Modern.az

Azərbaycan velosiped istehsalına başladı, bəs velosiped yolları da olacaqmı...

Azərbaycan velosiped istehsalına başladı, bəs velosiped yolları da olacaqmı...

25 İyul 2017, 09:27

İsmayıllıda açılan “İSMA BİKES” velosiped istehsalı zavodu 2017-ci ilin iyulundan tam olaraq fəaliyyətə başlayıb.

İyulun 6-da Azərbaycanın ilk milli velosiped brendi "İSMA BİKES"in yeni modellərinin təqdimat mərasimi keçirilib. 

“İSMABİKES” zavodunun direktoru Elçin Qəhrəmanov Modern.az-a deyib ki, 38 modeldə 49 velosiped təqdim olunub. “Velosipedlərin qiyməti modellərdən asılı olaraq 70-3500 manat arasında dəyişir. Zavodda həvəskar və peşəkar idmançılar, həmçinin uşaqlar üçün müxtəlif tipli velosipedlər istehsal edilir və yaxın gələcəkdə burada əlil arabalarının istehsalı da nəzərdə tutulur”.

Milli velosiped brendinin yaradılması və istehsalının  genişləndirilməsi təqdirəlayiqdir. Amma məsələ burasındadır ki, Azərbaycanda bu velosipedlərin istifadəsi üçün zolaqlar, yollar yoxdur.

Məsələ ilə bağlı “Azəravtoyol” ASC-nin mətbuat katibi Anar Nəcəfli Modern.az-a deyib ki, yeni layihələrin icrasında velosiped zolaqlarının salınması nəzərdə tutulub:

 

“Hələlik respublika ərazisində velosiped zolaqlarının çəkilməsi praktikası yoxdur. Ümumiyyətlə, şəhər mərkəzində bu praktikanın tətbiqi çətindir. Çünki küçələrin darlığı buna imkan vermir. Amma şəhərətrafı, geniş yollarda velosiped zolaqlarının çəkilməsi labüddür. Gələcək layihələrimizdə nəzərdə tutmuşuq”.

A.Nəcəfli beynəlxalq praktikaya əsasən bildirib ki, velosiped zolaqları çəkilərkən zərurətin olması, hərkətin intensivliyi, yolun genişliyi və s. araşdırılır:

 

“Məsələn, Heydər Əliyev prospektində velosiped sürmək mümkündür və bu, nəqliyyat iştirakçılarının həyatı üçün təhlükə yaratmır. Həmin yolda ayrıca velosiped zolağı ola da bilər, olmaya da bilər. Amma şəhərin mərkəzi, dar küçələrində bir qədər çətindir. Mərkəzi yollarda velosipedin gedib-qayıtması üçün zolağın salınmasına şərait yoxdur.Sovet dövründə şəhərsalma zamanı bunlar nəzərə alınmayıb. Amma velosiped zolaqlarının salınması yeni yollarda nəzərdə tutulub. Bu yaxınlarda reallaşacaq layihədə ilk dəfə həyata keçiriləcək”. 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...