



Ə.Həsənov əlavə edib ki, jurnalistlər üçün təməli qoyulan binanın 2 il ərzində tikilib istifadəyə verilməsinə çalışılacaq: "Dövlət başçısı üç il ərzində üçüncü binanın tikintisinin başa çatdırılmasını tapşırdı. İnanıram ki, biz 2 ilə buna nail olacağıq. Bu mümkün olmasa da, 2020-ci ildə mütləq üçüncü bina istifadəyə veriləcək".

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır