Modern.az

58,6 min nəfərə Prezident təqaüdləri verilir  

58,6 min nəfərə Prezident təqaüdləri verilir   

24 İyul 2017, 12:43

Cari ilin 6 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 442,8 min nəfər sosial müavinətlə, 58,6 min nəfər Azərbaycan Prezidentinin təqaüdləri ilə təmin olunub.


Bu barədə Modern.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlqaələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, nazirlik tərəfindən cari ilin yanvar-iyun aylarında respublika əhalisinin 4,4 faizi və ya 442,8 min nəfər aylıq və birdəfəlik sosial müavinətlə təmin olunub. Onlardan 86,6 faizinə aylıq, 13,4 faizinə isə birdəfəlik sosial müavinət ödənilib. 

Müvafiq qanunvericiliyə uyğun olaraq əlilliyə və sağlamlıq imkanları məhdudluğa, yaşa və ailə başçısını itirməyə görə aylıq sosial müavinət təyin olunaraq ödənilir. Eyni zamanda, müharibə veteranları, müharibə əlilləri və şəhid ailələrinin, I və II qrup Çernobıl AES əlillərinin, müddətli hərbi xidmət qulluqçularının, beşdən çox uşağı olan qadınların uşaqları və b. aylıq sosial müavinətlə təmin edilirlər. Uşağın doğulmasına görə ailələrə, radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş, tibbi və sosial yardıma ehtiyacı olan insanlara isə birdəfəlik sosial müavinətlər verilir. 

Yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə Azərbaycan Respublikası Prezidentinin təqaüdləri ilə təmin olunan şəxslərin sayı isə 58 638 nəfər təşkil edib. Həmin təqaüdləri alan vətəndaşların sırasına Azərbaycan Respublikasının Milli Qəhrəmanları və ya onların ailə üzvləri, şəhid ailələri, müharibə əlilləri və onlara bərabər tutulanlar, 1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçıları, 20 Yanvar əlilləri, ümumi səbəblərdən I qrup əlillər, Azərbaycan Respublikasının fəxri adlarını alanlar və başqaları daxildir.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi