Modern.az

Dağlıq Qarabağın ziyalıları - İsi Hacıyev

Dağlıq Qarabağın ziyalıları - İsi Hacıyev

22 İyul 2017, 21:45

Dağlıq Qarabağın təhsil sistemində, o cümlədən bölgədə yaşayan azərbaycanlıların maariflənməsində təqdirəlayiq xidmətləri olmuş  İsi Hacıyev 1913-cü ildə Şuşa rayonunun Malıbəyli kəndində anadan olub.  O, Malıbəylidə Sovet hakimiyyəti qurulan ili birinci sinfə qədəm qoyub. Hələ məktəb illərindən şagird kimi kəndin ictimai həyatında fəal iştirak edib, müəllimlərinin hörmətini qazanıb. Məhz Malıbəylinin mədəni ab-havası, müəllimlərinə dərin hörmət və məhəbbəti onun gələcək həyat yolunu müəyyənləşdirib, məktəbi bitirdikdən sonra o, müəllimlik peşəsini seçib.

 

Modern.az saytı Dağlıq Qarabağın ziyalıları silsiləsindən növbəti yazını təqdim edir.

 

İsi Hacıyev dövrün ən tanınmış, savadlı pedaqoqlarının dərs dediyi Şuşa seminariyasında  təhsil  alıb. O, 1931-ci ildə seminariyanı bitirdikdən sonra H.Hacıyev adına Şuşa nümunəvi məktəbində dil-ədəbiyyat fənnini tədris etməyə başlayıb. Burada cəmi bir il işləməsinə baxmayaraq gənc müəllimin adı təkcə rayonun yox, eləcə də vilayətin maarif ocaqlarında nümunə kimi çəkilib.

 

İsi Hacıyev 1932-ci ildən Malıbəyli kənd natamam orta məktəbinin həm pedaqoji kollektivinə rəhbərlik edib, həm də  dil-ədəbiyyat dərslərini aparıb. O, məktəbin maddi-texniki bazasının möhkəmləndirilməsi, müəllimlərin həyat şəraitinin yaxşılaşdırılması, şagirdlərin sayının artması üçün xeyli zəhmət sərf edib, bu qədim və nümunəvi məktəbin şöhrətini artırıb.   

 

Pedaqoji fəaliyyəti nəzərə alınaraq İsi Hacıyev 1934-cü ilin sonlarında Şuşa rayon Xalq Maarif şöbəsinə metodist vəzifəsinə təyin olunub. Qısa müddətdən sonra isə o həmin maarif şöbəsinə rəhbərlik edib. Artıq xeyli təcrübəsi və təşkilatçılıq bacarığı olan İsi Hacıyev Şuşa maarifinə rəhbərlik elədiyi qısa müddət ərzində rayonun bir çox kənd məktəblərində yenidənqurma və quruculuq işləri aparıb, təhsil ocaqlarında sinif otaqlarının sayı artırılıb, məktəbdən kənar qalan uşaqlar təhsilə cəlb edilib.

 

1935-ci ildə İsi müəllimi yenidən vilayətin geridə qalmış kənd məktəblərindən birinə direktor təyin ediblər. O, taleyini Kosalar kənd məktəbi ilə bağlayıb. Az vaxtda yüksək nəticələr əldə edib. Burada işləyərkən 1939-cu ildə Bakıda birillik ikinci pedaqoji institutu da bitirib və Böyük Vətən müharibəsi başlanana qədər fəaliyyətini həmin məktəbdə davam etdirib.

 

Kiçik leytenant İsi Hacıyev müharibə illərində əmək fəaliyyətini bir müddət arxa cəbhədə - Kürdəmir rayon Hərbi Komissarlığında davam etdirib, 4-cü şöbədə inspektor işləyib. Müharibə başa çatdıqdan sonra isə 1946-cı ildə yenidən Kosalar kəndinə qayıdıb pedaqoji fəaliyyətini davam etdirib.

 

1948-ci ildə İsi Hacıyevə  Şuşadakı 1 nömrəli uşaq evinə rəhbərlik etmək  həvalə olunub. O, burada  cəmi altı ay işləyib.  İsi Hacıyev yenidən Kosalar məktəbinə göndərilib. O, bütün səy və bacarığını artıq onun üçün doğmalaşan kənd məktəbinin inkişafına sərf edib. Elə həmin illərdə ali təhsil almağı da vacib sayan İsi Hacıyev 1954-cü ildə Azərbaycan Dövlət Qiyabi Pedaqoji İnstitutunu Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə diplom alıb. 

 

1959-cu ildə İsi Hacıyevi Nizami Gəncəvi adına Xankəndi şəhər 4 saylı orta məktəbinə direktor təyin ediblər. Lakin 3 ildən sonra şəhərdəki bu yeganə Azərbaycan məktəbi səkkizillik rus məktəbi ilə birləşdirildiyindən İsi Hacıyev yenə də Kosalara kəndinə qayıtmaq məcburiyyətində qalıb. 1965-ci ildə yenidən şəhər məktəbinə qayıdıb. Bu dəfə isə məktəbdə ona təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsi tapşırılıb.

 

İsi müəllimin uzunmüddətli pedaqoji stajı, iş təcrübəsi, savadı, biliyi, təşkilatçılıq qabiliyyəti nəzərə alınaraq 1969-cu ildə onu yenidən müstəqil şəkildə fəaliyyətə başlayan Nizami Gəncəvi adına Xankəndi  şəhər 4 saylı orta məktəbə direktor təyin ediblər və o 1972-ci ilə qədər bu vəzifədə çalışıb.

 

İsi Hacıyevin səmərəli pedaqoji fəaliyyəti dəfələrlə mükafatlandırılıb, ən əsası isə o, yaddaşlarda Dağlıq Qarabağın say-seçmə ziyalılarından biri kimi qalıb.

 

İlham Cəmiloğlu  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir