Modern.az

Naxçıvanda eneolit mədəniyyətinə aid abidələr aşkarlandı

Naxçıvanda eneolit mədəniyyətinə aid abidələr aşkarlandı

27 İyul 2017, 20:16

Azərbaycanda eneolit mədəniyyətinə aid olan abidələr aşkar edilib. Azərbaycan Milli Elmlər Akademiyasından Modern.az-a verilən məlumata görə, son illər aparılan araşdırmalar zamanı Naxçıvan ərazisində xeyli yeni arxeoloji abidə aşkarlanıb. Bu abidələrin bir qismi Eneolit (mis-daş dövrü, e.ə. VI-IV minilliklər) dövrünə aiddir.

 

AMEA-nın müxbir üzvü, Naxçıvan şəhər arxeoloji ekspedisiyasının rəisi Vəli Baxşəliyevin bildirdiyinə görə, Azərbaycanda Şomutəpə və Kültəpə tipli abidələrin neolit (yeni daş dövrü, e.ə. VIII-VI minilliklər) dövrünə aid edilməsi nəticəsində son neolit və son eneolit mədəniyyətləri arasında bir boşluq yaranmışdı. Naxçıvanda aşkar olunan abidələr bu boşluğu doldurmağa imkan verir. Naxçıvan şəhəri yaxınlığındakı Uçan Ağıl və Uzunoba abidələrinin tədqiqi zamanı götürülən radiokarbon analizlər onların e.ə. V minilliyin birinci yarısına aid olduğunu göstərmişdir. Bu baxımdan Naxçıvan şəhəri ərazisində, Naxçıvançayın sağ sahilində aşkar olunan yeni yaşayış yeri xüsusilə əhəmiyyətlidir”.

 

V.Baxşəliyevin sözlərinə görə, Naxçıvan MR Ali Məclisi Sədrinin tövsiyyəsi ilə Naxçıvan şəhəri ərazisində yerləşən Naxçıvan yaşayış yerində araşdırmalar iyulun 10-dan başlanıb. Hazırda tədqiqatlar davam edir. Yaşayış yerinin tədqiqi zamanı e.ə. V minilliyin birinci yarısına aid maddi-mədəniyyət nümunələri aşkarlanıb:

 

"Yaşayış yeri düzbucaqlı arxitektura ilə xarakterizə olunur. İlkin araşdırmalar mədəni təbəqənin 1,5-2 m arasında olduğunu göstərir. Yaşayış yerindən aşkar olunan Dalma Təpə tipli boyalı, dırnaq, barmaq və barmaq basqısı ilə naxışlanmış keramika diqqəti cəlb edir. Urmiya hövzəsində, Dalma Təpə yaşayış yerindən aşkar olunan eneolit mədəniyyəti indiyədək izolyasiya olunmuş mədəniyyət sayılırdı və Cənubi Qafqazda aşkar olunmamışdı. Yeni tapıntılar bu mədəniyyətin Azərbaycanda mövcud olduğunu, Urmiya hövzəsi və Naxçıvanın qədim mədəniyyətlərinin ortaq özəlliklərə malik olduğunu deməyə imkan verir”.

 

V.Baxşəliyevin sözlərinə görə, arxeoloji araşdırmalar göstərir ki, Cənubi Azərbaycan, o cümlədən Urmiya hövzəsindəki eneolit abidələrində istifadə olunan obsidianın (dəvəgözü, vulkanik mənşəli şüşədən ibarət dağ suxuru) 95%-i Naxçıvan yaxınlığındakı Sünik yatağından aparılıb. “Kültəpə ətrafındakı Eneolit abidələrinin tədqiqi Naxçıvanda 60%-i Göyçə, 30 %-i Sünik obsidianından istifadə olunduğunu və Urmiya hövzəsi yaşayış yerlərinin obsidianla təmin olunmasında Naxçıvanın mühüm strateji nöqtə olduğunu göstərir. Hazırda aparılan araşdırmalar əsasında eneolit yaşayış yerlərinin GPS koordinaları əsasında xəritələşdirilməsi qədim kommunikasiya xətlərini müəyyənləşdirməyə də imkan verib”.

 

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi