Modern.az

Fikrət Qoca və xanımı Amerikada - VİDEO

Fikrət Qoca və xanımı Amerikada - VİDEO

Ədəbi̇yyat

24 İyul 2017, 08:39

Xalq şairi Fikrət Qoca iyul ayının 10-dan həyat yoldaşı Raya xanımla birlikdə ABŞ-da istirahət edirlər. Onunla yenidən İndiana ştatının, İndianapolis şəhərində, qızı Günay xanımın evində görüşdük. Səhhəti normal, əhvalı yaxşıdır. Xalq şairi istirahətlə yanaşı, yaradıcılığını da davam etdirir.

Azərbaycanda baş verən hadisələri internet vasitəsi ilə izləyir. Füzuli rayonunun Alxanlı kəndində düşmən gülləsinə tuş gələn Zəhra balamıza şeir də həsr edib. “Körpə mələk” adlandırdığı bu şeiri Los Ancelesdə yaşayan şair Aleksandr Qric rus və ingilis dillərinə tərcümə də edib. Fikrət müəllimlə görüşərkən ‘’Haqqın səsi” adlı kiçik həcmli bir poemanın son sətirlərini yazdığının şahidi oldum. Avqustun 15-də vətənə dönəcək xalq şairinin salamlarını sizə çatdıraraq ABŞ-da yazdığı yeni əsərlərini və onun istirahət zamanı video kameramın yaddaşına həkk etdiyim görüntüləri təqdim edirəm:

 

Körpə mələk

 

Zəhra körpə mələkdi,

Bir qönçədi təzə, tər.

Nənə nazını çəkdi,

Sarıldı bir-birinə

Nənə, nəvə- mələklər...

Yarpaqlar pıçıldadı,

Bütün güllər, çiçəklər

Cənnət ətri saçdı.

Zəhra ilə nənəsi,

Bu cənnətə yaraşdı...

Yer üzündə, cahanda...

Bütün dinlər və dillər.

Terror mərmisi ilə

Ölən fidan körpəyə,

Zəhra- Zəhra deyirlər.

Qan ağladı çiçəklər.

Görüb günahsız qanı-

Görüb nənə-balanı,

Qan ağladı mələklər.

 

Düşmən bu mənzərəyə,

Top ilə atəş açdı.

Zəhra ilə nənəsi

Al qanına boyandı,

Hər yan alışdı, yandı...

Yandı çiçəklər, güllər,

Yandı sevən könüllər,

Yanır ağızda dillər.

Dünyada bütün ellər,

Zəhra-Zəhra deyirlər...

 
 

Haqqın səsi

 

Kainat bir - mavi dəniz…

bir adadı,

Bir insan yuvasıdır,

yer kürrəmiz.

Ağlımızın azlığından,

yolumuzu azdığımızdan

kainatda qəribik biz,

tənhayıq biz.

Bu yuvanı aramızda

bölmək üçün yaşayırıq,

düşünürük.

Savaşmaq üşün,

 bölmək üçün.

Bu dünyanın ilk doğulan

Habil, Qabil qardaşıyıq…

Həvva adlı ilk ananın

Göz yaşıyıq.

Niyə qardaş olmadıq biz?

Niyə sirdaş olmadıq biz?

Yaxşı yoldaş olmadıq biz?

Bir vətandaş olmadıq biz.

Habil, Qabil olmayaydıq,

 hərəmiz bir daş olaydıq.

Səyyarələr arasında

Salınacaq bir körpüyə

hörüləcək daş olaydıq.

Körpüyə yoldaşı olaydıq.

Milyon illər gedib-gəlib,

Səyyarələr görüşərdi.

Dərdlərinə dərman tapar,

sevinclərin bölüşərdi.

 Göz yaşları quruyardı,

Qəlblərə işıq düşərdı.

Milyon illər keçib gedir,

Həvva gözü yaşlı qalır.

Gələn torpor alım deyir,

Sonda onu torpaq alır.

Mən bu sirdən baş açmıram,

hamı gözü yaşlı gedir,

gələn başla gəlir…

 Biz özümüz də bilmədən

 hamımız göyə aşiqik.

Hər qəlbdə bir ulduz yanır,

biz hərəmiz bir işığıq.

Evdən çölə çıxan kimi,

ilk əvvəl göyə baxırıq.

Ulduzları görməyəndə

qəlbimizdə darıxırıq.

Göyə baxın!

Hər ulduzun öz səsi var.

Göy üzünün üzümüzdə

bir işıqlı kölgəsi var.

Göy üzündə hərənin

bir ulduzu var deyərdilər.

Bu ac gözlər bacarsalar,

basqasının ulduzunu

göydən çalıb yeyərdilər.

Düşündüyüm bir şeyi mən

 niyə danım?

Düşünürəm kainatı

 bizim üçün

yaradıbdır yaradanım.

Dedi bizə: cənnətim var,

sizi də mən yaratmışam.

Boynunuzda minnətim var.

 Burda mənim

öz qaydam var, qanunum var.

Qanmazım var, qananım var.

Bağım min bir rəngə çalır.

Yarpaq, çiçək

min ətirlə nəfəs alır.

Hər ağacın öz barı var.

Hər bir barın öz dadı var.

Hər canlının atası var,

 anası var, övladı var.

Çeşmələr eyni cür çağlar.

Biri gülər, biri ağlar.

Birin içsən sərinlərsən.

O biri sinəni dağlar.

Burda hər səs yerindədi. 

Heç kim heç kəsi talamır.

 Fil qarışqa tapdalamır.

Burda hamı bərabərdir;

hamının sevinci- dərdi,

Olan budur, bu qədərdi...

Onu sizə mən vermişəm.

Kim nəyə layıqdı alır.

Siz gizlədin, mən görmüşəm!

 Dedim: bu bara dəyməyin!

Tamah dedi: dərin! dərin!

Əslində tamah dedi ki:

Yaradanı da aldadın.

Görün nəyə əl atdınız,

Şeytanı da mən yaratdım.

Məni şeytana satdınız.

Şeytanı siz buraxdınız gəlbinizə.

Kainatda ən gözəl

 bir səyyarəni verdim sizə.

Dedim gedin, orda bəlkə

kamil insan olarsınız.

Siz ağıla dolarsınız.

Özünüzə gələrsiniz.

Qəlbinizdən şeytanı

 siz qovarsınız.

Özünüzə gülərsiniz.

Yer üzündə daha gözəl

 bir cənnəti qurarsınız.

Uçub gözəl səyyarələr gəzə-gəzə,

bir gün gəlib hüzurumda durarsınız.

Bu ən gözəl bir arzumdu.

İnsan deyib yaratdığım

 mənim ən şirin sözümdü.

Bir zaman mən

“ol” demişdim, bu həyata…

 Onda sizi qaldırardım

 öz ovcumda kainata.

Özüm kimi eşqlə dolu

 Gözəl bir can yaratmışam.

Kainata sahib çıxan İnsan,

İnsan yaratmışam.

 

23 iyul 2017-ci il,
ABŞ, İndiana

 


Elman Eldaroğlu,
ABŞ, İndiana

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?