Modern.az

Yüksək bal toplayan kəlbəcərli qız: “Kəlbəcəri qiyabi tanıyıram” - MÜSAHİBƏ  

Yüksək bal toplayan kəlbəcərli qız: “Kəlbəcəri qiyabi tanıyıram” - MÜSAHİBƏ   

28 İyul 2017, 16:23

Ali məktəblərə keçirilən qəbul imtahanlarında yüksək nəticə göstərənlər arasında məcburi köçkün övladları da var.  Bu dəfə onlardan biri ilə oxucuları tanış etmək istəyirik. III qrup üzrə keçirilən imtahanda 685 bal toplayan Günel Nəcəfzadə Modern.az-ın suallarını cavablandırıb.
 

-Günel, artıq sabahdan ixtisas seçiminə start verilir. Hansı ixtisas üzrə təhsil almaq istəyirsən?

-Bakı Dövlət Universitetinin Hüquq fakültəsində oxumağı düşünürəm. Orada dərslər ingilis dilində aparılır.

-Adətən yüksək nəticə göstərənlər repetitor yanına gedənlər olur. Bəs sən necə,  xüsusi müəllim yanına getmisən?

-2 il hazırlığa getmişəm. Fərdi müəllim yanına yox, kursda hazırlıq keçmişəm. Yüksək nəticə əldə etməyimdə müəllimlərimin xüsusi rolu olub.

-Məcburi köçkün məktəbində oxumusan?

-Bəli. Kəlbəcər rayonu 56 saylı məktəbdə oxumuşam. Məktəb Xırdalan şəhərində yerləşir.

-Kəlbəcər işğal altında olduğundan orada böyüməmisən. Bir gənc olaraq doğma yurdunuzla bağlı nə planların  var?

-Kəlbəcəri görməsəm də, ailəmin danışdıqlarından qiyabi olaraq tanıyıram. Kəlbəcər çox səfalı bir diyardır. Elə bir gün olmur ki, ailəm Kəlbəcəri xatırlamasın. Onlar hər dəqiqə öz doğma yurdlarına qayıtmaq istəyirlər. Şəkillərdə belə,  Kəlbəcər çox gözəldir. Yəqin ki, torpaqlarımız işğaldan azad olunsa, biz də Kəlbəcərə gedəcəyik.

-Torpağı bu qədər arzulayan bir gəncin istəkləri də mütləq olmalıdır. Adətən yaşlılar torpaq arzularını dilə gətirirlər. Kəlbəcərli olub orada doğulmayanların arzuları da çox maraqlıdır...

-Bütün torpaqlarımız gözəl və doğmadır. Amma kəlbəcərli olaraq oralar mənim üçün əvəzolunmazdır. Təki Kəlbəcər də, digər işğal altında qalan torpaqlarımız da geri qaytarılsın. Biz də öz yurdumuza geri dönək.

 

Namidə BİNGÖL

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Tapşırıq verildi: İrandakı bu yerlər vurulacaq