Modern.az

Türkiyə bəzi İŞİD-çilərin siyahısını Azərbaycanla birgə HAZIRLAYIB

Türkiyə bəzi İŞİD-çilərin siyahısını Azərbaycanla birgə HAZIRLAYIB

23 İyul 2017, 17:00

Türkiyənin Daxili İşlər Nazirliyi “İslam dövləti” (İŞİD) terror təşkilatın qarşı mübarizə ilə bağlı hesabatını açıqlayıb.

 

Terror təşkilatları ilə əlaqələri olanların cəmləşdiyi “qara siyahıya” ümumilikdə 146 ölkədən 53 min 781 nəfər daxil edilib.

 

Bu siyahıda Səudiyyə Ərəbistanı (7523 nəfər), Tunis (4605 nəfər) və Rusiya (4128 nəfər) vətəndaşları liderlik edirlər.

 

Türkiyənin dövlət orqanları İŞİD-lə əlaqədə olduqlarına görə 2014-cü ilin aprelindən indiyədək 1677 Azərbaycan vətəndaşının ölkəyə girişinə qadağa qoyub, daha 252 Azərbaycan vətəndaşı deportasiya edilib.

 

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Modern.az-a deyib ki, "qara siyahı"ya daxil olan azərbaycanlıların müəyyən olunması üçün Türkiyə Azərbaycanın xüsusi xidmət orqanları ilə  birgə işləyiblər:

 

"Görünən odur ki, türklər bizimkilərlə birgə informasiya mübadiləsi şəraitində çalışıb. Həmin adamları məhz Azərbaycan tərəfinin verdiyi informasiya nəticəsində "qara siyahı"ya salıblar. Ola bilər ki, biz "qara siyahı"da olanların hansısa təxribata hazırlaşdıqlarını bilirik. Amma həbsləri üçün əsas olmadığından qonşu ölkəni xəbərdar etmişik. Xəbərdarlıq onların Türkiyə ərazisindən Suriyaya keçmək kimi planlarının qarşısını almağa xidmət edir. Təbii ki, Türkiyənin özünündə təsdiq olunmuş şübhələri var. Şübhəli şəxslər nə vaxtsa Suriyaya keçməyə cəhd ediblər, amma qarşıları alındığından geri dönməyə məcbur olublar".

 

Ekspert bildirib ki, həmin adamların əməllərində konkret cinayət olmasa da potensial cinayət törədə biləcək şəxslər olduqlarına görə "qara siyahı"ya düşüblər. İ.İsmayıl potensial terrorçuların hazırda Azərbaycanda olmasını istisna etməyib:

 

"Onların Azərbaycanda da, Suriyada da olanı var. Suriyada olanlar Türkiyəyə keçməyə cəhd edərsə, tutularaq Azərbaycana təhvil veriləcəklər. Azərbaycanda olanlar isə faktiki olaraq xüsusi xidmət orqanlarının nəzarətindədirlər. Onların Türkiyəyə daxil olması təhlükəli olacağından bəri başdan qarşıları alınır”.

 

Onun sözlərinə görə, həmin şəxslər Azərbaycan üçün təhlükə mənbəyi ola bilər:

 

"Amma aydındır ki, onlar  nəzarətdədirlər. Hər hansı addımda cinayəti törətməyə cəhd edərkən qarşıları alına bilər. Bu çox yaxşı informasiyadır. Bu mənada ki, bilirlər ki, kim nə ilə məşğuldur, hansı terror təşkilatları ilə əlaqələri var. Ona görə də hər iki ölkədə bu məsələyə diqqətlə yanaşırlar".

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir