Modern.az

Nəsimi ilə Füzulinin qürbətdəki məzarları dağıdılıb?..  

Nəsimi ilə Füzulinin qürbətdəki məzarları dağıdılıb?..   

27 İyul 2017, 09:53

Azərbaycanın görkəmli şairlərindən İmadəddin Nəsiminin məzarı Suriyanın Hələb şəhərində, Məhəmməd Füzulinin məzarı isə İraqın Kərbəla şəhərindədir. Onların məzarının Azərbaycana gətirilməsi məsələsi zaman-zaman müzakirə olunub, ancaq gerçəkləşməyib.
Son illər hər iki məzarın yerləşdiyi ölkələr qan-qada, od-alov içərisindədir, oralarda dağıdıcı müharibə gedir. İndi dahi şairlərimizin İraq və Suriyadakı məzarlarını gətirmək bir yana qalsın, heç onların hansı vəziyyətdə olmağından, dağıdılıb-dağıdılmadığından xəbər tuta bilmirik.


Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Fikrət Babayev bununla bağlı Modern.az-a bildirib ki, hal-hazırda həm İraqda, həm də Suriyada müharibə getdiyinə görə bu məsələlərlə məşğul olmaq çətin çətindir.


“Biz bu işlə vaxtilə çox məşğul olmuşuq. Azərbaycanın böyük şairi İmadəddin Nəsiminin nəşinin Azərbaycana gətirilməsi üçün çox çalışmışıq. Dövlət tərəfindən Nəsiminin məqbərəsinin təmiri ilə bağlı sifariş verildi. Məqbərənin əsaslı təmiri ilə bağlı layihə hazırlanmışdı, işə başlamaq üzrəydik, ortaya müharibə girdi. Suriyada vəziyyət gərgin olduğu üçün Nəsiminin məqbərəsindən xəbər yoxdur. Düşünürəm ki, hazırda siyasi, hərbi vəziyyətlə bağlı Nəsiminin nəşinin Azərbaycana gətirilməsi və məqbərəsinin təmiri gündəmdə deyil. Orada vəziyyət stabilləşəndən sonra bu məsələ ilə ciddi məşğul olunacaq.

İraqda da vəziyyət gərgin olduğu üçün Məhəmməd Füzulinin də məzarı ilə bağlı hansısa işlər görülmür. Bütün bu məsələlər dövlət xətti ilə aparılmalıdır. Amma Suriya və İraqda müharibə şəraiti davam etdiyi üçün bu məsələlərin müzakirəsi mümkün deyil”.

 

Vaxtilə İraqda çalışmış professor Qəzənfər Paşayev şairlərin məzarlarından xəbərsiz olduğunu deyib.


“Vaxtilə yazıçıların qurultayında ulu öndərimiz də iştirak edirdi. Orada məsələ qoyuldu ki, Füzulinin qəbri sökülüb, onun nəşinin Azərbaycana gətirilməsi ilə bağlı təkliflər verildi. Heydər Əliyev dedi ki, Füzuli oranın da, buranın da şairidi, onu oradan gətirmək çətin prosesdir. 
Füzuli öz əsərlərində yazır ki, “mən İraqda doğulmuşam, İraqda böyümüşəm və heç vaxt İraqdan kənara çıxmamışam”.

Biz 2008-ci ildə Hələbdə Nəsiminin məzarını ziyarət etdik. Nəsiminin məzarını ilk dəfə üzə çıxaran, bu haqda yazan Rəsul Rza olub. 1968-ci ildə Hələbə gedəndə qubernatora Nəsiminin məzarının orda olduğunu deyib. Qısa zaman ərzində məzarın yeri tapılıb.

2008-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə biz ora getdik. Həm Hələbdə Nəsiminin 600 illiyinə həsr olunmuş konfrans keçirildi, həm də məruzə etdik. Daha sonra biz Elmlər Akademiyasında konfrans keçirdik, Suriyadan nümayəndələr gəlib iştirak etdilər.
Nəsimiyə Hələbdə də hörmət-ehtiram böyükdür. Hazırda Nəsiminin qəbrinin Hələbdə nə vəziyyətdə olduğunu demək çətindir, hər yer dağıdılıb. Nəsiminin məzarının qorunması üçün də əlimizdən heç nə gəlmir.

O ki, qaldı Nəsimi və Füzulinin nəşini Azərbaycana gətirməyə, çox çətin məsələdir. O adamlar orda böyüyüblər, yazıblar, yaşayıblar. Ona görə də Azərbaycana gətirilmələri düzgün deyil.  Ümid edirəm ki, Suriya və İraqda vəziyyət stabilləşəndən sonra Nəsimi və Füzulinin məqbərələri əsaslı şəkildə təmir olunacaq”.

 

 
Nəsiminin Hələbdəki məzarı...


Füzulninin Kərbəladakı qəbri...


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi