Modern.az

Kərəm Həsənov tapşırıq verdi - FOTO

Kərəm Həsənov tapşırıq verdi - FOTO

24 İyul 2017, 14:52

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu ilin yanvar-iyun ayları ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirə keçirilib.

 

Komitənin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, müşavirədə cari ilin 6 ayı ərzində dövlət əmlakının qorunub saxlanılması və ondan səmərəli istifadə olunması ilə bağlı monitorinqlər aparıldığı bildirilib. Qeyd edilib ki, 700-ə yaxın monitorinq aktı təhlil edilib. 5000-dən çox dövlət müəssisə və təşkilatlarından illik xüsusi hesabatlar elektron qaydada yığılmış, hazırda sahəvi təhlillər aparılmaqdadır.

Bildirilib ki, ölkə rəhbərliyi tərəfindən verilmiş tapşırıqlara əsasən yeni, müasir yanaşmalar tətbiq etməklə özəlləşdirilmə sürətləndirilir, prosedurlar elektronlaşdırılır. Bu sahədə şəffaflığın, operativliyin təmin olunması, rəqabət mühitinin formalaşdırılması, iqtisadiyyata investisiyaların cəlb edilməsi istiqamətində işlər davam etdirilib.

Komitə tərəfindən istifadəyə verilmiş “Özəlləşdirmə portalı”ndan yanvar-iyun ayları ərzində istifadə edənlərin sayı 400 minə yaxın olub. Ümumilikdə fəaliyyətə başladığı dövrdən portaldan istifadə edənlərin 800 mini keçib.

2017-ci ilin ilk 6 ayında dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı Bakı və respublikanın rayonları da əhatə olunmaqla ümumilikdə 103 hərrac keçirilib.

Qeyd olunub ki, prezident cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq torpaqların elektron kadastr uçotunun aparılması istiqamətində işlər davam etdirilib. Elektron kadastr uçotunun işləri yekunlaşmış 12 rayonda bələdiyyə xəritələrinin hazırlanması üzrə işlər davam edir. 2017-ci ildə 14 rayonunda torpaqların elektron uçotuna alınması işinin tam yekunlaşması nəzərdə tutulur. Ümumi ərazisi 130 min hektar olan 53 rayon mərkəzi və ona bitişik şəhər və qəsəbələrdə daşınmaz əmlaklar barədə elektron kadastr məlumat bazasının yaradılması, ərazinin rəqəmsal kadastr xəritəsinin tərtibi işləri davam edir. 14 rayonun 837 min hektara yaxın ərazilərinin yay və qış otlaqlarında, eləcə də bələdiyyələrin kəndətrafı örüş və biçənəklərində irimiqyaslı çöl geobotaniki tədqiqat işlərinin yerinə yetirilməsi nəzərdə tutulur. Bu ilin birinci yarımilliyində 268 min hektara yaxın ərazidə çöl torpaq tədqiqatı, 200 min hektar ərazidə çöl geobotaniki tədqiqat işləri yerinə yetirilib.

Vurğulanıb ki, respublikanın 57 şəhər və rayonu, o cümlədən, 156 qəsəbə və 1533 kənd yaşayış məntəqəsi üzrə 30 minə yaxın küçə və prospekt, 600 mindən artıq giriş ünvan nömrələri Ünvan Reyestri İnformasiya Sisteminə daxil edilmişdir. Fevral ayında vətəndaşların istifadəsinə verilən AzNav - ilk rəsmi naviqasiya sistemi istifadəçilərinin sayı cari ilin ilk 6 ayı ərzində 100 minə yaxın olub.

Komitə tərəfindən torpaqların səmərəli istifadə olunması və mühafizəsinə nəzarət məqsədilə Bakı və regionlarda monitorinqlər və reydlərin keçirilməsi işləri davam etdirilmişdir. Hesabat dövrü ərzində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən 600 hal üzrə inzibati protokollar tərtib olunmuşdur. Ümumilikdə indiyədək, 1700 inzibati protokol əsasında 1,2 milyon manat cərimə tətbiq edilmiş, 240 hal üzrə müvafiq sənədlər aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına göndərilib.

Müşavirədə bildirilib ki, 32 müraciət üzrə torpaq sahəsinin təyinatı dəyişdirilmişdir. Kənd təsərrüfatı məqsədi ilə 184 min hektara yaxın torpaq sahəsi hüquqi və fiziki şəxslərə icarəyə verilib.

Bildirilib ki, Daşınmaz əmlakın qeydiyyatı sahəsində növbəti innovativ addım çıxarış və arxivlərin elektronlaşdırılmasıdır. Bununla əhaliyə əmlaklar üzərində çıxarışların elektron formatda təqdim edilməsi mümkün olub.

İlk 6 ay ərzində keçirilmiş 14 “Kütləvi çıxarış” kampaniyasının 2-si paytaxt rayonlarında, 12-si isə respublikanın müxtəlif şəhər və rayonlarında baş tutub. Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı fəaliyyət göstərən mobil ofislər vasitəsilə 6 ay ərzində vətəndaşlardan 33 mindən çox müraciət qəbul olunmuşdur. Ümumilikdə 2017-ci il ərzində ölkə üzrə 94 minə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış, bu göstəricinin 28 min 348-i ilkin, 64 min 954-ü isə təkrar qeydiyyata aiddir.

Müşavirənin sonunda Komitə sədri Kərəm Həsənov qarşıdakı fəaliyyətlə bağlı tapşırıqlarını səsləndirib.  O, fəaliyyət istiqamətlərində elektronlaşmanın təmin edilməsi, elektron hərracların daha geniş şəkildə tətbiq olunması, yeni innovativ layihələrin davamlı olaraq keçirilməsi ilə bağlı tapşırıqlar verib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi