Modern.az

Şeyxin müavini: “Süni mayalanma üçün tibbi bank yaradılsa, milli genefondumuz üçün fəlakət olacaq” - MÜSAHİBƏ

Şeyxin müavini: “Süni mayalanma üçün tibbi bank yaradılsa, milli genefondumuz üçün fəlakət olacaq” - MÜSAHİBƏ

31 İyul 2017, 10:02

Qəmər Cavadlı: “Jurnalistika fakültəsində dini elmlər tədris edilməlidir”


“Yas məclislərinə görə yanımda dava etdilər”

Qafqaz Müsəlmanları İdarəsinin sədrinin ictimaiyyətlə əlaqələr və ailə məsələləri üzrə müavini Qəmər Cavadlı Modern.az saytına müsahibə verib. Onunla söhbəti təqdim edirik. 

 

- Qəmər xanım necəsiniz, işlərin öhdəsindən gələ bilirsiniz?

- Əlhəmdüllah, hələ ki  gücüm çatır. Yay fəslinə, həmçinin işlərimizin çox olmasına baxmayaraq, hamımız iş rejimindəyik və çalışırıq.

- Bu vəzifəyə təyinat alan ilk qadınlardan birisiniz. Düzdür, əvvəldən Qafqaz Müsəlmanları İdarəsində çalışmısınız. Bəs necə oldu ki, şeyxin etimadını qazandınız və bu vəzifəyə təyinat aldınız?

- Bir məqamı qeyd edim. Şeyxin etimadını qazanmaq üçün yalnız işləmək, düzgün çalışmaq və mövqe tutmaq, idarənin imicinə xidmət etmək vacib şərtlərdəndir. Digər tərəfdən, bayaq sizin də qeyd etdiyiniz kimi, mən burada əvvəllər də çalışmışam.

İlk gəlişim dönəmimdə “İslam” qəzeti mövcud idi və həmin qəzetdə işləmək üçün buraya gəlmişdim. “İslam” qəzeti bağlanandan sonra İnformasiya və mətbuat şöbəsi yaradıldı. Sonra müxtəlif vəzifələr tutdum, ümumi şöbə müdiri oldum, daha sonra 2010-cu ildə şeyx mənə etimad göstərdi və müavin vəzifəsinə təyin etdi. Əslində daha əvvəlcədən də belə bir fikri var idi, amma bu məsələnin necə qarşılanacağı bir az bizi narahat edirdi. Çünki nə MDB məkanında olan dini müsəlman idarələrində, nə də dünya miqyasında belə bir  praktika var idi.

Bununla bağlı araşdırma apararkən Türkiyə, İran kimi bizə yaxın olan ölkələrin, MDB məkanı müsəlman dini idarəçiliyi sistemində qadın müavini vəzifəsinin olmadığını gördük. Əslində bu işdə bir öncüllük etdik. Bilirsiniz ki,ümumiyyətlə Azərbaycan həmişə demokratik hüquqlar baxımından öncül olub və qadınlara da hüquq verən ilk Şərq dövlətidir. Görünür ki, bunun da təsiri olmuşdu. Bu qərarı verib nəticəsini gözlədik və eksperimentimiz baş tutdu. Bizim dövlət qeydiyyatından keçmiş bir neçə dini icmamız var idi və onlara qadınlar rəhbərlik edirdi. Onların fəaliyyəti də çox yüksək dəyərləndirilməyə başlanıldı. Çünki bu icmalar geniş şəkildə maarifçilik və xeyriyyəçilik işləri aparırdılar. Hesab edirəm, qadınların dini sahəyə gəlişində müsbət məqamlar çoxdur.

- Dediniz ki, bu, müsəlman ölkələrində bir ilk idi. Qafqaz Müsəlmanları İdarəsinin əlaqələri genişdir. Digər müsəlman ölkələrində hansı reaksiyalara səbəb oldu? Məsələn, Səudiyyə Ərəbistanda, İranda sizin vəzifəyə gətirilməyiniz necə qarşılandı?

- Səudiyyə Ərəbistanında və ya İranda bununla əlaqədar söhbətlərimiz olmayıb. Amma Türkiyə Diyanət Başqanlığı bunu çox müsbət qarşıladı. Onlarda müəyyən departamentlərdə qadınlar çalışsa da, heç biri müavinlik statusunda deyil. MDB məkanında bu fakt müsbət qarşılanmışdı. O cümlədən, 2 il bundan öncə bizim Fransa səfərimiz olmuşdu. O zaman biz Fransadakı müsəlman dini icmaları ilə görüşlər keçirdik. Fransa Müsəlman İcmasının rəhbəri, əslən livanlı Tofiq Septi bunu proqressiv addım kimi dəyərləndirdi. Bununla bağlı çıxışları da oldu və onun sözlərinə görə, bu hadisə  inqilabi yenilik idi. Düşünürəm ki, buna mənfi yanaşan hələki olmayıb.

- Şeyxin etimadını qazanmaq üçün dayanmadan çalışmaq lazım olduğunu qeyd etdiniz. Şeyxlə işləmək asandır, yoxsa çətinliklər daha çoxdur?

- Şeyx əlbəttə ki, çox tələbkar, həmçinin bir o qədər müdrik adamdır. Şeyxin  konseptual fikirləri var. Onun konsepsiyaları haqqında elementar təsəvvürü olan, fikirlərinə münasib fikirlər yürüdə bilən, yaxud həmmüsahibi ola bilən şəxs artıq şeyxlə işləməyin qaydasını bilən adamdır. Əgər bu xətti tuta bilməyib və fikirlərini səhv başa düşürsə, o zaman şeyxlə işləmək çətin olur.

- Müsahibələrinizin birində qeyd etmisiniz ki, həyatınızda dönüş nöqtəsi yaradan 20 Yanvar hadisəsi olub. Belə başa düşürəm ki, ona qədər fikirləriniz tamam fərqli olub. Yəni sizin əvvəlki düşüncələriniz nə idi?

- Mən sırf jurnalistika ailəsindən çıxmış adamam. Mənim babam, əmim, bir sıra qohum-əqrəbalarım Azərbaycan mətbuatında müəyyən ad-sana sahib adamlar olub. Yaşadığımız mühit sovet dönəmi idi və həmin zamanda ideologiya sahəsində çalışan insanların ailəsində böyümüş biriyəm. Buna baxmayaraq qan və genetik yaddaş etibarı ilə dinə bağlı adamam. Məni nənəm Sitarə xanım böyüdüb. Biz Axundov bağının yanında, Təzəpirə yaxın yaşayırdıq. Təbii ki, biz azan səsi eşidirdik, bütün məhərrəmlik mərasimlərində qoca nənəm əlimdən tutub məscidə aparırdı. Biz məscid həyətində böyüyən uşaqlar olmuşuq. Hər şeyin insan həyatında iz qoyması labüd olduğu kimi bunun da müəyyən təsiri olub. Ola bilməz ki, insan bir ömür yaşasın və onun təsirlərini öz üzərində hiss etməsin. Sovet ideologiyasına xidmət edən jurnalist ailəsində böyümüş adam idim. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin Sənətşünaslıq fakültəsini bitirmişəm. Daha sonra Moskvada aspirantura oxumuşam. Mədəniyyət Nazirliyində sosioloji tədqiqatlar sahəsində çalışmışam. Amma yenə də deyirəm - hər şeyin sınma nöqtəsi olur. 20 Yanvar həqiqətən də mənim üçün dönüş nöqtəsi idi.  Həmin gün hesab etdim ki, kommunist ideologiyasının sonudur və yeni bir ideologiya da ancaq dində tapılacaq. Bunda yanılmadım.

- Qəmər xanım, sualı bir az konkretləşdirək. Ateist idinizmi?

- Xeyr, ateist deyildim. Heç vaxt ateist olmamışam. Hətta universitet vaxtı elmi ateizmdən dərs deyən müəllimlə zarafatımız var idi, deyirdik ki, “filankəs müəllim, əstəğfurullah deyin”. Yəni ateizm o dərəcədə mənə yad anlayışdır.

- Demokratik ölkəyik və öz hüquqi standartlarımız var. Cəmiyyətdə də fikirlər müxtəlifdir. Qafqaz Müsəlmanlar İdarəsinin ateizm və ateistlərlə bağlı fikirləri nədir? Bu haqda hər hansı müzakirələriniz olur?

- Qətiyyən müzakirə etmirik. Çünki bu, bizi aşan bir mövzudur. Azərbaycan dini dövlət deyil. İslam dəyərlərinə, o cümlədən bütün dini dəyərlərə hörmət edir.

Eyni zamanda Azərbaycan dünyəvi dövlət olduğu üçün onun konseptual fikri belədir: Bütün dinlərə məmsub olanlar da,  dinsizlər də eyni hüquqlara malikdirlər. Bu, əqidə, etiqad azadlığıdır. Azərbaycanda “Dini etiqad azadlığı” haqqında qanun mövcuddur. Bu qanunun müddəalarında göstərilir ki, islam dini  aparıcı din olsa da, ölkədə tarixən məskunlaşan qalan bütün dini konfessiyyalar, icmalar eyni  hüquqlara malikdirlər. Vətəndaşlar arasında milli, dini, irqi baxımdan ayrı seçkilik salmaq olmaz.

- İman məsələsi baxımından sizin ateistlərə münasibətiniz necədir?

- Yenə də deyirəm, mən hamının əqidəsinə ehtiramla yanaşıram. Ateistdirsə, o cür baxışı varsa, elə olsun. Hər kəsin imanı özünə.

- Məmur olmasanız da, daha çox məmur kimi danışdınız.

- Ola bilər. Amma bu məmurluqdan irəli gəlmir. Həqiqətən ateistlərə olan bu mövqeyim mənim tutduğum vəzifədən asılı deyil, şəxsi münasibətimdir.

- Qəmər xanım,  şeyxin ictimaiyyətlə əlaqələr və ailə məsələləri üzrə müavinisiniz. Azərbaycanda ailə modeli indi necədir? Qənaətbəxşdirmi? İndiki ailə modelləri ilə razı ola bilərikmi yoxsa ailə institutları məhv olur?

- Siz hesab edirsiniz ki, mən məmur cavabı verəcəyəm. Amma əslində tədqiqatçı kimi cavab verməyə çalışıram. Çünki bu işlərin bir az sosiologiyası ilə də məşğul olan biriyəm. Bir şey də qeyd etməliyəm ki, mən loyal adamam, radikal mövqe tutmuram. Azərbaycanda konkretləşdirilmiş ailə modeli ümumiyyətlə ola bilməz. Çünki Azərbaycan bir az marginal dövlətdir və müxtəlif mədəniyyətlərin bir-birinə təsiri özünü göstərir. Ölkəmizin geopolitik mövqeyini də bilirsiniz.  Biz həm Şərqin, həm də Qərbin müxtəlif tendensiyalarına uyğunlaşmağa çalışırıq. Bu baxımdan da Azərbaycanda sırf Şərq və ya Qərb modeli yoxdur. Bütün bunların sintezi mövcuddur və bu, toylarda, yaslarda, övlad tərbiyəsində, ailə modelində- hər şeydə özünü göstərir. Bu gün Azərbaycanın konkret Qərb ailə modelinə üstünlük verdiyini deyə bilmərik. Eyni zamanda ənənədən gələn bəzi məsələlər var. Ailə modeli məsələsinə birtərəfli yanaşa bilmərik. Hamının ailə modeli “Şərq İslam” və ya “Qərb Avropa” tipli olsun deyə bilmərik. Seçim şüurlu olmalıdır. Ümumiyyətlə, bütün məsələlərdə vətəndaşın şüurlu seçimini etməsi bizim əsas istəyimizdir. Bu məsələlərdə elmi yanaşmaya ehtiyac var. Ailə modeli haqqında da çox danışmaq olar, mövzu çox böyükdür.

- İslam şəriətinə görə, müsəlmanlar ailə həyatı quranda onlara dini kəbin vacib buyurulur. Bu iman, əqidə məsələsidir. Amma hüquqi baxımdan bir üstünlüyü yoxdur. Bu kəbin bağlanmasa olmazmı yoxsa  mütləq olmalıdır?

- Özünü müsəlman hesab edirsənsə və həyat yoldaşın da müsəlman ailədəndirsə, şəriətə görə iki müsəlman evlənən zaman dini kəbin Allah nəzərində onların izdivacını halallaşdırır. İnsan nəzərində də halal olmaq üçün elə ailələr var ki, bunu mütləq sayırlar. Kəbin, əlbəttə ki, mütləqdir. Əslində dini kəbin müsəlmanlar arasında olmalıdır ki, zina ilə halallıq arasındakı səddi göstərsin.

- Deyək ki, nikaha girənlərin hər ikisi müsəlman ailəsindəndir və dini kəbinləri yoxdur. Yəni buna ehtiyac da duymurlar. Bu zaman onları zinada ittiham etmək bir az sərt olmurmu?

- Mən ittiham etmirəm. Onlarla yaxın tanışım sovet dönəmində evləndiyi üçün dini kəbinin vacibliyini bilmədiklərini deyib. Buna görə mənim yanıma gəliblər, hətta bəzilərinə şahidlik də etmişəm və yenidən kəbin kəsdirmişik. 25 və ya 30 ilin evlilərin kəbinini  kəsmişik. Onlar kəbinin vacibliyini bilmədikləri üçün bu, günah hesab edilmir. Çünki biz sovetin ateist rejimindən çıxmışıq. Amma bilərəkdən dini kəbin kəsməməyin bir balaca kəffarəsi var.

- Kəffarəsi nədir?

- Onu din xadimlərimiz deyərlər. Axundlardan soruşarsınız.

- Qəmər xanım, boşanmaların bir səbəbi kimi də erkən nikahlar göstərilir. Məsələn, 13 yaşlı qız 25 və ya 30 yaşlı birinə verilir. Bir müddət sonra ailə modeli dağılır və bu, boşanmaya gətirib çıxarır. Siz necə düşünürsünüz? Ümumiyyətlə erkən nikahların statistikası ilə bağlı nəsə desəydiniz, maraqlı olardı.

- Bir dəfə də demişəm, boşanmanın statistikası bütün dünyada yüksəkdir, o cümlədən Azərbaycanda da son illərdə bu hal çoxalıb. Bunu  statistiklər daha yaxşı deyərlər. Sözün düzü, bu barədə məlumatım dəqiq olmaya bilər. Amma statistikaya əsasən, boşanmalar Azərbaycanda artım səviyyəsindədir. Boşanmanın səbəbləri müxtəlifdir. Bunlar maddi problemlər, qarşılıqlı sevgi xəyanətləri, ailə keçimsizliyi ola bilər. İndi daha çox günahı kişilərin üzərinə yıxırlar. Hansılar ki, narkoman, alkoqolik, müxtəlif zərərli vərdişləri olmaqla günahlandırılır. Erkən nikah səbəbindən boşanma isə əksinə, məncə, ən az faiz təşkil edir. Əvvəla, erkən nikahlar tam dövlət qeydiyyatına düşmədiyi üçün dövlət səviyyəsində boşanmaya da gedib çıxa bilmirlər. Müəyyən müddətin keçməsini gözləmək lazımdır və bu müddətdə əksəriyyət barışmaq məcburiyyətində qalır. Bu evlilik ailələrarası saziş olduğu üçün məsələlər ailələr arasında da həll olunur. Bir-birilərini yola verməyi, bir şəkildə barışmağı düşünürlər. Yəni erkən nikahları boşanma səbəbi kimi göstərmək faktiki olaraq düzgün deyil. Bunu bir az başqa formada şərh etmək lazımdır.

- Uzun müddət övlad sahibi ola bilməyənlər artıq süni mayalanmaya müraciət edir. Onların başqa çarəsi yoxdursa, müasir dövrdə süni mayalanma niyə halal buyurulmasın?

- Bu çox böyük mövzudur, hətta bu haqda kitab hazırlayıram. İnşallah, o çıxanda sizi də təqdimata dəvət edərəm. Süni mayalanma haqqında fikirlər mübahisəli olduğu qədər müsəlman alimlərin də bu barədə mübahisəli düşüncələri, konkret müddəaları var.

Əl-Əzhər Universitetinin Fiqh Akademiyasının bununla bağlı konkret qərarları var. O qərarlara əsasən,  “Müsəlman dünyasında tibbi baxımdan süni mayalanma necə olmalıdır” müddəaları işlənib hazırlanıb. Onlar ümumən göstərirlər ki, hər bir ailənin övlad istəyi arzuolunandır və bunun üçün süni mayalanmaya müraciət etmələri normaldır. Burada bir məqam var. Üzr istəyirəm, amma mənə elə gəlir ki, bu tibbi ifadələr olduğu üçün heç bir problem olmaz. Orada qeyd edilib ki, mayalanma üçün alınan sperma ərdən olmalıdır. Çünki başqasının sperması zina elementi daşıyır. Yəni islam görüşləri baxımından mümkün qədər çalışmaq lazımdır ki, süni mayalanma ərin sperması ilə baş versin. Digər tərəfdən bir sıra ölkələr süni mayalanma üçün xüsusi tibbi bank yaradırlar və müxtəlif insanlar da burda donor kimi iştirak edirlər. Belə bir bankın Azərbaycanda yaradılmasına şübhə ilə yanaşıram. O şübhəm bu gün yox, sabah üçündür. Sabahkı genetik partlayış üçündür. Yəni bu, milli genefonda vurulan ən böyük zərbə ola bilər. Azərbaycan kiçik ölkə olduğuna görə həmin donorların uşaqları sabah bir-birilərinə bacı-qardaş da çıxa bilər. Bu zaman kimin kiminlə evlənməsi bəlli olmayacaq. Bilirsiniz, o qədər qorxunc suallar yaranır ki.. Bu, Azərbaycan genofondu üçün həqiqətən fəlakət ola bilər.  Kim kimin donoru oldu, kimdən alındı, kimin üçün saxlanıldı və.s kimi dəhşətli suallar ortaya çıxacaq. Kim zəmanət verə bilər ki, bunlar olmayacaq?. Eyni zamanda donorluq edənlərin sağlamlığına, prosesin məxfiliyinə, genetik qohumluq probleminə kim zəmanət verəcək?

- Erkən nikahlar bağlanır və din xadimləri də kəbin kəsir. Bir yandan da erkən nikahlara qarşı tədbirlərin aparılması dövlətin sosial siyasətindən biridir. Bəs Qafqaz Müsəlmanları İdarəsinin nəzarətində olan mollalara erkən nikah üçün dini kəbin kəsməyə icazə verilir?

- Bu, yanlış mülahizədir. Çünki Qafqaz Müsəlmanları İdarəsi bununla bağlı dəfələrlə fətva verib. Ən qəti fətvamız 2002-ci ildə verilib. Orada göstərilib ki, dövlət nikahı olmayan insanlar arasında dini kəbinin kəsilməsi yolverilməzdir. Erkən nikahlar üçün dini ayinləri icra edənlərin heç birinin bizim idarəyə aidiyyatı olmayıb. Yəni onların dini kəbin kəsmək səlahiyyəti yoxdur. Biz bu məsələni araşdırarkən  həmin adamların Qafqaz Müsəlmanları İdarəsindən səlahiyyət almayan şəxslər olduğunu aşkar etmişik. Hətta bəzilərinin heç dini təhsilləri yoxdur. Yəni bunlar  bir ara mollasıdır ki, faktiki olaraq kəbin kəsə bilməz. Bunun üçün imam, axund olmaq lazımdır. Bizim tabeçiliyimizdə olan din xadimlərinin erkən yaşlılara kəbin kəsməsi haqqında bizə məlumat daxil olmayıb.

- Qəmər xanım, Azərbaycanda Quran kitabının tərcüməsi ilə bağlı fikirlər haçalanıb. Son iki-üç ildə də müzakirələr o qədər intensivləşib ki, artıq insan kimin yanlış və ya düz olduğunu müəyyən edə bilmir. Quranın yenidən tərcüməsinə ehtiyac varmı?

- Quranın tərcüməsi məsələsi hər zaman açıq mövzudur. Əgər hər kimsə Quran tərcümə etmək qüdrətindədirsə, qapı açıqdır. Özünüz də bilirsiniz ki, Quran yarandığı gündən etibarən müxtəlif dillərə, müxtəlif variantlarda tərcümə edilib. Məsələn, mənim rusca şeir formasında olan  Quran tərcüməm də var, normal nəsrlə tərcümədə olan Quranım da. Eyni zamanda, Azərbaycanda hal-hazırda əlimizdə olan Quran təxminən 15 dəfə redaktədən keçəndən sonra nəşr olunmuş son variantıdır. Nəriman Qasımoğlu, Əlixan Musayev, Elmir Quliyev kimi müxtəlif şəxslərin tərcümələri var. Dediyim kimi, meydan Quranı tərcümə etmək qüdrətini özündə hiss edənindir.

- Söhbət oradakı bəzi sözlərin mənasından gedir. İddia olunur ki, bunlar düz tərcümə edilmir. Məsələn, qadınların döyülməsi ilə bağlı ayə. Söhbət Quranın texniki keyfiyyətdə yeni tərcümələrindən yox, mahiyyəti ilə bağlı tərcümələrdən gedir.

- Ona görə deyirəm ki, hər kim yeni tərcümə qüdrətindədirsə, o tərcümə etsin. Quranın tərcüməsi bir də onun təfsirini tələb edir. Yəni o mətnlərin təfsiri verilməlidir. Çox zaman təfsir düzgün verilmir və unudulur. Tərcümə sırf sətri  olmamalıdır. Çünki Quranın elə ayələri var ki, birinin hökmü o birinin hökmünü götürüb. Şərabla əlaqədər üç ayə nazil olub. Birində möminlərin içkili ikən namaza yaxınlaşmamalı olduğu deyilir. İkinci ayə nazil olur və birincinin hökmünü götürür. Üçüncü ayə bunların ikisinin də hökmünü götürür. Əgər o təfsir və tərcümədə bu məqamlar yazılmasa, şərhi verilməsə, əlbəttə ki, Quranı sıravi oxucu anlaya bilməz.

- Statistikaya əsasən, Azərbaycanda Qafqaz Müsəlmanları İdarəsinin nəzarətində olan nə qədər molla və axund var? Sayları bəllidirmi?

- Sayı mənə bəlli deyil. Dini qurumlarla iş üzrə Dövlət Komitəsində ölkədə mövcud olan və dövlət qeydiyyatında olan məscidlər, təyin olunan axundlar və imamlar haqqında məlumat var.

- Qəmər xanım, Həcc ziyarətinə nə zaman getmisiniz?

- Həcc ziyarətində 1999-cu ildə olmuşam. Daha sonra isə Ümrədə olmuşam.

Mən mistikəm, ilahinin çağırışını eşidirəm. Yəni mistik şeylərə daha çox inanıram. Hesab edirəm ki, Allah çağırmasa, qul gəlməz. Nəsə bir çağırış oldu ki, mən getdim.

- Bir çox teoloqlar qeyd edirlər ki, Həcc üçün insan inam, əqidə baxımından hazır olmalı və daha sonra ziyarətə getməlidir. Məsələn, biz gedə bilmərik, çünki özümüzü hazır hiss etmirik.

- Bir məqam gələcək ki, siz özünüzü hazır hiss edəcəksiniz. Hesab edirəm ki, özünü tam şəkildə hazır hiss etmək mümkün deyil. Çünki insan bütün günahlarını, xətalarını toparlayıb ora gedir ki, Allah onu əfv etsin. Deməli ora hazır, günahlardan təmizlənmiş getmirsən. O səni ora çağırır və sənə orada bağışlanma əta edir. Heç kim “Həccə getdimsə, daha məndən yoxdur” deməsin. Bu da yanlışdır. Həccə layiq olub-olmadığın sonra bəlli olur.

- Azərbaycanda olan hacılardan buna layiq olanlar daha çoxdur yoxsa olmayanlar?

- O, Allah nəzərində olan bir şeydir. Yalnız Allah kimin layiq və ya nalayiq olduğunu bilir. Mən deyə bilmərəm onu.

- Bir ara mətbuatda Qafqaz Müsəlmanlar İdarəsi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında rəqabət olduğu yazılırdı. Məsələn, halal standartlarının müəyyənləşdirilməsi məsələsi və ya digərlərində. Qeyd etdiyim məlumatlar haradan qaynaqlanır? Hər halda  nəsə olub ki, bu cür məlumatlar mətbuatda yayılıb.

- Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 2001-ci ildən fəaliyyət göstərir və o yarandığı dövrdən biz daima bir konsensus tapmağa səy göstərmişik. Sizə tam səmimiyyətlə deyə bilərəm ki, komitənin sədri Mübariz Qurbanlı ilə çox gözəl  münasibətlər sistemindəyik. Konstruktiv  əlaqələrimiz var və aramızda hər hansı ziddiyyətli fikirlər yoxdur. Tədbirlərdə bərabərik və bir-birimizlə yaxşı münasibətlər qurmuşuq.

 

- Siz həm də jurnalist işləmisiniz. Azərbaycan mətbuatında dinlə bağlı yazılar da yazılır. Harada təxribat olur, və ya harada təxribata meylli elementlər var, harada bilinmədən yazılır? Hər halda belə şeyləri təhlil etməmiş olmazsınız. Maraqlıdır, oxucular düzgünmü istiqamətləndirilir?

- Bu, mənim ən yaralı mövzumdur. Həmişə istəmişəm ki, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində dini elmləri ehtiva edən bir fənn tədris edilsin. Elə bundan dərs deyirdim, sonra xoşlarına gəlmədi.  Çünki bizim jurnalistikamız dini savadsızlığın fonunda bu mövzuya müraciət edərkən çoxlu səhvlər buraxır. Bu səhvlər hər şəkildə özünü biruzə verirdi. Deyilməməli şeylər deyilir, tarixi faktlar təhrif olunur. Yəni dini mövzuda yazan jurnalistlərimizin işində çox xətalar görülür. Əgər jurnalistika fakültəsində bununla bağlı hər hansı fənn tədris edilsəydi, bizim münasibətlərimiz tamam başqa cür qurula bilərdi. Bu, daha yaxşı olardı. Gələcəkdə ola bilsin ki, bir dini kanal açılsın. Orada jurnalistika kadrlarına ehtiyac olacaq. O kadrları harada axtarmalıylq?...

Biz oradan-burdan bu kadrları yığa bilərik, amma bu azlıq təşkil edəcək. Bu barədə ciddi düşünmək lazımdır. Amma dini jurnalistikamızın durumunun mənfi olduğunu demək də düzgün olmaz. Çünki 25 il ərzində mətbuat, dini jurnalistika yaranıb. Yəqin ki, görmüsünüz, jurnallar, qəzetlər var, bilavasitə dini mövzuda yazan saytlar var. Radio və televiziyalarda dini proqramlarımız olub. Bu böyük bir araşdırma mövzusudur.

- Dediniz ki, deyilməməli şeylər deyilir. Belə başa düşdük ki, deyilməməli dediyiniz şeylər faktdır, amma gizlədilməlidir.

- Deyilməməli olanlar bilməzlikdən, dini savadsızlıqdan irəli gələn şeylərdir. Bəzən tarixi faktlar təhrif olunur, məzhəb ayrı-seçkiliyinə yol verilir. Bəzən dinlərarası münasibətə kobud şəkildə toxunulur. Elə şeyləri demək lazım deyil.

- Siz də jurnalist işləmisiniz və bizdən yaxşı bilirsiniz ki, bir şey faktdırsa, jurnalistin işi onu göstərməkdir. Bundan kimin necə nəticə çıxaracağına görə, jurnalisti günahlandırmaq ədalətlidirmi?

- Mən fakt materialı mövzusunu çox yaxşı bilirəm. Hər fakt ortalığa çıxarılmaq üçün deyil. Bu mənim sizə məsləhətimdir.
İnsanlara təfəkkür nə üçün verilib? Bir kitabda yazılanlar başqa kitabda başqa cür yazılıb. Müqayisə, analiz edin, zamana, məkana, məqama baxın. Təhlildən sonra qərar verin ki, hansının arasında körpü yarada bilərsiniz, hansının arasında hasar çəkə bilərsiniz. Faktla işləyərkən bir sıra məqamları nəzərdə saxlamaq lazımdır. Bu da jurnalistikanın bir siyasətini təşkil edir.

- Qafqaz Müsəlmanları İdarəsi vaxtilə molla, axundların vahid formaya keçməsini təşkil etdi. Məsələ nə yerdə qaldı?

- Məsələ tam normal gedir. Dini kadrların təkmilləşdirilməsi kursları yaratdıq. İndi yay olduğu üçün tətil dönəmidir, müəllimlər yoxdur. Həmin təkmilləşdirmə kurslarını bitirənlərə formalar tikilib verilir. Bu sahədə heç bir problemimiz yoxdur. Amma vahid geyim forması bütün respublika üzrə məcburiyyət deyil. Bizim tabeliyimizdə olan məscidlərdəki axundlar, mollalar, imamlar, naiblər həmin təkmilləşdirmə kursunu bitirdikdən formalar hədiyyə olunur.

- Qafqaz Müsəlmanları İdarəsinə çox ittihamlar irəli sürülür. Əsas da hər Ramazan ayında Qafqaz Müsəlmanlar İdarəsi ilə Rəsadxana arasındakı məsələ müzakirə obyekti olur. Həmişə də nə hikmətdirsə, biz İran vaxtı ilə üst-üstə düşürük. Niyə hər il orucluq zamanı fikirlər haçalanır?

- Bu ittihamlarda nəyin doğru və ya yanlış olduğuna qərar vermək bir az çətindir. Çünki biz Rəsədxananın rəyinə əsaslanırıq. Belə çıxır ki, Rəsədxanı belə bir situasiyaya cəlb etməkdə hansısa marağı var. Mən buna inanmıram. Həmin məqamda cəmiyyətimizin belə mövqe tutması maraqlıdır. Bizim insanlar Madaqaskarda ramazanda olsalar, görəsən kimin fətvasına uyarlar? Azərbaycan Qafqaz Müsəlmanları İdarəsinə yoxsa Madaqaskarın dini idarəsinə?... Təbii ki, Madaqaskarın fətvası nədirsə, ona uyacaqlar, çünki orada ona uymaq məcburiyyətindədirlər. Bu, fətvadırsa, ay müsəlman aləmi, niyə bizim fətvamıza uymursunuz?. Yəni biz birlik nümayiş etdirməyi cəmiyyətdən xahiş edirik. Bu həm Rəsədxananın elmi rəyidir, həm də din xadimlərinin vahid mövqeyidir.  Mən ancaq Qafqaz Müsəlmanları İdarəsinin fətvasına uyuram. Çünki burada yaşayıram və ramazan orucunu burada tuturam.

- Qafqaz Müsəlmanları İdarəsinin siyasi bir quruma çevrildiyini düşünənlər az deyil. Yəni dövlətin apardığı siyasi xətti dəstəkləyir və siyasətdən ayrı deyil. Bu, beləmi olmalıdır? Nəzərə alın ki, həmişə, dinin siyasətdən ayrı olduğunu vurğulayırıq.

- Qafqaz Müsəlmanları İdarəsi bir neçə ildən sonra özünün 200 illiyini qeyd edəcək. Bu idarə çar Rusiyası imperiyasının dönəmində fəaliyyətə başlayıb, sovet imperiyası dönəmində fəaliyyətini davam etdirib və müstəqillik dönəmində də özünü yeni şəkildə biruzə verib. SSRİ məkanında cəmi dörd müsəlman idarəsi olub. Onlardan üçü demək olar ki, iflasa uğrayıb. Bir tək Zaqafqaziya Ruhani İdarəsi, yəni indiki Qafqaz Müsəlmanlar İdarəsi nəinki özünü yenidən qurub, eyni zamanda çox inkişaf edib, beynəlxalq əlaqələrini artırıb, müxtəlif yerlərdə öz nümayəndəliklərini açıb. İctimai struktur baxımından gücünü siyasi qüvvəyə də çevirə bilib. Çünki Qafqaz Müsəlmanları İdarəsinin əsas məqsədi dövlətçiliyə xidmət etmək olub. Dövlətçilik bizim üçün prioritet məsələdir. Heç kim düşünməsin ki, Qafqaz Müsəlmanları İdarəsinin hansısa siyasi ambisiyası var. Bu ambisiya deyil, həqiqətən də xidmətdir.

- Qəmər xanım, vaxtilə Dini Komitə yaxşı bir təşəbbüslə çıxış etdi, amma özü bu vəzifənin öhdəsindən gələ bilmədi. Bu həm də cəmiyyətin düşüncəsindən irəli gəlirdi. Söhbət yas məclislərinin tənzimlənməsindən gedir. Bu ərəfədə isə Təzəpir məscidində menyu ilə yas məclisləri keçirilirdi. Ortaq bir qərara gəlmək mümkün deyildimi?

 

- Biz elə ortaq qərar vermişdik. Hətta mərasim zallarında, başqa yerlərdə də xüsusi reklam tipli tablo da asmışdıq. Burada göstərilirdi ki, dəbdəbəli yas məclislərinin keçirilməsi heç də vacib deyil, kim istəsə yasda bir stəkan çay da verə bilər. Yəni bunlar hamısı maddə-maddə yazılıb vurulmuşdu. Heç kimi heç nəyə məcbur etmirlər. Bu nə Qafqaz Müsəlmanları İdarəsinin, nə də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin problemidir. Bu, ictimai şüur problemidir. Bizim insanlar bu qaydanı qəbul etmədilər və dəfələrlə yas məclislərinə görə mənim yanımda dava edən adamlar olub.

“Mən filankəsin yasına gedib filan qədər pul vermişəm, gətirsin, mənim qardaşım öləndə pulumu versin” deyənlər də var idi. Bir sıra adamlar deyirdi: “Mənim qohumlarım rayondan gəlir, onları acmı yola salacağam?”.

Yəni cəmiyyətimiz belə islahatlara hazır deyildi. Yenə də biz həmin qəbul etdiyimiz qərarın tərəfdarıyıq və arxasındayıq. Bu mövqeyimizlə əlaqədar din xadimləri ilə dəfələrlə görüşlər keçirib rayonlara da getmişik. Tövsiyəmiz odur ki,  məclis qaydasını məclis sahibi özü qoysun, din xadimi yalnız şəri xidmətini icra etsin.

- Səhv etmirəmsə, 2013 ya da 2014-cü ildə şeyx haqqında çox kəskin kompromatlar yayılırdı. Təbii, burda hansısa məqsədlər var idi. Bunlar hardan qaynaqlanırdı?

- Böyük adamın düşmənləri də çox olar. Digər tərəfdən şeyximiz elə bir şəxsiyyətdir ki, onun nüfuzu bəzi daxili və xarici qüvvələrdə qıcıq yaradır. Amma biz belə şeylərə fikir vermirik. Çünki bizim üçün önəmli olan şeyximizin gördüyü böyük işlərdir. Eyni zamanda ən yüksək qiyməti hesab edirəm ki, hər zaman dövlət rəhbəri verir. Əgər siz son iftar məclisində prezidentimizin şeyx haqqında dediklərini izləsəniz, o zaman başqalarının fikrinin önəmli olmadığını başa düşərsiniz.

- Qəmər xanım, “Hacı pivəsi” çox müzakirə olunur. Əslində heç yerdə belə brend yoxdur. Bu ad altında pivənin satılmasına necə baxırsınız?

- Mən bəzən satışda sıfır faiz, alkoqolsuz içkiləri görürəm. Nəyin nə olduğunu bilmirəm. Bu, mənlik deyil. Amma kim içir-içmir bu, onun öz babalıdır.

- Bayaq da Quran tərcüməsi, təfsirlərlə bağlı müəyyən fikirlərinizi bildirdiniz. Müsəlman aləmində Quran ayələri, hədisləri ilə bağlı kəskin polemikalar gedir. Hətta qarşılıqlı təhqir səviyyəsinə qədər gəlib çıxır. Bu həqiqət nə zaman ortaya çıxacaq?

- Hansı həqiqəti istəyirsiniz?

- Məsələn, ilahiyyatçılar Quran həqiqətlərinin ortaya çıxması haqqında çox deyir. Bununla əlaqədar hərə bir ayəni fərqli izah edir. Əsl Quran, əsl İslam nə zaman üzə çıxacaq?

- Əsl Quran da ortadadır, əsl İslam da (Stolunun üstündəki Quranı göstərir).

- Mən praktiki deyirəm, nəzəri demirəm. Yəni, hamı bilir ki, Quran bir dənədir, amma praktiki olaraq hərə bir fikrin dalınca gedir.

- Mövqelərin fərqli olması elə inkişafa xidmət edir. İnsan bir ayağı üstündə uzağı hoppana-hoppana gedər. İki ayağın hərəsi bir addım qoymalıdır ki, bədən irəli getsin. Həqiqət anlayışında məzhəblərin hansınınsa düzgün, hansının yalan olmağını düşünürsünüzsə, bu yanlış bir fikirdir. Bütün dinlərdə məzhəbçilik var. Məzhəblər də İslama xidmət edir. Müxtəlif fikirlər, şərhlər dinizimizin müxtəlif baxışlardan işıqlandırılmasına kömək edir. Seçim hər insanın özünə aiddir. Təki dini düşüncədə radikallıq, təkfirçilik olmasın. Həqiqətimiz də var, İslamımız da var, Quranımız da. Və hər kəsin həqiqəti öz qəlbindədir.

- Son günlərdə elə Türkiyədə də təkamül təlimi ilə bağlı məsələlər orta məktəb dərsliklərindən çıxarıldı. Amma Azərbaycanda hələ də tədris edilir. Bunlar dərslikdə qalmalıdırmı?

- Fikrimcə, bunu dərslikdən çıxarmaqla beyinlərdən çıxarmaq hələ ki, mümkün olmayacaq. Təkamül məsələsində də bir məqam var. Bu bir elmi tendensiya olub və zamanında Darvin tərəfindən yaranıb. Onu tənqid etmək istəyirsinizsə, edin. Biz də bir müddət sonra vaxtilə inandığımız  marksizm-leninizmi tənqid etmişik. Amma tarixi təhrif etmək və ya tamamən silmək mümkün deyil.  Nəticə etibarilə bir şey ki tarixdə olub, deməli tarixdə də qalacaq.

- Abortlara münasibətiniz necədir?

- Müsəlman alimlərinə görə, aborta yalnız bəlli şərtlər daxilində caizdir – məsələn, ananın həyatı üçün təhlükə təşkil edərsə abort etməyə izin verilir. Qalan başqa səbəblər – cinsiyyət seçimi, maddi problemlər və s. abortu həm dini, həm də mənəvi baxımdan insan ölümünə səbəb olam cinayət kimi dəyərləndirir. Mən abortun deyil, kontrasepsiyanın tərəfdarıyam və  bu məsələdə qadınlara dövlət tərəfindən yardım edilməsini, ciddi maarifləndirmə işi aparılmasını dəstəkləyirəm.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Erməni hərbçi heç bir səbəb olmadan mövqeyimizə atəş açır