Modern.az

Saakaşvilinin sürgün həyatı başlayır: “Bunu ən axmaq hökumət edə bilərdi”

Saakaşvilinin sürgün həyatı başlayır: “Bunu ən axmaq hökumət edə bilərdi”

27 İyul 2017, 15:52

Ukrayna prezidenti Pyotr Poroşenko Odessanın keçmiş qubernatoru, Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilini Ukrayna vətəndaşlığından məhrum edib.

 

Saakaşviliyə qarşı atılan bu addımın səbəblərindən biri də onun Ukrayna hökumətindəki korrupsiya hallarına etiraz etməsi ilə bağlı idi.

 

Poroşenko 2015-ci ildə Saakaşvilini Odessanın qubernatoru təyin etmişdi. Məqsəd isə islahatlar prosesini sürətləndirmək və korrupsiyaya qarşı mübarizəni gücləndirmək idi.

 

Hər şey isə Ukraynanın daxili işlər naziri Arsen Avakovla Saakaşvilinin qarşılıqlı ittihamla müşayiət olunan davasından sonra başladı.

 

Lakin Saakaşvilinin sərt mübarizə üsulları və özünəməxsus metodologiyası elə onun öz başında çatladı, desək, yanılmarıq.  

 

Qısa müddətdən sonra Saakaşvili nüfuzlu biznesmenlərin və bürokratların genişmiqyaslı müqaviməti ilə toqquşdu. Onlar Saakaşvilini özləri üçün təhdid hesab edirdilər. Nəhayət o, 2016-cı ilin noyabrında istefa verdi.

 

Saakaşvili Poroşenkonu ölkədə korrupsiyaya qarşı mübarizə aparmaq üçün heç nə nə etmədiyini dəfələrlə bəyan edib.

 

Mixail Saakaşvili qubernator vəzifəsindən istefa versə də, o, Ukraynada siyasi fəaliyyətini bir az da aktivləşdirdi – “Yeni Qüvvələrin Hərəkatı” Partiyasını yaratdı.

 

Saakaşvili yenə də ənənəvi mübarizə ritorikasından əl çəkmir və Ukrayna hökumətinə qarşı çıxışlarını davam etdirirdi.

Lakin görünür ki, Poroşenkonun eks-prezidenti Ukrayna vətəndaşlığından çıxarmasından sonra Saakaşvilinin partiyası lidersiz keçinməli olacaq.

 

Saakaşvilinin vətəndaşlıqdan məhrum edilməsinə kəskin reaksiyalar verilir. Ukraynalı jurnalist və deputat Mustafa Nayem bildirib ki, bu işi ən axmaq hökumət görə bilərdi.

 

“Saakaşvilinin Ukrayna vətəndaşlığından çıxarılması zəiflik əlamətidir”-deyə o qeyd edib.

 

Digər deputat Sergey Laşenko isə deyib ki, Ukraynanın keçmiş prezidenti (Viktor Yanukoviçi nəzərdə tutur) öz siyasi rəqiblərini həbsxanalara atırdısa, Poroşenko onları sürgünə göndərir. Saakaşvili özü bu qərara hələlik münasibət bildirməyib, o hazırda ABŞ-dadır. Bundan sonra isə Saakaşvilinin taleyinin necə olacağı sual doğurur.

 

Ukrayna Miqrasiya Xidməti isə məlumat yayıb ki, müvafiq qərar "Vətəndaşlıq haqqında” qanunun əsasında qəbul olunub. Məlumata əsasən, Saakaşvili vətəndaşlıq alarkən anketdə həqiqətə uyğun olmayan məlumatlar göstərib.    

 

Qeyd olunub ki, Saakaşvili Ukrayna vətəndaşlığını alan zaman sənədləri doldurarkən Ukrayna və onun hüdudlarında istintaq altında olmadığını qeyd edib. Lakin o zaman Gürcüstan ərazisində onun qiyabi həbsinə qərar verilmişdi.    

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir