Modern.az

Özbəkistanın tanınmış şairə-tərcüməçisi Sumqayıtın qonağı oldu - FOTOLAR

Özbəkistanın tanınmış şairə-tərcüməçisi Sumqayıtın qonağı oldu - FOTOLAR

Aktual

24 İyul 2017, 17:20

O, bir müddət əvvəl ruscaya tərcüməsini başa çatdırdığı, Qarabağ hadisələrindən bəhs edən və artıq kitab halında nəşr edilmiş, müəllifinin  sumqayıtlı yazıçı Süleyman Hüseynovun olduğu sənədli "And" romanının ilk təqdimat mərasimində iştirak edib.   


Bu, Azərbaycanın Özbəkistandakı səfirliyinin və Beynəlxalq "Avrasiya" Mətbuat Fondunun (sədri tanınmış jurnalist Umud Mirzəyevdir) dəstəyi ilə respublikamıza Özbəkistan nümayəndə heyətinin üzvü kimi işgüzar-yaradıcılıq səfərinə dəvət almış Şaxlo Kasimovanın Sumqayıta ikinci gəlişidir. Hörmətli qonağı Sumqayıt Poeziya Evində Əli Kərim adına Poeziya klubunun üzvləri və şəhərimizin ziyalıları hörmətlə qarşılayıblar. 


"Dəyirmi stol" arxasında keçən görüşü açan Sumqayıt Poeziya Evinin direktoru İbrahim İlyaslı Şaxlo xanımın son illərdə Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinin genişləndirilməsində xüsusi rolundan, onun öz doğma dili ilə yanaşı, Azərbaycan və rus dillərini də sərbəst öyrənərək, mükəmməl bilməsindən, müntəzəm olaraq respublikamızın şair və yazıçılarının əsərlərini özbək və rus dillərinə tərcümə edərək, Özbəkistanın qəzet və jurnallarında, həmçinin ayrıca almanax şəklində çap edilməsi sahəsində xidmətlərindən söhbət açıb. 


Qeyd edilib ki, sumqayıtlı şair Süleyman Hüseynovun Qarabağ hadisələri ilə bağlı yazdığı sənədli romanı da rus dilinə məhz Şaxlo xanım  tərəfindən ustalıqla tərcümə edilib. Şairlərdən Əkbər Qoşalı, Əli Nəcəfxanlı, Almaz Bəyazid, Azərbaycanın Əməkdar jurnalisti Eyruz Məmmədov, tanınmış jurnalistlər - Zümrüd Baloğlanova, aprel şəhidləri haqqında kitabın müəllifi Aida Eyvazlı, kitabın redaktoru Suliko Daqarquliya, S.Vurğun adına Mərkəzi Sumqayıt kitabxanasının direktoru Yeganə Əhmədova, romanın müəllifi Süleyman Hüseynov və digərləri Şaxlo xanımın əsəri rus dilinə mükəmməl, orijinala yaxın, əsl peşəkarlıqla tərcümə etməsindən söhbət açıblar.


İbrahim İlyaslı bildirib ki, müasir Azərbaycan ədəbiyyatının təbliği, o cümlədən Sumqayıtda yazıb-yaradan şair və yazıçıların əsərlərinin özbək və rus dillərinə tərcüməsi sahəsində yorulmaz fəaliyyəti yüksək dəyərləndirilərək, hələ ötən il Şaxlo Kasimova Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü seçilib.  AJB-nin sədri, görkəmli Azərbaycan yazıçısı Anarın təsdiq etdiyi fəxri üzvlük sənədini hörmətli qonağa
tədbir iştirakçılarının alqışları altında şair Əkbər Qoşalı təqdim edib.  Özbək qonağımız onun əməyinin bu cür yüksək dəyərləndirilməsinə, ikinci vətəni hesab etdiyi Odlar Yurdunda, o cümlədən Azərbaycanın gözəl bir guşəsi olan Sumqayıtda ona göstərilən diqqət və ehtirama görə minnətdarlığını bildirib. 


Görüşdən xatirə şəkilləri çəkildikdən sonra Şaxlo xanım sumqayıtlı dostlarının müşayiəti ilə şəhəri piyada gəzmiş, şəhərin görməli yerləri, o cümlədən Özbəkistanın çıxışının olmadığı Xəzərin sahilinə gələrək, son aylarda şəhərimizin ən gözəl istirahət mərkəzi kimi yeni yaradılmış Sumqayıt bulvarı ilə heyranlıqla tanış olub.

 

Rəhman ORXAN

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir