Modern.az

Prezidentin jurnalistlərə “Özləri də bilmədən mənim köməkçilərimdir” deməsi məmur ordusunda xof yaradıb

Prezidentin jurnalistlərə “Özləri də bilmədən mənim köməkçilərimdir” deməsi məmur ordusunda xof yaradıb

24 İyul 2017, 14:28

Prezident İlham Əliyevin iyulun 20-də, jurnalistlər üçün tikilən yeni binada mənzillərin paylanması mərasimində mətbuatla bağlı səsləndirdiyi fikirləri media nümayəndələri özləri üçün ən böyük dəstək kimi qiymətləndirirlər.

 

Dövlət başçısı bəzi xoşagəlməz hadisələrlə bağlı mətbuatdan məlumat əldə etdiyini bildirib. İlham Əliyev jurnalistləri özünün köməkçiləri adlandırıb və məmurları bir daha xəbərdar edib.

 

“Dövlət məmurları, yaxud digər şəxslər, qüsurlara yol verən şəxslər bilirlər ki, Azərbaycanda söz və mətbuat azadlığı imkan verməyəcək ki, onlar işdə hansısa qüsurlar buraxsınlar. Ona görə jurnalistlər bəlkə də özləri də bilmədən mənim köməkçilərimdir. Buna görə də mən sizə minnətdaram. Əminəm ki, siz gələcəkdə də bütün cəmiyyəti narahat edən, incidən məsələlər haqqında yazacaqsınız, harada hansı ədalətsizlik var, qanunsuzluq var, dərhal operativ reaksiya verəcəksiniz, cəmiyyətin və dövlət orqanlarının diqqətini bu məsələlərə cəlb edəcəksiniz", - deyə dövlət başçısı vurğulayıb.

 

Prezidentin bu çıxışı çap mediasında, elektron portallarda, saytlarda, televiziyalarda problemlərin işıqlandırılması və bundan çıxış yollarını göstərmək üçün əla fürsət və stimuldur.

 

Söhbət ondan getmir ki, kimlərsə bundan istifadə edib hər xoşuna gəlməyən məmur haqqında ağlından keçəni yazsın – bunun özü də jurnalistika prinsiplərinə ziddir.

 

Yəni bu çıxış jurnalistikada sui-istifadə hallarının yaranmasına yox, problemlərin obyektiv işıqlandırılması üçün yeni üfüqlər açır.

 

Məmurlar özləri də başa düşməlidir ki, vəzifə səlahiyyətlərindən istifadə edib qanun pozuntularına yol verməməli və vətəndaşların şikayətlərini vaxtlı-vaxtında dinləyib  problemləri həll etməli, nöqsanları aradan qaldırmalıdırlar.

 

Ölkə başçısı yüksək vəzifə sahiblərinə, məmurlara əslində medianın nə qədər güclü bir təsisat olduğunu xatırlatdı. Yəni, məmurların hər vəchlə öz qanunsuz hərəkətlərini ört-basdır etmək cəhdləri olsa da, jurnalistlər bunları ictimaiyyətə düzgün çatdırmalıdır.

 

Prezidentin medianın hakimiyyətlə xalq arasında körpü olmasını vurğulaması bəzi məmurları şübhəsiz ki, əndişəyə salıb.

Buna görə də, onlar öz nöqsanlarının üzə çıxmaması üçün cəhd edirlər. Buna cəhd etməkdənsə nöqsan və qanunsuzluqların ümumiyyətlə olmamasına çalışmaq lazımdır.

Məmurlar bilməlidir ki, ölkə rəhbəri jurnalistləri özünün ictimai köməkçiləri elan etməklə hansı məsələlərə işarə edib...

 

Kimlərsə vəzifə səlahiyyətlərinə görə öz övladına “sən nə edirsən et, atan arxandadır” deyə bilməz. Atalarının ya da yaxın qohumlarının yüksək vəzifədə olmasından dolayı başgicəlləndirici sərvətləri nümayiş etdirmək, avtomobillərlə yol hərəkəti qaydalarını pozaraq asfaltlarda şütümək olmaz. Belələri bu cür xoş olmayan əməllərindən doğan neqativliyin üstünü qara pərdə ilə örtməyə çalışsa da, nəhayətdə mətbuat bunu gün işığına çıxaracaq.

 

Ona görə də ölkə başçısının mesajı bu cəhətdən də önəmlidir. Yəqin ki, ciddi  mətbuata xor baxan, ona əhəmiyyətsiz yanaşan məmurlar prezidentin bu çıxışından dərs çıxaracaqlar...

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi