Modern.az

Azərbaycanın gerçək tarixi (II yazı)

Azərbaycanın gerçək tarixi (II yazı)

18 May 2011, 11:34

Musa Yaqubun poetik dünyasına səyahət                                                                

Xalqımızın Təbriz həsrətini nəzmin imkanları ilə oxucusuna çatdıran şairin növbəti poeması 

Şirvan alverçisi və Nəsimi

olur. Bu poema da Musa Yaqub yaradıcılığının əsas komponentlərindən olan milli-mənəvi dəyərlərimizin, yurdun, torpağın müqəddəsliyinə işıq salır. Müəllif burada klassik şairimizi Hələb bazarında Şirvandan gəlmiş alverçi ilə görüşdürməklə poemanın ideya tutumunu daha yüksək zirvələrə qaldırır. Musa Yaqubun tərifi xoşlamadığını daim nəzərimdə saxladığımdan onun əsərlərinin real qiymətini məxsusi ifadələrlə qeyd etməkdə çətinlik çəksəm də bir sıra məqamların geniş oxucu kütləsinə çatdırılmasında bu sərhədləri vurub keçməyə məcburam. Sonra nə baş verər, verər...

- Dəydi qulağına bir kəlmə:
- Şirvan.
Diksindi Nəsimi,
Durdu bir qədər
Bədəni isindi,
Gözləri yandı.
Yatdı ürəyində min-min fıkirlər,
Beynində,
ruhunda Şirvan oyandı.
Bir torpaq oyandı könlündə onun...

Nəsimi bir anda Şirvan kəlməsinin sehrinə düşür. Musa Yaqub qürbətə üz tutmağa məcbur olmuş şairin bu zaman yaşadığı təbəddülatların bütün konturlarını oxucusuna çatdıra bilib. Həmçinin “Şirvan ipəyi”ni satışa çıxarmış alverçinin də gerçək mahiyyətini.

- Şair vətən deyir,
ona can deyir,
Qoca hey alverdən,
qazancdan deyir.
Duymayır şairi, 
qoca duymayır,
О yanıb odlanır, 
qoca pul sayır.

Hələb bazarında alverçiyə də Şirvan sözü əzizdir. Ancaq ipəyin bu ad altında şıdırğı satıldığına görə. Bu fikirlər də indiki biznesmenlərin böyük əksəriyyətinin bütün millətlərlə, hətta ermənilərlə belə bazarlığa getmələrinə aid vaxtaşırı aldığımız məlumatların fonunda nə qədər aktuallığını saxlayır. Ona görə də inanırıq ki, poema gələcək nəsillərin də vətənpərvərlik ruhunda tərbiyəsində müstəsna əhəmiyyətə malik olacaqdır. Rəvan dili, bənzərsiz üslubu, məqsəd-məramının sadə xalq dilində yazılmasına rəğmən bu əsərin bütün yaş həddində olan azərbaycanlılara asanlıqla aşılanacağı, obrazların müqayisəsinin hamıya ilk oxunuşdan aydınlaşacağı şübhəsizdir. Bu baxımdan onun müəllifindən çox, tərbiyəvi əhəmiyyətini nəzərə alaraq məktəb dərsliklərinə salınması barədə düşünülərsə, bu faktdan hamının övladları bəhrələnə bilər. Siyasi əqidəsindən, ictimai durumundan asılı olmayaraq hamının. Bunu gerçəkləşdirmək üçün sadəcə yüngülvari Vətən, milli-mənəvi dəyərlər sevgisi yetərlidir...

De, işlət bu dəyirmanı! 

Dəyirman insanın pasibanıdır. İnsan dəyirmanı özünə bir yaxın, doğma hiss edir. Aclıq, qıtlığa burada əlac tapa bildiyindən daim onunla dərdləşmək istəyir. Dəyirmanla dost olmaq istəyir. Bu tarixən özünü təsdiqləmiş bəzi məqamlarda gerçəkliyə söykənən, bəzi məqamlarda xəyali arzulardandır. İnsanın üyütməyə taxılı olmasa da belə, eləcə bu istəyin şirinliyini yaşamaq onu qismən də olsa yüngülləşdirir.

Dəyirmanın xüsusiyyətləri çoxdur. O, təkcə taxılı una, kəpəyə çevirən fırlanan daşlar, bu daşları hərəkətə gətirən axar su, pərlər, şingədan demək deyil. Dəyirmanın fırlanan oxları həm də bir-birini əvəz edən zəmanələrdi, inkişaf və tənəzzüldü, çətin günün dayağıdı, insanın yol yoldaşıdı, mərdi-namərdi ayıran sınaq meydanıdı, tarixin daş yaddaşıdı... Musa Yaqubun təbirincə dəyirman həm də ulu Xaqani yadigarıdı.

Dəyirman mövzusu digər söz-sənət adamlarımızı da məşğul edib. Daha bir ölməz şairimiz Məmməd Araz 

- Dənsiz dəyirmantək daş daşı yedi,
Daha daş ovulub üyüdən deyil.

sətirlərini yazanda da gerçəkdə dəyirman daşlarının dənsiz fırlanmasını misal gətirməklə əslində bu fikirlərini cəmiyyətə təlqin eləmişdi.

Musa Yaqub yaradıcılığından isə dəyirman mövzusu bir ana xətt kimi keçir. Şairin “Dəyirman”, “Köhnə dəyirmana sözüm” adlı poemalarına hələ bəlkə bu xüsusda “Un işığı” poemasını da əlavə eləmək olar. Hamısı dəyirmana ilgili, hamısı dəyirmana ümidli talelər... 

- Qədim bir kənd dəyirmanı,
Arxasında ulu dağlar;
O ram edib bu dövranı,
Əsrlərlə işlər belə,
Suyu daşar, arxı cağlar... 

(davamı var)                                                                         

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir