Modern.az

Azərbaycanda ilk: Atatürklə bağlı qalmaqallı kitabın təqdimatı oldu – SENZURASIZ

Azərbaycanda ilk: Atatürklə bağlı qalmaqallı kitabın təqdimatı oldu – SENZURASIZ

30 İyul 2017, 21:42

Bu gün Milli Fikir Mərkəzinin (MFM)  Tərcümə Şöbəsi tərəfindən tərcümə olunub “Kitabıstan”tərəfindən nəşr edilmiş, Etatizm Akademiyası seriyasından 4-cü kitabı- Armstronqun Atatürk haqqında yazdığı “Bozqurd”un təqdimatı keçirilib.

 

Modern.az saytının məlumatına görə, senzurasız nəşr edilən kitab Azərbaycanda ilk dəfə tərcümə edilib. Mustafa Kamal Atatürkün ilk bioqrafiyası olan “Bozqurd” Türkiyədə isə bundan əvvəllər senzura ilə nəşr edilib.

 

Tədbirdə MFM sədri Şəhriyar Məcidzadə çıxış edib:

 

“Biz dünyanın ən ciddi əsərlərinin Azərbaycan dilinə tərcümə olunmasında maraqlıyıq və sizin ciddi əsərlər oxumağınız bizim priotet saydığımız məsələlər sırasındadır. Bir neçə il əvvəl bu kitabla tanış olduğum zaman qənaətim bu idi ki, bu kitab hesabatdır. İstər məzmun baxımından, istər əsərin quru cümlələrlə yazılmasına görə məndə belə bir fikir formalaşdırdı ki, bu, o zamanlar Türkiyədə fəaliyyət göstərən qurumların Mustafa Kamal haqqında hazırladığı hesabatlardandır.

 

Mustafa Kamal yüzlərlə, minlərlə rütbəli zabitlərdən sadəcə biri idi. Ancaq həmin vaxtın xurafatçı din alimlərinin, siyasi mənafelərini xalqın maraqlarından üstün tutan şəxslərdən fərqli olaraq o, xalqına inanıb mübarizəyə başladı.

 

Avropanın mərkəzində yerləşən Almaniyanı, Avstriya-Macarıstanı əzib sıradan çıxardılar, ancaq bunu Türkiyə ilə edə bilmədilər.

 

Unutmaq lazım deyil ki, Osmanlı nə qədər dünya imperiyası olsa da, orada seçim haqqı yox idi, səltənət var idi və bunun 600 illik ənənəsi formalaşmışdı. Qurtuluş Savaşı başlayarkən Mustafa Kamal yenilikçi fikirlərlə dostlarının qarşısına çıxanda dostları belə ona inanmırdı. Mustafa Kamal bu sözləri tez-tez təkrarlayırdı: Mən mübarizəni dostlarıma rəğmən qazandım.

 

Mustafa Kamal diktator olmağı öz çiyinlərinə götürdü və aydınlanma hərəkatına davam etdi. Bu, normaldır. Çünki sən yenilik qəbul etməyən fikirlərlə bir cəmiyyətin qarşısına çıxırsansa, səni diktator, tiran adlandıracaqlar.

 

Mustafa Kamal böyük məhdudiyyətlər içində bu mübarizəni aparıb və kolonial sistemləri əlində saxlayan dövlətlərə qalib gəlib. Silahsız, qida olmadan, əliyalın xalqla... dünya sisteminə qalib gəlib.

 

Sosial şəbəkələrdə kitabın təbliğatı gedəndə Mustafa Kamal haqqında çox fikirlər gördüm. Mustafa Kamalı mason adlandırdılar, amma o, mason lojalarını bağlatdırmışdı, kommunist adlandırdılar, amma o, kommunist partiyasını bağlatdırmışdı, ateist adlandırırlar, amma o, Quranı türk dilinə tərcümə etdirimişdi.

 

Nəzərə alın bu kitabı şərqli, türk yox, ingilis yazıb. Doğrudur, kitabda bəzən təhqir sayılacaq fikirlərlə qarşılaşacaqsınız, çünki biz bu kitabı senzurasız nəşr etdirmişik.

 

Mustafa Kamal bu kitabın nəşr edilməsi ilə bağlı göstəriş versə də, kitab nəşr edilmir.

Kitabı senzurasız nəşr etdirməklə mühakimə hüququnu oxucuya veririk ki, oxucu özü kitabı obyektiv şəkildə mühakimə etsin. Biz sizin azad şəkildə təhlil etməyinizi istəyirik”.

Qeyd edək ki, MFM-in Tərcümə Şöbəsi bundan öncə Qriqoriy Petrovun “Bəyaz zanbaqlar ölkəsində”, Teodir Hertslin “Yəhudi dövləti”, Dhirenda Mohan Datta və Mahatma Qandinin yazılarından ibarət olan “Qandinin liderlik fəlsəfəsi” kitablarını tərcümə edib. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir