Modern.az

İçərişəhərdə ilk numizmatik ekspozisiya açılır

İçərişəhərdə ilk numizmatik ekspozisiya açılır

17 May 2011, 15:41

18 may tarixində  İçəri Şəhərdə yerləşən ölkə əhəmiyyətli abidə olan Çin Məscidində 18 may - Beynəlxalq muzeylər gününə həsr olunmuş ilk numizmatik ekspozisiya açılacaq. Bu barədə Modern.az saytına “İçərişəhər”Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat xidmətindən bildirilib.

Ekspozisiyaya daxil olan sikkələr e.ə IV əsrdən - XIX əsrin birinci yarısına qədər olan böyük bir dövrü əhatə edir. Burada pula  qədər istifadə olunan əmtəə mübadilə vasitələrini, Azərbaycan ərazisində yerləşən dövlətlərin və bu dövlətlərlə iqtisadi əlaqələri olan bir çox xarici dövlətlərin sikkələrini görmək mümkün olacaq. Sərgilənən sikkələrin böyük hissəsi İçərişəhərdə müxtəlif dövrlərdə aparılmış arxeoloji qazıntılar zamanı aşkar edilib. Bununla yanaşı, Azərbaycan zərbxanalarının və Azərbaycan sikkələrinin yayılma arealını göstərən iki xəritə təqdim olunacaq.

“Bakının tarixi mərkəzinin konservasiyası üzrə ətraflı Baş Plan”a uyğun olaraq  Çin Məscidində təmir bərpa işləri yenicə başa çatdırılıb, abidə möhkəmləndirilmiş və fasadı tarixi görkəminə qaytarılıb.
“Şirvanşahlar Sarayı Kompleksi” yaxınlığında yerləşən Çin Məscidinin fasadı üzərində yerləşən  еpiqrаfik kitabəyə əsasən  məscid 1375-ci ildə Fəzlullаh İmаm Оsmаn Şirvаni оğlunun vəsiyyəti ilə inşа оlunub. Xalq etimologiyasına görə məscidin “Çin” adını alması bu məscidə gələn insanların arzu və diləklərinin çin olması faktı ilə əlaqədardır.

Tədbir saat 11:00-da baş tutacaqdır.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı